Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 28 ünvanında doqquzmərtəbəli yaşayış binasının həyətindəki qaraj bir müddət əvvəl dağıdılıb. Dağıdılmış əmlak həmin doqquzmərtəbəli binanın sakini Elxan Qarayevə məxsusdur. Ümumi sahəsi 36,0 kv.m olan daş qarajın 2024-cü ilin oktyabr ayında dəmir qapıları və digər dəmir hissələri «Gold Residence» MMC-nin işçiləri tərəfindən xüsusi avadanlıqlarla kəsilərək oğurlanıb, damı və daşdan hörülüb suvanmış yan divarlarının çox hissəsi dağıdılıb, qarajda saxlanılan mebel və digər əşyaların çoxu zədələnərək yararsız hala salınıb. Qarajdakı bəzi əşyalar isə oğurlanıb. Qarajın dağıdılması nəticəsində Elxan Qarayevə külli məbləğdə zərər dəyib. «Gold Residence» MMC-nin bu və digər qanunsuz əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına məlumatlar verilib.
Reyting.az bildirir ki, iddialara görə, Elxan Qarayevin prokurorluq və polis orqanlarına ünvanlanmış ərizələrinə «Gold Residence» MMC-nin havadarlarının səyi nəticəsində baxılmır, MMC rəhbərliyi barəsində bu günədək cinayət işi başlanmayıb.
Prokurorluq və polis seyriçi mövqedədir
Zərərçəkmiş Elxan Qarayevin apardığı araşdırma zamanı bir çox məqamlar üzə çıxarılıb. Müəyyən olunub ki, onun qarajının sökülməsinə dair öz işçilərinə qanunsuz göstərişi «Gold Residence» MMC-nin təsisçisi, 2020-2021-ci illərdə həmin MMC-nin direktoru olmuş Elnur Əyyam oğlu Hüseynov verib. Bu, şahid ifadələri və müvafiq videogörüntülərlə də təsdiqini tapır.
Həmçinin müəyyənləşib ki, Elnur Hüseynov Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən «Məqam» MTK və «Gold Premium Residence GPR» MMC-nin də təsisçisidir. Bu MMC-lər və MTK-nın hüquqi ünvanı Elnur Hüseynovun anasına məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 4715Q-da yerləşir. Böyük ehtimalla bu da ondan ötrü edilib ki, həmin qurumların fəaliyyətindən narazı qalanlar bu qurumların hüquqi ünvanını tapmaqda çətinlik çəksinlər. Çünki sadə insan həmin ünvanı Novxanıda aylarla dolaşsa belə tapa bilməz.
Aşağıda tərtib olunmuş cədvəldə Elnur Hüseynovun təsis etdiyi və sahibi olduğu tikinti qurumlarının adları, direktorları barədə və digər məlumatları da təqdim edirik:
Rəsmi sənədlərdə hüquqi şəxslərin direktorlarının soyadı, atı və ata adı: | Hüquqi şəxsin adı və VÖEN | Direktorların işlədikləri tarixlər: | Xüsusi qeydlər |
Hüseynov Elnur Əyyam oğlu | «Məqam» MTK, VÖEN: 2004292401
| 01.06.2020- 01.03.2021 | «Gold Residence» MMC və «Məqam» MTK-nın qanunsuz fəaliyyətindən Nərimanov rayon Polis İdarəsinə, 18-ci polis şöbəsinə və Nərimanov rayon prokurorluğuna edilmiş şikayətlərin əksəriyyətində zərər çəkmiş şəxslər tərəfindən həmin qanunsuzluqların törədilməsinə rəhbərlik edənin Elnur Əyyam oğlu Hüseynovun olduğu göstərilmişdir. Elxan Qarayevin qarajı, Müjdə Hacıyevin isə mənzili MMC-nin işçiləri tərəfindən məhz Elnur Hüseynovun əmri və rəhbərliyi ilə sökülmüşdür. |
«Gold Residence» MMC, VÖEN: 2905808451
|
03.04.2020- 24.05.2024 | ||
«Gold Premium Residence GPR» MMC VÖEN: 2907393951 | 09.02.2024-cü il tarixdən bu günədək | ||
İsazadə Anar Sabir oğlu | «Məqam» MTK, VÖEN: 2004292401 | 01.03.2021- 26.10.2023 | 1991-ci il təvəllüdlüdür, Hazırda İmişli rayonunun Əliqulular kənd sakinidir. İnşahatçı və ya mühəndis təhsili, həmçinin inşahatda iş təcrübəsi yoxdur. |
