AZ

Avropanın neft sevdası, Naxçıvana yeni qaz kəməri... – İlham Şabanın TƏQDİMATINDA

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

İl sona yaxınlaşdıqca, dünyada vəziyyət də mürəkkəbləşir. Bir tərəfdən Cənubi Koreyada birdən-birə hamı bir-birinə dəydi, hərbi vəziyyət elan edildi və bir sözlə stabillik pozuldu.

Başqa bir tərəfdə isə 13 il ölkəsinə tam nəzarət edə bilməyən Bəşir Əsəd indi də əlində olan qalan Suriyanı itirir. Hələ bunlar bir qədər uzaq diyarlarda baş verir, bir addımlığımızda olan Gürcüstanın artıq bir həftədən çoxdur ki, nə gecəsi var, nə də gündüzü.

Avropada neft sevdası

Belə bir şəraitdə Avropa enerji bazarında çoxlarını təəccübləndirəcək bir hadisə baş verib.


Norveçin “Equinor” və Birləşmiş Krallığın “Shell” şirkətləri dekabrın 5-də elan ediblər ki, Böyük Britaniyada ənənəvi enerji ehtiyatlarının işlənməsi üzrə birgə, paritet əsasda, amma ana şirkətlərdən asılı olmayan yeni neft-qaz şirkəti yaradırlar. Məqsəd Britaniya yataqlarında olan ehtiyatların daha effektiv şəkildə çıxarılmasını təmin etmək, ölkənin iqtisadi inkişafı üçün stabil enerjiyə nail olmaqdır. Özü də yeni yaradılan bu şirkət ildə 140 min barel neft ekvivalentində hasilata malik olmalıdır.

Diqqət yetirin, nə Böyük Britaniya, nə də Norveç Avropa İttifaqının üzvləri deyillər və bu qurumun “yaşıl enerji” hədəfləri ilə özlərini çərçivələmirlər. 5 milyon yarım əhalisi olan Norveç ildə 120 milyard kubmetr qaz, 170 milyon ton ətrafında isə “qara qızıl” çıxarır və hər yerdə də “yaşıl siyasət” uğrunda mübariz görkəmindədir. Bu qədər nəhəng həcmlərə görə isə Avropada onu nəinki danlayan, heç yada salan da yoxdur.

Neft hasilatının artırılması təklifi

Rusiyanın bir nömrəli neft şirkəti “Rosneft”in rəhbəri İqor Seçin də bu həftə BƏƏ-də keçirilən Verona Avrasiya İqtisadi Forumunda çıxışı zamanı neft hasilatının artırılması yönümündə çağırış edib. Onun fikrincə, “inkişaf etməkdə olan ölkələrdə həyat standartlarını yaxşılaşdırmaq üçün qlobal neft hasilatını demək olar ki, iki dəfə artırmaq lazımdır”.

Seçin həmçinin neft-qaz hasilatına investisiyaların artırılmasının vacibliyini də vurğulayıb.

Yəni dünyada bu cür hadisələrin yaşandığını ona görə diqqətinizə çatdırıram ki, COP29-da zəngin ölkələrin məhz onların apardıqları uzunmüddətli siyasət nəticəsində inkişafdan qalmış ölkələrə “enerji keçidi” üçün lazım olduğundan dəfələrlə az miqdarda yardım ayırması ilə “karbon neytrallığı” hədəfləri arasında olan qeyri-real mənzərəni görə biləsiniz.

OPEC+ hasilatı artırmır

Qlobal bazarlarda Neft İxrac Edən Dövlətlər Təşkilatının (OPEC) öz mövqeyi uğrunda ciddi mübarizə apardığını müşahidə edirik.

Belə ki, dekabrın 5-də OPEC+ çərçivəsində nazirlərinin görüşündə hasilatın bərpasının, yəni artırılmasının vaxtı üç ay müddətinə, 2025-ci il aprelin 1-dək təxirə salınması haqda yekdil qərar çıxarılıb. Bundan əlavə OPEC+ üzvü ölkələr hasilatın tədricən artımı ilə bağlı dövrün 18 ay ərzində, yəni 1 oktyabr 2026-cı ilədək baş verməsi haqda ortaq fikrə gəliblər.

Qlobal bazarlar

Yəni bu addımlar ona görə atılır ki, neftin bazarda 70+ həddində ticarət edilməsinə nail olunsun.

