AZ

Yeni dələduzluq növü yaranıb - Pulunuz və şəxsi həyatınız təhlükədədir

“Son dövlər çox riskli və təhlükəli dələduzluq növü yayılıb. “İnstagram”, “Facebook”, “Telegram” və s. kimi müxtəlif kanallar vasitəsilə bizə tanımadığımız adamlardan mesajlar gəlir. Məsələn, “Bu sənin şəklindir, gir bax şəkilə gör nə qəşəng düşmüsən” və ya “Endirim qazanmısan, linkə keçid et” kimi mətnlər göndərirlər”. Bəzən bəylərə xanım profillərindən yazaraq tanış olmaq təklif edirlər. Amma onların göndərdiyi fayllar şəkil, endirim kodları deyil, viruslu proqramdır”.

Bu fikirləri bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov Valyuta.az-a bildirib. 

Ekspert qeyd edib ki, onların göndərdiyi bu tipli faylların adı çox vaxt fərqli olur: “Məsələn, şəkil, foto, image, kupon və s. kimi müxtəlif adlar ola bilər. Amma adın sonunda “.apk” yazılır. Bu, android telefonlar üçün nəzərdə tutulan proqramdır. Biz bu proqramı telefonumuza yükləyirik, telefonumuzun yaddaşında qalır. Çox vaxt virusu yoluxdurmaq üçün kifayət etmir. Amma ehtimaldır ki, bu da kifayət edə bilər. Adətən, onların göndərdiyi şəkli açmaq istəyən zaman telefon müxtəlif icazələr istəyir. Kameraya, qalareya, barmaq izinə, mikrofona və s. icazələr istəyir. Təəssüf ki, bir çox vətəndaş bu proqramı açan zaman məlumatları oxumur və bütün icazələri verir. Və bu viruslu tətbiq bütün telefona giriş üçün icazə verir”.

Mütəxəssis deyir ki, bu o dərəcədə təhlükəli dələduzluq növüdür ki, burada söhbət hansısa bank kartımızdakı vəsaitlərdən, hansısa bankdakı depozitlərimizdən və s. getmir. Şəxsi həyatımız təhlükə altına düşür: “Fayllarımız, şəkillərimiz, mesajlarımız, kontaktlarımız belə təhlükə altına düşür ki, bu da bizim gələcəkdə şantaj olunmamıza, pul qarşılığında şəkillərimizin paylaşılmamasına qədər gətirib çıxara bilər. Ən yaxşı halda, bu virus yoluxan zaman telefonumuz izlənməyə götürülür və ekranda nə ediriksə, qarşı tərəf bunu görür. Şəkillərə girəndə, nömrə yığanda, kart hesabı açan zaman kartın nömrəsini, mobil tətbiqlərə girən zaman giriş parollarını və s. nə icra ediriksə, bunu ekran qeydi kimi özlərinə götürürlər. 

Ən pis halda isə ümumi telefonun idarəsini belə öz üzərinə götürür. Məsələn, biz telefonu bloka qoyub kənara qoyan zaman, o arxa fonda istədiyi tətbiqlərə girib, bütün məlumatlara götürə bilər. Gələn məxfi kodları belə götürə bilər. Hətta bütün işi bitirdikdən sonra telefonu format edə bilirlər”. 
“Bu dələduzluq növünün qurbanı olub 500-1 000 manat pul itirənlər var. Onlar banklara, polisə müraciət edib. Bu məsələ artıq aşkarlanıb. Banklar bu dələduzluq növünə qarşı mübarizə aparmaq üsullarını axtarırlar. Təəssüf ki, bunun həll yolu demək olar ki, yoxdur, çünki bu, vətəndaşın öz mobil tətbiqinin içərisində özü edirmiş kimi görünür. Sistem bunun dələduzluq olduğunu yoxsa, telefon sahibinin olduğunu anlaya bilmir” - deyə, E.Mahmudov əlavə edib.

Əvəz Həsənov

Seçilən
44
1
valyuta.az

2Mənbələr