«Gold Residence» MMC VÖEN: 2905808451 | 17.05.2024-cü il tarixdən bu günədək | ||
Qasımov Cəmil Nazim oğlu | «Məqam» MTK, VÖEN: 2004292401
| 26.10.2023- 23.05.2024 | Nərimanov rayon Məhkəməsinin hökmü ilə Cəmil Qasımov təqsirli bilinərək 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhküm edilmiş, həmçinin o 2 il müddətində tikinti-təmir və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmişdir. |
«Gold Residence» MMC VÖEN: 2905808451 | 24.05.2021- 17.05.2024 | ||
Nəsirov İzzət Asif oğlu
|
«Məqam» MTK, VÖEN: 2004292401 |
23.05.2024-cü il tarixdən bu günədək | 2001-ci il təvəllüdlüdür, hazırda Bakı şəhərinin Nəsimi rayon sakinidir. İnşahatçı və ya mühəndis təhsili, həmçinin inşahatda iş təcrübəsi yoxdur. |
Təqdim olunmuş cədvəldən gördüyünüz kimi, 1991 və 2021-ci il təvəllüdlü, tikinti sahəsində peşə hazırlığı və təcrübəsi olmayanlar hazırda Bakı şəhərində yüksəkmərtəbəli binalar inşa edir və yaxud belə şirkətlərdə rəhbər vəzifələr tuturlar. Bu isə gələcəkdə böyük faciələrə yol aça bilər.
Cədvəldən gördüyünüz kimi, 2021-ci ilin may ayından 2024-cü ilin 17 mayınadək hər iki hüquqi şəxsin - «Gold Residence» MMC-nin və «Məqam» MTK-nın direktoru Cəmil Nazim oğlu Qasımov olub.
Qeyd edək ki, Cəmil Qasımov Nərimanov rayonu, Xətai prospekti, 41 ünvanında yerləşən mənzillərdən birinin «Məqam» MTK-nın adından qanunsuz sökülməsinə dair göstəriş verdiyinə görə barəsində Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin istintaqı aparılıb və ittiham elan edilərək cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 2024-cü ilin may ayında Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cəmil Qasımov təqsirli bilinərək 3 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, həmçinin o, 2 il müddətində tikinti-təmir və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib. Bu barədə həmin vaxt KİV-lərdə çoxsaylı məlumatlar yayımlanıb.
MMC-nin xeyrinə sənədlər saxtalaşdırılıb
Nərimanov Rayon Prokurorluğu tərəfindən Cəmil Qasımovla bağlı istintaq aparılan zaman onun barəsində qətimkan tədbiri seçilsə də, o, istintaq altında olarkən onun adından şəxsi qaydada (yəni hər hansı bir hüquqi şəxsin adından deyil) İqtisadiyyat Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə və digər dövlət orqanlarına ərizələr, məktublar və digər sənədlər verilib. Qeyd olunan sənədlərdəki imzaların məhz Cəmil Qasımova məxsus olması şübhə altındadır. Müraciətlərin istintaq altında olan C. Qasımovun adından yazılmasına baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamı ilə «Gold Residence» MMC Nərimanov rayonunda, Fətəli Xan Xoyski prospekti 128, 130 və Əhməd Rəcəbli küçəsi 5B ünvanlarındakı yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,178 ha ərazi 49 illik icarəyə verilib, yəni fiziki şəxsin apardığı sənədləşdirmə əsasında hüquqi şəxsin xeyrinə sərəncam imzalanıb. 