“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Əl-Nəsr”in ulduzu Kristiano Ronaldonun İstanbul klubuna keçidinə maneə olan səbəbləri açıqlayıb.
Arena.az “Fotospor” dərgisinə istinadən, “Mour”un öz həmyerlisi, portuqal ulduz hücumçu Ronaldonun “Fənər”ə keçidini mümkünsüz hesab etdiyi səbəbləri təqdim edir:
“Kristiano Ronaldo bura gəlməyəcək. Birinci səbəb odur ki, mənim üç çox yaxşı mərkəz müdafiəçim var və mənə hücumçu gərək deyil. Kristiano həmişə Kristianodur, amma ona ehtiyacım yoxdur, çünki hücumçularımdan razıyam. Onun Səudiyyə Ərəbistanında qazandığı pulları var, hədəfi isə 1000 qoldur. Onu Türkiyəyə gəlməyə İstanbulun gözəlliyindən başqa nə vadar edə bilər ki?
Mən yanvar transfer dövrünü çox da bəyənmirəm, çünki gələn oyunçuya müəyyən vaxt gərəkdir. Mən heç vaxt transferdən imtina etmirəm, amma rəhbərliyin qapısını döyüb “transfer istəyirəm” də demirəm. Mən sadəcə qələbə qazanmaq istəyirəm”, deyə “Mour” vurğulayıb.
Xatırladaq ki, 61 yaşlı Joze Mourinyo cari ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klunu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Fənər” “Mour”un qarşısında nə az, nə çox – klubun iddialarını gerçəkləşdirmək tapşırığını qoyub.
Bu müddətdə portuqal mütəxəssis “Fənərbaxça”nı 22 oyuna çıxarıb, 14 qələbə, 5 heç-heçə, 3 məğlubiyət yaşayıb. “Fənər”in top fərqi isə 51:26 nisbətindədir.
Hazırda “Mour”un “Fənər”i Türkiyə Super Liqasının yarış cədəvlində 13 oyundan 32 xalla 2-ci pillədə qərarlaşıb. “Fənərbxça” 35 xal toplamış lider “Qalatasaray”ı addım-addım təqib edir.
Joze Mourinyo “Fənərbaxça”dan öncə İtaliyada “Roma”nı çalışdırıb. Portuqal mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb. “Mour” sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.