Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında deyib ki, şəhərin mərkəzində endemik və unikal ağacların olduğu Nəbatət bağı həm də şəhərə turistik nöqteyi-nəzərdən də bir gözəllik qatır:
“Əhalinin istirahəti üçün Nəbatət bağı gözəl bir məkandır. Buranın insanların istifadəsinə verilməsi sevindirici haldır. Giriş qiyməti, əslində, elə də çox deyil. Çünki bağın baxım xərcləri, işçilərlə bağlı xərclər var. Əldə olunan vəsait də bu işlərə yönəldilir. Bağdakı ağaclar, bitkilər mütəmadi olaraq qulluq tələb edir.
Giriş qiymətinin artması müvafiq qurumlara bağlıdır. Muzeylərə, mədəniyyət mərkəzlərinə giriş qiymətlərində artım olmuşdu. Nəbatə bağına giriş qiyməti də məqsədəuyğun hesab olunarsa, gələcəkdə artırıla bilər. Amma mən düşünürəm ki, yerli əhali, xüsusən də məktəblilər və tələbələr üçün qiymət artımı etməyə ehtiyac yoxdur. Çünki bura istirahət yeridir, əsasən. Yaşıllıqların əhatəsində, ağacların kölgəsində insanlar əyləşir, təmiz hava qəbul edir, təbiətdən zövq alırlar. Yaşlılar və azyaşlılar üçün Nəbatət bağı xüsusilə əvəzolunmaz məkandır. Çünki bu yaş kateqoriyalarındakı insanlar üçün təmiz hava, günəş işığı sağlamlıq baxımından çox vacibdir”.
Törə Zeynallı
Demokrat.az