01 fevral 2024-cü il tarixli 1773 nömrəli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Nərimanov rayonunda olan həmin 1,178 ha ərazi «Gold Residence» MMC-yə ili cəmisi 36386,06 manata icarəyə verilib. Bundan sonra, 14 fevral 2024-cü ildə C. Qasımovun imzası ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 15 sentyabr 2023-cü il tarixli, 012 nömrəli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 128, 130 və Əhməd Rəcəbli, 5B ünvanlarında layihələndirilən yaşayış binalarının nəzərdə tutulmuş tikintisi üçün layihədə şəhərsalma əsaslandırılması işlərinin yerinə yetirilməsi xahişi ilə «GRB Construction» QSC-nin direktoru S. Səmədovun adına ərizə ünvanlanıb. Həmin işlərin görülməsi üçün C. Qasımov tərəfindən «GRB Construction» QSC-yə xidmət haqqının ödəniləcəyinə dair zəmanət də verilib. «GRB Construction» QSC isə öz növbəsində C. Qasımovun müraciətini təmin edib, şəhərsalma əsaslandırılmasını hazırlayaraq ona təhvil verib. Lakin həmin şəhərsalma əsaslandırılmasında «Gold Residence» MMC barədə bir söz belə yazılmayıb. Həmin sənəddə sifarişçi kimi Zəngilan rayonunun Mincivan qəsəbə sakini Cəmil Qasımov göstərilib. Həmin şəhərsalma əsaslandırılması təsdiq olunması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib və həmin komitənin 24 may 2024-cü il tarixli 3-35/3-3-57/2024 nömrəli Sərəncamı ilə şəhərsalma əsaslandırılması təsdiqlənib. Lakin həmin Sərəncamda Şəhərsalma əsaslandırılmasının sifarişçisi kimi «Gold Residence» MMC göstərilib. Burada «Gold Residence» MMC-nin haradan peyda olduğu məlum deyil. Qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, sənədləşdirmə zamanı müəyyən vəzifəli şəxslər saxtakarlığa yol veriblər.
Sahibkarlara külli miqdarda zərər vurulub
Qeyd olunanlardan sonra, 2024-cü ilin iyun ayında «Gold Residence» MMC icarəyə götürdüyü əraziyə gəlib və dərhal həmin ərazini qanunsuz olaraq hasara almağa başlayıb. Lakin hasarlama işlərini apararkən müvafiq yerquruluşu planında göstərilmiş koordinatlardan kənara çıxaraq ona icarəyə verilmiş ərazidən daha artığını zəbt etmək üçün hasarlayıb. Nümunə kimi göstərə bilərik ki, Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli Sərəncamında göstərilən Əmlak Məsələləri Dövlət Xidmətinin 15 sentyabr 2023-cü il tarixli yerquruluşu Planında Fətəli Xan Xoyski prospekti 128 nömrəli binadan həmin prospektdə yerləşən «Gloriya» gül dükanınadək olan ərazi MMC-yə icarəyə verilmiş əraziyə daxil deyildir. Lakin, MMC həmin ərazini qanunsuz olaraq hasara alıb. Bununla da həmin ərazidə olan obyekt, yaşıllıq zonası və Aşıq Molla Cümə küçəsi, 28 nömrəli 9 mərtəbəli binanın sakinlərinin də Fətəli Xan Xoyski prospektinə çıxışını qanunsuz olaraq bağlayıb, nəticədə orada yerləşən obyektlərin sahibkarlıq fəaliyyəti iflic halına salınıb, sahiblərinə isə qəsdən külli miqdarda zərər vurulub. Bina sakinlərinin və obyekt sahiblərinin aidiyyəti dövlət qurumlarına etdiyi çoxsaylı şikayətlərə baxmayraq qanunsuz çəkilmiş hasar bugünədək sökülməyib. Onlara aid olmayan ərazini hasara almaqla «Gold Residence» MMC-nin vəzifəli şəxsləri AR CM-nin 188-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsində göstərilən cinayəti törədib və onların bu əməllərinə də hüquqi qiymət verilməlidir.
«Gold Residence» vətəndaşların əmlakını ələ keçirib
Öz qanunsuz hərəkətləri ilə «Gold Residence» MMC-nin vəzifəli şəxsləri Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamının digər bəndlərini də pozublar. Həmin Sərəncamda «Gold Residence» MMC-yə ərazidə olan yaşıllıqların qorunub saxlanılması həvalə edilsə də, artıq bir neçə ağac MMC tərəfindən qəsdən məhv edilib, digər yaşıllıqların da məhv olmaq təhlükəsi var.
