AZ

Avropa Şurası növbəti dəfə Azərbaycanı AİHM-nin qərarlarını icra etməyə çağırıb

Avropa Şurasının Nazirlər Komitəsi 3-5 dekabr tarixlərində Strasburqda keçirilən iclasında Avropa Şurası üzvlərinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını yerinə yetirməsi ilə bağlı müzakirələr aparıb. Müzakirələrin nəticələrinə görə 19 dövlət barəsində 42 qərar qəbul edib, xəbəri Avropa Şurasının mətbuat xidməti yayıb.

Bir neçə qərar Azərbaycanla bağlı olub.

Xüsusən, AİHM-nin Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, Xədicə İsmayılova (2), Arif və Leyla Yunusun şikayətləri ilə bağlı 5 qərarını ehtiva edən "Anar Məmmədlinin qrupu"nun işindən söhbət gedir.

AİHM ərizəçilərin siyasi və ictimai fəaliyyətlərinə, hökuməti tənqid etdiklərinə görə azadlıqdan məhrum edilməsini qanunsuz hesab edib (Konvensiyanın 18-ci maddəsinin pozuntusu).

Nazirlər Komitəsi növbəti dəfə qeyd edib ki, Azərbaycan hakimiyyəti bu qərarları tam icra etməyib, qeyd edilən şəxslər barəsində hökmlərin ləğvini təmin etməyib və onların məhkumluğunu ləğv etməyib.

Nazirlər Komitəsi növbəti iclasda bu məsələyə qayıdacaq.

Eyni zamanda, "Nemət Əliyevin qrupu"nun işi ilə bağlı qərar qəbul edilib. Burada söhbət 2005 və 2010-cu il parlament seçkiləri kontekstində hüquq pozuntularından gedir.

1992-ci ildə Gülüstan kəndindəki əmlakını qoyub getmək məcburiyyətində qalan Goranboy rayonundan olan qaçqın ilə bağlı "Sarqsyan Azərbaycana qarşı" qərarı da icra olunmayıb.

Eyni zamanda, Nazirlər Komitəsi Ermənistanın da Laçın rayonundan altı keçmiş məcburi köçkünün şikayəti ilə bağlı "Çıraqov qrupu Azərbaycana qarşı" işi üzrə qərarları icra etmədiyini qeyd edib.

Daha bir qərar "Makuçyan və Minasyan Azərbaycana qarşı" işi ilə bağlı olub (2004-cü ildə Budapeştdə NATO-nun tədbiri zamanı erməni zabitlərin qətli və onlara qarşı sui-qəsd).

Avropa Şurasının Nazirlər Komitəsi hökumətlərə AİHM-nin qərarlarının icrası üçün tədbirlər görməyi və bu barədə məlumat verməyi tapşırıb.

Seçilən
57
turan.az

1Mənbələr