Torpaqların qanunsuz zəbt edilməsinə və tikinti işlərinin aparılmasına şərait yaratmaqda ittiham olunan Arzu Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Leyla Əsgərova – Məmmədovanın icraatındadır. Məhkəmənin hazırlıq iclası dekabrın 16-a təyin edilib.
Qeyd edək ki, 2019-2020-ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Arzu Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin qurumun balansında olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq çoxsaylı şəxslər tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.