Bundan başqa, həmin Sərəncamda Fətəli Xan Xoyski prospekti, 128, 130 və Əhməd Rəcəbli, 5B ünvanlarında yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,178 ha torpaq sahəsinin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında «Gold Residence» MMC tərəfindən həll edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün «Gold Residence» MMC-nin icarə əsasında istifadəsinə verilməsi göstərilib. Lakin həmin ərazidə yaşayan vətəndaşların və fəaliyyət göstərən obyekt sahiblərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Milli Məclisə, Nərimanov rayonundan olan millət vəkilinə, Baş prokurora, Daxili işlər nazirinə, müvafiq dövlət orqanlarına və KİV-lərə ünvanladığı çoxsaylı şikayətlərin məzmunundan göründüyü kimi, «Gold Residence» MMC həmin Sərəncamın bu tələbinə də əməl etməyərək, qarşılıqlı razılaşma əvəzinə daşınmaz əmlak istifadəçilərinin və mülkiyyətçilərin hüquqlarını pozaraq onların əmlaklarını müxtəlif qanunsuz yollarla (aldatma, hədə-qorxu, şantaj, kommunal xətlərin kəsilməsi, mənzil və obyektlərə suyun axıdılması və s.) əldə edib, əldə etməyə çalışıb və ya ümumiyyətlə, razılıq əldə edilmədən belə əmlakları söküblər. Elxan Qarayevə məxsus qarajın «Gold Residence» MMC tərəfindən qanunsuz sökülməsi, içərisində saxlanılan əşyaların oğurlanması və məhv edilməsi də bunun bir nümunəsidir.
Nümunə kimi, həmçinin göstərə bilərik ki, Fətəli Xan Xoyski, 128 ünvanında 11-ci mənzilin sahibi Hacıyev Müjdə Qaytaran oğlu evdə olmadığı vaxt, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsinin ziddinə, «Gold Residence» MMC-nin işçiləri onun mənzilinin qapısını qıraraq qanunsuz daxil olub və qanunsuz olaraq söküblər. Üstəlik, mənzildəki əşyaların bir qismi oğurlanıb, bir qismi isə yararsız hala salınıb. Həmin binanın 1-ci mərtəbəsindəki «1001 xırdavat» dükanının zirzəmisində yerləşən anbarına isə qəsdən su axıdaraq zirzəmini və orada saxlanılan malları yararsız hala salıblar. 25 noyabr 2024-cü ildə saat 14:40 radələrində Müjdə Hacıyev mağazasından çıxıb nahar fasiləsinə gedəndən sonra qabaqçadan əlbir olan bir qrup şəxs oğurluq etmək məqsədi ilə onun mağazasına gizli yolla daxil olmaq üçün beton tavanını xüsusi texniki vasitə ilə kəsərkən həmin vaxt təsadüfən mağazada olan oğlu tərəfindən aşkar olunublar. Bu barədə oğlundan telefonla məlumat alan Müjdə Hacıyev dərhal mağazaya qayıdaraq oğlu ilə birlikdə həmin şəxsləri yaxalayıblar. Hadisə yerinə dərhal Nərimanov Rayon Prokurorluğunun və polis idarəsinin əməkdaşları gəliblər. Hadisə yerinə gələn təcili yardım briqadası isə Müjdə Hacıyevin xəsarət alan oğluna ilkin tibbi yardım göstərib. Müəyyən olunub ki, beton tavanı kəsərək mağazaya daxil olmaq istəyən dəstənin rəhbəri «Məqam» MTK-nın hazırki direktoru, Nəsimi rayon sakini, 2001-ci il təvəllüdlü Nəsirov İzzət Asif oğludur. Aşkar olunan zaman betonkəsici alət də İzzət Nəsirovun əlində olub. Digər dəstə üzvləri isə Amid və Hüseyn adlı şəxslərdir. Deyilənlərə görə, Amid adlı şəxs əvvələr polis orqanında xidmət edib.
MMC-nin rəhbər şəxsləri sakinləri hədələyir
İddia olunur ki, «Gold Residence» MMC-nin Nərimanov rayonu ərazisində yol verdiyi bütün qanunsuzluqlara rəhbərlik edən onun Elnur Hüseynov adlı təsisçisidir. Elnur Hüseynovun “sağ əli” isə «Məqam» MTK-nın hazırki direktoru İzzət Nəsirovun atası Asifdir. Öz cangüdənlərinin əhatəsində həmin ərazidəki əmlak sahiblərinə hədə-qorxu gələn, onları aldadan, digər qanunsuz yollarla təsir etməyə çalışan isə Elnur Hüseynovdur. Hər hansı bir problem yarandıqda «Hacı» ləqəbli Asif söhbəti «malalamaqla» məşğul olur. «Gold Residence» MMC-nin qanuni direktoru Anar İsazadəni isə hələ ki, narazı sakinlər görə bilmir.
