“Çelsi”nin keçmiş hücumçusu Didye Droqba “Real”da zəif çıxış edən fransalı futbolçu Kilian Mbappenin ünvanına tənqidlər haqda söhbət açıb.
Arena.az ivuarlı futbolçunun bu barədə fikrini təqdim edir:
“Ona qarşı bu tənqid dalğasını görməklə azacıq məyusam. O, bu gün azacıq izlənmə altındadır. Bu, idmanımızın qanunudur. Bu, çox naşükür idman növüdür. O, hələ də Fransa üçün çox işlər görmüş bir insandır”, deyə Droqba vurğulayıb.
Fransa yığmasının keçmiş dayaq yarımmüdafiəçisi Emmanuel Peti də Mbappe haqda danışıb. Onun bu barədə fikrinə diqqət yetirək:
“Düşünürəm ki, Kilian Mbappe “Real”da çox tənhadır. Mən Cud Bellingemin ona necə məhəl qoymadığını görmüşəm. Mbappenin klubda heç bir dəstəkçisi və ya dostu olmadığı təsiri var”, deyə Peti qeyd edib.
Qeyd edək ki, Peti Mbappenin “Real”da kifayət qədər dəstək almadığını vurğulasa da, İspaniya mətbuatı bunun əksini yazır. Bəzi mənbələrin yaydığı məlumata görə, fransalı ulduz hücumçu bu mövsüm zəif çıxış etməsinə rəğmən, “qaymaqlılar”ın oyunçularının tam dəstəyini alır. “Real”ın paltardəyişmə otağı mətbuatla bağlı çətinliklərə və tənqidlərə rəğmən, Mbappenin dünyanın ən yaxşı futbolçularından biri olduğuna əmindir. O cümlədən kollektivin dəsətəyinə “Real”ın məşqçilər qərargahının və klub rəhbərliyinin də qoşulduğu vurğulanır.
“Real” keçmiş yarımmüdafiəçisi və kapitanı Quti isə Kilian Mbappenin penaltidən iki zərbəni niyə qola çevirə bilməməsi ilə bağlı fikrini paylaşıb. İspan keçmiş futbolçunun bu barədə fikrini təqdim edirik:
“Düşünürəm ki, o, ayağını çox açıb, hara vuracağını çox açıq şəkildə göstərir”, deyə Quti qənaətini açıqlayıb.