Klublararası dünya çempionatı 2025-ci ildə yeni formatda təşkil ediləcək.
2 gün əvvəl ABŞ-ın Mayami şəhərində turnirin püşkatma mərasimi olub.
Tarixdə ilk dəfə 32 klubun iştirakı ilə keçiriləcək çempionatda iştirakçılar hərəsində 4 komanda olmaqla, ümumilikdə 8 qrupa bölünüblər.
A qrupu: "Palmeyras" (Braziliya), "Portu" (Portuqaliya), "Əl-Əhli" (Misir), "İnter Mayami" (ABŞ)
B qrupu: PSJ (Fransa), "Atletiko" (İspaniya), "Botafoqo" (Braziliya), "Sietl Saunders" (ABŞ)
C qrupu: "Bavariya" (Almaniya), "Benfika" (Portuqaliya), "Boka Xuniors" (Argentina), "Oklend Siti" (Yeni Zelandiya)
D qrupu: "Flamenqo" (Braziliya), "Çelsi" (İngiltərə), "Leon" (Meksika), "Esperans" (Tunis)
E qrupu: "River Pleyt" (Argentina), "Monterrey" (Meksika), "İnter" (İtaliya), "Urava Red Daymonds" (Yaponiya)
F qrupu: "Fluminense" (Braziliya), "Borussiya Dortmund" (Almaniya), "Ulsan" (Cənubi Koreya), "Mamelodi Sandaunz" (CAR)
G qrupu: "Mançester Siti" (İngiltərə), "Yuventus" (İtaliya), "Vidad" (Mərakeş), "Əl-Əyn" (BƏƏ)
H qrupu: "Real Madrid" (İspaniya), "Zaltsburq" (Avstriya), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı), "Paçuka" (Meksika)
QOL.az “Azərtac”a istinadən xəbər verir ki, Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov turnirlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, maliyyənin kifayət qədər çox olması turnirin cəlbediciliyini daha da artırır: “Bildiyiniz kimi, bu turnir FIFA-nın təşəbbüsüdür. Burada əsas məsələ hər yerdə olduğu kimi maliyyə üzərində cəmləşir. İki baş sponsorun ardınca ötən gün yayım hüququ da satıldı. Fransanın DAZN şirkəti klublararası dünya çempionatının rəsmi yayımçısı oldu”.
“Qarabağ”ın İdarə Heyətinin də üzvü olan A.Əsgərov sıx qrafikdən şikayətlənən futbolçular üçün vəziyyətin ürəkaçan olmadığını diqqətə çatdırıb: “Futbolçular nöqteyi-nəzərindən istirahət üçün vaxtın azlığı onların narazılığına səbəb olur. Normalda həmin komandaların əksəriyyətinin istirahət dövrü yarışın keçiriləcəyi tarixə təsadüf edir. Amma maliyyə baxımından əlavə gəlir əldə etmə şansı qazanırlar ki, bu da oyunların sayının artırılması ilə bağlı yaranan narazılıqların aradan qalxmasına təsir göstərir”.
ECA rəsmisi bir neçə gün öncə Avropanı təmsil edən klubların rəhbərləri ilə bu turnirin təşkilində onları narahat edən məsələlərin müzakirə olunduğunu söyləyib: “Əsas məsələ təbii ki, maliyyə ilə bağlı idi. Klub rəhbərləri əldə olunacaq gəlirin onları cəlb edəcək səviyyəyə qalxıb-qalxmayacağı barədə müzakirələr aparırdılar. Onlar düşünürlər ki, qazanc yüksək olacağı təqdirdə turnir daha dayanıqlı olacaq”.
Qeyd edək ki, klublararası dünya çempionatı gələn il iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Turnirin son qalibi ötən il finalda Braziliya təmsilçisi “Fluminense”yə 4:0 hesabı ilə qalib gələn İngiltərənin “Mançester Siti” komandasıdır.