Müxtəlif qanunsuz yollarla razılığa gətirilmiş əmlak sahibləri ilə bağlanmış müqavilələri «Gold Residence» MMC adından Anar İsayevin imzaladığı göstərilsə də, həmin imzaların ona məxsus olmadığı iddia edilir. Buna görə də həmin müqavilələr notariusda təsdiq olunmayıb. Sakinlərin verdiyi məlumata əsasən, mülk müqaviləsinin notariusda təsdiq olunmasını israrla tələb edəndə, MMC-nin adıçəkilən işçiləri tərəfindən bununla bağlı mülk sahibindən dövlət rüsumunun ödənilməsi adı ilə yüksək məbləğdə pullar tələb olunur.
Yuxarıda göstərdiyimiz kimi, «Gold Residence» MMC-nin rəsmi direktoru olan Anar İsazadəni bu günədək həmin ərazidə görən olmayıb. Deyilənlərə görə, Anar İsazadə hazırda Elnur Hüseynova məxsus «ELİSA» qadın ayaqqabı dükanını işlədir. «Gold Residence» MMC-nin həmin ərazidə olan «Krone» otelinin 1-ci mərtəbəsində yerləşən ofisinə gəlib-gedənlərə, həmçinin dövlət orqanları və media nümayəndələrinə özlərini həmin MMC-nin direktoru kimi Elnur Hüseynov, Asif İsazadə, Vüsal Rzayev və Nurlan Məmmədovu təqdim edirlər.
Nümunə kimi göstərə bilərik ki, “Bizimyol.info” saytının 16 avqust 2024-cü il tarixli buraxılışında saytın əməkdaşına özünü «Gold Residence» MMC-nin rəsmi nümayəndəsi kimi təqdim edən Vüsal Rzayev olub. Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin Nərimanov Rayon İcra Hakimiyyətinə ünvanladığı 10 sentyabr 2024-cü il tarixli 3-18-60/2-4984/24 nömrəli məktubda «Gold Residence» MMC-nin direktoru Asif İsazadənin olduğu göstərilib, «Gold Residence» MMC-nin həmin ərazidə yol verdiyi bir çox qanunsuzluqların, xüsusən də Elxan Qarayevə məxsus qarajın məhz Elnur Hüseynovun rəhbərliyi ilə sökülməsinin şahidi Mehman Musayev barədə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisinin adına yalan, böhtan xarakterli və qərəzli olan 28 noyabr 2024-cü il tarixli 21 nömrəli ərizəni «Gold Residence» MMC-nin direktoru kimi özünü qələmə verən Nurlan Nazim oğlu Məmmədov imzalayıb. Nurlan Məmmədov özünü «Gold Residence» MMC-nin direktoru kimi, həmçinin ondan 30 noyabr 2024-cü il tarixdə «Günə son» verilişi üçün müsahibə alan ARB kanalının jurnalistinə də təqdim edib. Xatırladaq ki, həmin verilişdə də vətəndaşların şikayətlərinə əsasən «Gold Residence» MMC-nin yol verdiyi qanunsuzluqlardan bəhs edilirdi. Görəsən, bir hüquqi şəxsin eyni vaxtda neçə direktoru ola bilər? Bütün bunlar həmin MMC-nin qanunsuz fəaliyyətinin göstəricisi deyilmi? Yəqin ki, müvafiq dövlət orqanları bunu da araşdırmalıdırlar.
Özünü «Gold Residence» MMC-nin rəhbəri kimi təqdim edən Nurlan Məmmədovun imzalayaraq şahid Mehman Musayevdən polis orqanına ünvanladığı böhtan xarakterli ərizəni oxuduqda Bakı şəhərində yüksək mərtəbəli bina inşa edən şəxslərin hansı savada malik olmaları açıq-aydın görünür. Həmin ərizədə Mehman Musayevə böhtan atan Nurlan Məmmədov polis orqanının rəisinə digər yalan məlumatlar da verib. Hansı ki, polis orqanının rəisi həmin şöbənin əməkdaşlarının icraatlarında olan «Gold Residence» MMC-nin qanunsuz fəaliyyətindən narazı olan vətəndaşların çoxsaylı şikayət ərizələrindən əsl həqiqət barədə məlumatlıdırlar. Lakin anlaşılan deyil ki, hansı səbəbdən polis şöbəsinin rəisi Nurlan Məmmədovun ərizəsinin yalan və böhtan olduğunu bilə-bilə, hər hansı araşdırma aparmadan, həmin ərizəyə əsasən inzibati xəta haqqında qanunsuz protokol tərtib edərək Mehman Musayevi həbs etdirmək məqsədi ilə Nərimanov Rayon Məhkəməsinə göndərib? Yaxşı ki, işə obyektiv yanaşan məhkəmə hakimi həmin protokolu polis şöbəsinə qaytarıb.
