Hər kəs ötənilki “Qarabağ”ı görmək, yenidən Avropa həyəcanı yaşamaq istəsə də, mövcud durum narahatlıq doğurur. Azarkeşlər Ağdam təmsilçisindən yeni, amma daha məhsuldar hücumçu almağı tələb edir. Düzdü, Juninyo mərkəz hücumçusu kimi yetərincə bacarıqlıdı. Amma etiraf edək ki, ötənilki məhsuldarlığından əsər-əlamət yoxdu. Ümumiyyətlə, belə düşüncə var ki, heyətdə hücumameyilli yarımmüdafiəçilərin çoxluğu, səviyyəli hücumçuların azlığı disbalans yaradır.
Bəs “Qarabağ”a yeni hücumçu lazımdımı?
“Football-plus.az”ın sualını təcrübəli menecer Vaqif Heydərli belə cavabladı:
“Qarabağ"da Juninyodan başqa Nəriman Axundzadə və Musa Qurbanlı kimi hücumçular da var. Sadəcə, taktika elədi ki, iki hücumçu ilə oynamırlar. Nəriman "Braqa" ilə oyunun taleyini həll eləmədi? Yaxud Musanın da Avropa təcrübəsi var. Heyət güclənməlidi, o başqa məsələ. Təkcə hücumçu deyil ki, bütün heyətləri güclənməlidi. O səviyyədə oyunçu tapmaq da asan deyil. Təbii ki, "Qarabağ həmişə guclənmək istəyir, oyunçu axtarışındadılar. Amma yəqin ki, istədikləri səviyyədə, istədikləri pula oyunçu tapa bilmirlər. Amma onunla razı deyiləm ki, hücumçu yoxdu. Hücumçu var, sadəcə, daha yaxşılarını gətirmək istəyirlər. Azərbaycana o səviyyədə oyunçunu gətirmək asan deyil”.
RÖYANƏ OĞUZ