Qlobal iqlim dəyişikliləri ilə mübarizədə planetimiz üçün irəliyə doğru ilk addım məhz Bakıda – COP29 konfransında atıldı, tərəflərin razılaşması ilə dünya ölkələrinin karbon krediti bazarı üçün BMT-nin yeni qaydaları qəbul edildi. Bu, ölkələrin iqlimlə bağlı öhdəlikləri yerinə yetirmələrində önəmli vasitəyə çevrildi.
İqlim sahəsinin tanınmış ekspertləri hesab edirlər ki, bu, daha köklü, mübadilə etmək niyyətində olan BMT tərəfindən dəstəklənən standartlarla keyfiyyətli karbon kreditləri mübadiləsi sahəsində karbon bazarına yeni yol açacaq. Eyni zamanda, COP29 çərçivəsində əldə edilimiş ilk razılaşma iqlim dəyişikliyi sahəsində davamlı fəaliyyətə böyük töhfələr verəcək.
Yeri gəlmişkən, COP29-un bağlanış plenar iclasında karbon krediti qaydaları ilə bağlı geniş müzakirə aparılaraq Paris Sazişinin 6-cı maddəsi tam təsdiq edildi. Bu, yüksək inteqrasiya olunan karbon bazarları üzrə danışıqların 10 ildən sonra uğurla başa çatması demək idi. COP29 Sədrliyinin əsas prioritetlərindən biri Paris Sazişi Tərəflərin intensiv ikitərəfli texniki və siyasi danışıqları vasitəsilə, nəhayət, tam təsdiqini tapdı. Bununla da illərlə davam edən adıçəkilən strateji sənədin reallaşdırılmasına yol açıldı.
İqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, Paris Sazişinin 6-cı maddəsində iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının gerçəkləşdirilməsi nəzərdə tutulur. Bu transsərhəd əməkdaşlıq sayəsində ölkələrin milli iqlim planlarının həyata keçirilməsi nəticəsində xərclərin ildə 250 milyard dollara qədər azalcağı gözlənilir.
COP29 Sədrliyi Tərəfləri bu vəsaiti daha böyük iqlim ambisiyalarına yenidən investisiya yatırmağa təşviq edir. Gələn ilin fevral ayında təqdim ediləcəyi planlaşdırılan növbəti nəsil etibarlı və şəffaf karbon bazarlarının yaradılması dünyanın 1,5 dərəcə hədəfinə çatmaqda mühüm əhəmiyyət daşıyır.
Yeri gəlmişkən, iqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birinin həlli sayılan 6-cı maddə üzrə razılıq kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrın salınması kimi məsələləri əhatə edir. Ekspertlərin fikrincə, bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir. Eyni zamanda, həmin maddə üzrə yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünün təmin edilməsini şərtləndirir.