Vergidən yayınmalar olub?
Bundan başqa, Fətəli Xan Xoyski prospekti, 128 və 130 nömrəli binaların bəzi sakinləri və məlumatı olan digər vətəndaşlar iddia edirlər ki, həmin binaların söküntüsü üçün ayrılmış pulları «Gold Residense» MMC-nin rəhbərliyi mənimsəyib, binaların dəmir, taxta və plastik hissələrinin söküntüsünün həyata keçirilməsi üçün əslən İmişli rayonundan olan Afiq (və ya Amid), həmçinin Sahib adlı şəxslərlə yüksək məbləğ müqabilində razılaşıblar. Yəni, şərik olan Afiqlə (və ya Amid) Sahib adlı şəxslər «Gold Residense» MMC-nin direktoru kimi özünü qələmə verən Elnur Hüseynova yüksək məbləğ verərək Fətəli Xan Xoyski prospekti, 128 və 130 nömrəli binaların və onların həyətində inşa edilmiş qarajların dəmir, taxta və plastik hissələrini sökərək satmaqla külli miqdarda pul qazanıblar. Deyilənlərə görə, Afiqlə Sahib tərəfindən həmin söküntü işlərinə cəlb olunmuş fəhlələrlə əmək müqavilələri imzalanmayıb, işlər qeyri-rəsmi görülüb, söküntü ərazisindən aparılan tikinti materialları (dəmir şvellerlər, armatur, məhəccərlər, borular, plastik boru və qapılar, taxta qapılar və digər taxta, dəmir və plastik materialları) qanunsuz yolla satılıb. Təbii ki, bütün bu qanunsuz əməliyyatlarda ödənilən pullar nağd şəkildə sənədsiz olub və buna görə müvafiq vergi ödənilməyib. Deyilənlərə görə, binaları sökən Afiqlə Sahib adlı şəxslər əvvəllər polis əməkdaşı olublar, hazırda isə briqada toplayaraq qeyri-rəsmi yolla söküntü-tikinti işləri ilə məşğuldurlar.
ARB telekanalının 29 noyabr 2024-cü il tarixdə «Günə son» verilişi üçün çəkdiyi süjetdən göründüyü kimi, hazırda Fətəli Xan Xoyski prospekti, 128 ünvanında bir neçə ailə yaşayır. Onlardan bəzilərinin yaşadıqları mənzillərinə dair müvafiq çıxarışları, bəzilərinin keçmiş SSRİ dövründən qalmış orderləri var, bəzi sakinlər isə orada məcburi köçkün kimi məskünlaşıblar. Lakin buna baxmayaraq, «Gold Residense» MMC hazırda xüsusi ağır texnikalarla həmin binanın qanunsuz söküntüsünü həyata keçirir, bu da bildiyiniz kimi cinayətdir.
Özünü “Gold Residense” MMC-nin direktoru kimi qələmə verən Nurlan Məmmədov telekanala verdiyi müsahibəsində bildirib ki, guya ərazidə sökülmüş və söküləcəyi planlaşdırılmış qaraj sahibləri ilə qarajların sökülməsi ilə bağlı razılığa gəlinib, Fətəli Xan Xoyski prospekti, 128 ünvanında isə yaşayanların guya müvafiq sənədləri olmadığına görə onlarla hər hansı razılığa gəlmək mümkün olmayıb. O, problemi “Qaçqınkom”un fəaliyyəti ilə əlaqələndirmək istəyib və bununla da mənzillərin həmin sakinlərin iradəsinə zidd olaraq və hazırda orada yaşamalarına baxmayaraq, sökülməsinə haqq qazandırmağa çalışıb. Amma Nurlan Məmmədovun söylədikləri yalandır, qanunvericiliyə uyğun deyil.
