17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının növbəti rəqibləri bəlli olub.
İdman.biz xəbər verir ki, yığmalarımız 2025-ci ildə keçirəcəyi 8 matçdakı rəqiblərdən yeddisi ilə əvvəllər də üz-üzə gəlib.
U-17 yığmamız 2024/25 mövsümünün ikinci mərhələsində B liqasının 6-ci qrupunda Albaniya və Uelslə qarşılaşacaq. 17 yaşadək futbolçularımız tarixi ərzində bu komandalarla ümumilikdə 3 dəfə görüşüblər. Albaniya ilə matçlarda 1 qələbə və 1 məğlubiyyət qeydə alınıbsa, Uels millimizə qarşı amansız olub.
Albaniya – 2 oyun
26.09.2001. Albaniya – 3:2
29.10.2018. Albaniya – 0:1
Uels – 1 oyun
08.11.2003. Uels – 0:4
Hazırkı U-16 gələn mövsüm U-17-lərin yarışına qatılacaq. Millimiz 9-cu qrupda Fransa, İsrail və Rumıniya ilə görüşəcək. U-17 Fransa və İsraillə ikinci, Rumıniya ilə 5-ci dəfə qarşılaşacaq. Sonuncularla elə ötən ay üz-üzə gələn millimiz bir xal qoparmışdı. Ümumiyyətlə bu üç rəqiblə əvvəlki 6 görüşdə 2 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət var. Qalibiyyətlərdən biri 19 il əvvəl Fransa üzərində qazanılıb.
Fransa – 1 oyun
17.03.2005. Fransa – 2:0
İsrail – 1 oyun
24.10.2005. İsrail – 1:5
Rumıniya – 4 oyun
20.10.1995. Rumıniya – 0:1
08.03.1997. Rumıniya – 1:3
30.10.2016. Rumıniya – 1:0
19.11.2024. Rumıniya – 1:1
U-19 2025/26 mövsümündə 13-cü qrupda başlayacaq. Yığmamız Çexiya, Şimali İrlandiya və Malta ilə üz-üzə gələcək. Komandamız yalnız sonuncularla görüşməyib.
Çexiya – 1 oyun
12.10.2019. Çexiya – 0:4
Şimali İrlandiya – 1 oyun
22.08.1998. Şimali İrlandiya – 0:3
Malta – indiyədək qarşılaşmayıblar
Ümumilikdə isə yığmalarımız növbəti rəqibləri ilə 11 dəfə qarşılaşıb. 3 qələbə və 1 heç-heçəsi olan komandalarımız 7 dəfə uduzublar. Vurulan 9 qolun əvəzində 24 top buraxılıb.
Qeyd edək ki, U-17 2025-ci ilin yazında ikinci mərhələ matçlarına çıxacaq. Yeni mövsümün oyunları isə ilin ikinci yarısında təşkil olunacaq.
Vüqar Xeyrullayev
İdman.biz