AZ

Maksim Reşetnikov: "COP29-un nəticələri Azərbaycanın diplomatik qələbəsidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qəbul edilən yekun sənəd Azərbaycanın diplomatik qələbəsidir".
Oxu.Az-ın verdiyi məlumata görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov "İnterfaks"a müsahibəsində noyabrın sonunda Bakıda keçirilən sözügedən tədbirə münasibət bildirərkən deyib.
O, COP29-un Rusiya üçün əsas nəticələri barədə danışıb.
"COP29-a geniş gündəliklə getdik. Ənənəvi olaraq ədalətli enerji keçidinin, yəni iqtisadi artıma və iş yerlərinə zərər vermədən sıfır emissiyaya nail olmağın və qlobal iqlim problemlərinin həllində beynəlxalq əməkdaşlığın rolunun vacibliyini təşviq edirik. Konfrans ilk növbədə iqlim maliyyələşdirilməsi məsələsinə həsr olunub. İnkişaf etməkdə olan ölkələrə dəstək üzrə yeni hədəf müzakirə olunub.
Əvvəlki hədəf çərçivəsində inkişaf etmiş ölkələr 2020-2025-ci illərdə inkişaf etməkdə olan ölkələrə hər il 100 milyard dollar verməli idilər. Lakin vəd edilmiş pullar onlar tərəfindən ödənilməyib. Bu da inkişaf etməkdə olan ölkələrin iqlim istiqamətində iddialı hədəflərinin yerinə yetirilməsini təhlükə altına qoyur.
Bu konfransda ölkəmizin qlobal olaraq iki vəzifəsi var idi. Birincisi, könüllü donor statusunu qorumaq. Bu o deməkdir ki, Rusiya inkişaf etməkdə olan ölkələrə maliyyələşdirməni məcburi deyil, könüllü əsasda təmin edir. İnkişaf etmiş ölkələr, ABŞ və Avropa İttifaqı iqlim maliyyələşdirilməsi üzrə öz məsuliyyətlərini böyük inkişaf etməkdə olan iqtisadiyyatlarla bölüşmək istəyirdilər. Tarixən ən böyük emissiya emitentləri olan Avropa və ABŞ bu yolla məsuliyyəti hazırda aktiv iqtisadi inkişaf mərhələsində olan ölkələrin hesabına yayındırmağa çalışırlar. Konfransda Rusiya inkişaf etməkdə olan ölkələrlə birlikdə mövcud qaydanın saxlanılması uğrunda çıxış edib: inkişaf etmiş ölkələr tərəfindən məcburi maliyyələşdirmə və digər oyunçular tərəfindən könüllü maliyyələşdirmə. Konfransın nəticələrinə görə bu yanaşmanı qorumaq mümkün olub", - deyə nazir qeyd edib.
O, bildirib ki, inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşdirilməsi üzrə yeni hədəf razılaşdırılıb. Nazirin sözlərinə görə, bu, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətinə ildə ən azı 300 milyard dollar təmin etməli olmaları ilə bağlı öhdəliklərinə əsaslanır.
"Əlbəttə ki, müzakirələr gərgin olub. Hindistan, Kuba, Boliviya, Afrika ölkələri də daxil olmaqla inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələrdən yardımın həcmindən və onun mənbələrinin geniş spektrindən narazıdırlar. İkincisi, maliyyələşdirmə qərarını daxili maliyyə axınları ilə əlaqələndirmək cəhdləri olub.
Fikir ayrılıqlarına baxmayaraq, konfransın bütün iştirakçı ölkələri yekun sənədi razılaşdırdılar. Burada Azərbaycan sədrliyin əsas rolunu və onların komandasının danışıqlardakı ustalığını xüsusi qeyd etmək istərdim. Bu, şübhəsiz ki, onların diplomatik qələbəsidir.
Bakı konfransının daha bir danışıqlar qələbəsi və müsbət nəticəsi odur ki, iştirakçılar karbon vahidlərinin beynəlxalq satışı qaydalarını təsbit ediblər. Bizim üçün əldə edilmiş razılaşmalarda ölkələrin yaradılan karbon bazarları infrastrukturuna bərabərhüquqlu çıxış prinsipi təsbit edilməsi vacibdir. Rusiya layihələri və karbon vahidləri siyasi motivli məhdudiyyətlərlə üzləşməməlidir", - deyə nazir vurğulayıb.
O bildirib ki, Rusiya artıq bir sıra ölkələrlə aşağıkarbonlu layihələrin birgə həyata keçirilməsi üzrə iş aparır.
Seçilən
45
50
oxu.az

10Mənbələr