MMC konstitusiyanın tələblərinə məhəl qoymur
Konstitusiya Məhkəməsi Plenumunun 25 noyabr 2024-cü il tarixli Qərarında deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququnun mahiyyəti və təyinatından irəli gələrək Cinayət Məcəlləsinin 157-ci maddəsi baxımından “mənzil” dedikdə, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq daimi və ya müvəqqəti yaşanmasından və mülkiyyət formasından asılı olmayaraq, bir və ya bir neçə şəxs tərəfindən yaşamaq üçün istifadə edilən, şəxsi həyatı (onun məxfiliyini) təmin edən və digər sahələrdən təcrid olunan yaşayış yeri başa düşülür. Həyətyanı torpaq sahəsi, eləcə də təyinatı yaşayış sahəsi olmasa da, yaşayış üçün uyğunlaşdırılmış sahələr Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş meyarlara uyğun olaraq şəxsi və ailə həyatının yaşadığı yer kimi istifadə edildiyi halda, həmin sahəyə şəxsin iradəsinin ziddinə daxil olma Cinayət Məcəlləsinin 157-ci maddəsi üzrə cinayət məsuliyyətinə səbəb ola bilər.
Göründüyü kimi, «Gold Residense» MMC-nin rəhbərliyinin və onlarla əməkdaşlıq edən digər şəxslərin əməllərində vəzifə cinayətləri ilə birlikdə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan, həmçinin iqtisadi sahəyə aid olan cinayətlərin də əlamətləri var.
«Gold Residense» MMC-nin məqalədə qeyd olunan qanunsuzluqları barədə müxtəlif KİV və sosial şəbəkələrdə də kifayət qədər məlumatlar var. Lakin hüquq-mühafizə orqanları hansısa səbəbdən bunları nəzərə almır. Binalarda insanlar yaşadığı halda, hər hansı təhlükəsizlik qaydalarına əməl etməyən, bilə-bilə tikinti və s. işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozan «Gold Residense» MMC-nin rəhbər vəzifəli şəxslərinin əməllərində AR CM-nin 222-ci maddəsinin (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) də tərkibinin olduğu görünür.
Sakinlərin məlumatlarına əsasən, Nərimanov Rayon Prokurorluğu «Gold Residense» MMC-nin rəhbərliyindən insanlar yaşadığı binada söküntü işlərinin dayandırılmasını tələb etsə də, MMC söküntünü dayandırmayıb, həmçinin qarajların söküntüsünün dayandırılmasına dair də müvafiq məhkəmə qərarlarını icra etməkdən boyun qaçırıb və bununla da onların əməllərində AR CM-nin 222-3 (Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə) maddəsinin tərkibi yaranıb. «Gold Residense» MMC heç bir müvafiq icazə rəsmiləşdirmədən hazırda Aşıq Mola Cümə küçəsi, 28 nömrəli doqquzmərtəbəli binanın həyətini və Fətəli Xan Xoyski prospektinə baxan hissəsini tamamilə yararsız hala salıb, həmin ərazidə icazəsiz qazıntı işləri aparıb, yataqxana binasında bəzi sakinlərin hələ də yaşamasına baxmayaraq damını uçurdaraq qəsdən Aşıq Mola Cümə küçəsi, 28 nömrəli doqquzmərtəbəli binanın 4-cü blokunun Fətəli Xan Xoyski prospektinə çıxışını bağlayaraq sakinləri mühasirədə saxlayıb, gediş-gəlişini çətinləşdirib, onların hərəkətinə təhlükə yaradıb. Sakinlərin haqlı şikayətlərinə məhəl qoymayan MMC işçiləri bu günədək 4-cü blokun sakinlərinin rahat və təhlükəsiz hərəkət etmələri üçün hər hansı tədbir görməyib, ərazini söküntü materiallarından təmizləməyib.
MMC-nin qanunsuzluğu sakini intihara sövq edib
Sosial şəbəkələrdə yayımlanan məlumatlardan da göründüyü kimi, MMC tərəfindən qanunsuz sökülən binaların qadın sakinlərindən biri hətta intihara cəhd edib. Polis əməkdaşları bunun qarşısını alıb, Elnur Hüseynov isə məsələnin şişməməsi üçün gecə ilə həmin qadını öz ofisinə dəvət edərək, qadına sərf edən şərtlərlə müqavilə imzalayıb.
MMC-nin adları qeyd olunan vəzifəli şəxsləri öz qanunsuz əməlləri ilə tikinti, əmək, mülki, vergi və digər qanunvericiliyin tələblərini kobuş şəkildə pozurlar. Hesab edirik ki, ölkə iqtisadiyyatına, sakinlərinə, ekologiyasına və digər sahələrinə qəsdən külli miqdarda zərər vuran dəstənin fəaliyyətinə təcili olaraq son qoyulmalıdır. Araşdırılsa, yəqin ki, bu dəstənin törətdiyi digər qanunsuzluqlar da aşkara çıxar.
Təbii ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamı ləğv edilməlidir. Buna coxsaylı əsaslar da var. «Gold Residense» MMC həmin ərazidən təcili olaraq çıxarılmalı, işlərin davam etdirilməsi isə tikinti sahəsində təcrübəyə və nüfuza malik olan digər tikinti şirkətinə həvalə olunmalıdır. «Gold Residense» MMC-nin qanunsuz hərəkətləri nəticəsində vətəndaşlara və şəhərimizə vurulan zərər hesablanaraq ondan tutulmalı və zərərçəkənlərə ödənilməlidir. «Gold Residense» MMC və onun rəhbər şəxsləri Bakı şəhərində tikinti işlərinin aparılmasından kənarlaşdırılmalıdırlar. Gələcəkdə baş verə biləcək fəlakətin qarşısını almaq məqsədi ilə onların Bakı şəhərində bu günədək inşa etdikləri binaların hamısı aidiyyəti qurumlar tərəfindən yenidən yoxlanılmalı, ekspertizası keçirilməlidir.
Ölkə başçısı da son zamanlar bir-birinin ardınca etdiyi müxtəlif çıxışlarda əsas diqqəti əhalinin incidilməməsinin üzərinə çəkib. Amma görünən odur ki, bəzi qurumlar hələ də bundan nəticə çıxarmaq istəmirlər.
«Gold Residense» MMC-nin vəzifəli şəxsləri və məqalədə adları qeyd olunan digər şəxslər barədə cinayət işi başlanmalı, istintaqı aparılmalı və istintaqın gedişatı barədə içtimaiyyət məlumatlandırılmalıdır. «Gold Residense» MMC-yə havadarlıq edən şəxslər də müəyyən olunmalı və onların barəsində qanunvericiliklə tələb olunan müvafiq tədbirlər görülməlidir.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl Müjdə Hacıyev Balakən rayonunda vətəndaş qəbulu keçirən Daxili işlər naziri Vilayət Eyvazovla görüşərək, üzləşdiyi problemlə əlaqədar onu məlumatlandırıb. Bundan xəbər tutan «Gold Residence» MMC-nin vəzifəli şəxsləri əsəbləşərək, qərəzli olaraq, Fətəli Xan Xoyski-28 nömrəli binanın bir neçə mərtəbəsini sökərək mağazanın qarşısına töküblər. Nəticədə söküntü matrealları mağazaya ciddi zərər vurub, içəridəki malları yarasız hala salıb, həmçinin, Müjdə Hacıyevin həmin vaxt mağazada olan iki övladı dağıntılar altında, köməksiz vəziyyətdə qalıblar. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onları dağıntılar altından sağ-salamat çıxarıblar. Eyni zamanda mağazaya giriş-çıxış bağlanıb. Bakı İnzibati Məhkəməsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 yanvar 2024-cü il tarixli 11 saylı Sərəncamının M. Hacıyevə aid olan hissəsinin icrasının dayandırılması (Fətəli Xan Xoyski, 28 saylı binanın söküntüsünün dayandırılması) barədə qətnaməsinin olmasına baxmayaraq, «Gold Residence» MMC söküntü işləri aparıb, M. Hacıyevə məxsus əmlakı tamamilə yararsız hala salıb. Yəni, belə çıxır ki, MMC nə dövlət başçısının tapşırıq və tövsiyyələrinə, nə məhkəmə qərarlarına, nə hüquq-mühafizə orqanlarına, nə də ölkə qanunlarına məhəl qoymur.
V. QULİYEV
P.S. Reyting.az «Gold Residense» MMC-nin rəhbər şəxslərinin, eləcə də yuxarıda adıçəkilən digər MMC və şəxslərin də mövqelərinə yer ayırmağa hazırdır.