Bazar iştirakçıları da bundan məmnundurlar. Son bir ayda neft 71-73 dollar dəhlizində ticarət edilir, artıq nefti hasil edənlər və onun alıcıları bu qiymətə öyrəşib və ticarətin bu yöndə aparılmasının qarşılıqlı maraqlara xidmət etdiyini vurğulayırlar. Bu səbəbdən də OPEC+ çərçivəsində verilən qərar faktiki olaraq bazar üçün gözlənilməz olmadığından qiymətlərə də hansısa təsir etmədi.

Onu qeyd edim ki, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da OPEC+ ölkələri nazirlərinin onlayn formatda keçirilən 38-ci iclasında iştirak edib. “Əldə edilən razılaşmanı Azərbaycan da dəstəkləyib. Azərbaycanın gündəlik 551 min barrel həcmində olan mövcud xam neft hasilatı kvotası 2026-cı ilin oktyabrın sonunadək sabit saxlanılacaq”, deyə nazirliyin açıqlamasında bildirilir.
 

Qaz ixracı bazarının genişləndirilməsi

Bu həftə Azərbaycanın enerji həyatı üçün xoş bir xəbərlə açıldı. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti elan etdi ki, 1 dekabr tarixindən SOCAR tərəfindən Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan SPP şirkətinə qaz təchizatına başlanılıb.

Qaz təchizatı SOCAR və Slovakiya şirkəti arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Amma tərəflərin heç biri nə qədər qazın alqı-satqısının həyata keçiriləcəyi haqda məlumat yaymayıblar. Təkcə bilinən odur ki, həcmlər kiçik olsa da, amma şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.

Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan on ikinci ölkə kimi adını qaz tariximizə yazıb.

Qaz ixracı statistikamız

Burada bir maraqlı statistikanı diqqətinizə çatdırmaq istərdim. Azərbaycan Avropaya demək olar ki, 4 ildir ki, qaz ixrac edir. Hazırda 10 Avropa ölkəsi Azərbaycan qazının alıcısıdır. Və bu alıcıların düz yarısı, yəni beşi məhz 2024-cü ilin payına düşüb. Cari ilin fevralında Serbiya Azərbaycandan qaz almağa başlayıb, daha sonra yayda Sloveniya bu istəkdə olub və sentyabrın 1-dən Azərbaycan qazı artıq Xorvatiyadakı istehlakçılara çatdırılıb. Payız-qış mövsümünün başlanması ilə Azərbaycan qazının alıcılırı sırasına əvvəlcə noyabrın ortasında Şimali Makedoniya, daha sonra isə Slovakiya qoşulub.

Onu deyim ki, Azərbaycan cari ilin 10 ayının yekunlarına görə, Avropa bazarında qaz satışını ötən illə müqayisədə 800 mln kubmetr artırıb və hökumətin proqnozlarına görə, cari ildə 12,5 mlrd kubmetr mavi yanacağı məhz Avropadakı istehlakçılara satmağı planlaşdırır. 2021-ci ildə isə, yəni Avropa bazarında qaz satışımızın debüt ilində 8,1 mlrd kubmetr qaz sata bilmişdik. Göründüyü kimi 53%-lik bir artımla irəliləyirik.


Naxçıvana yeni qaz kəməri

Bu həftə həmçinin elan edildi ki, İğdır-Naxçıvan magistral qaz kəmərinin tikintisi qrafikə uyğun başa çatdırılıb və yaxın vaxtlarda onun rəsmi açılışı planlaşdırılır.

Bunu Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya deyib.

O xatırladıb ki, 2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə uzunluğu 97 km olan İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyulub.

“Qaz kəmərinin tikintisi nəzərdə tutulan müddətdə uğurla başa çatdırılıb, indi Naxçıvana təbii qaz Türkiyədən gələcək ki, bu da muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq”, - deyə türk diplomat vurğulayıb.

Neft və maliyyə

Nəhayət, diqqətini həftə ərzində həm mediada, həm də sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş bir məsələyə yönəltmək istərdim. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın Dövlət Neft Fondu bu ilin yanvar-noyabr ayında 6 milyard 494 mln dollar məbləğində valyuta satıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.55 dəfə çoxdur. Təkcə noyabrda valyuta satışının məbləği 574,6 milyon dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,45 dəfə artım deməkdir.

İndi bir çoxları bu artımlara diqqət yetirib fikirləri uzaqlara gedir: 2015-ci illərdə yaşananlara. Yəni o hallar təkrarlana bilərmi? Çünki o zaman da valyuta satışı kəskin artırdı. Bəs reallıq necədir?

Bu il Neft Fondundan dövlət büdcəsinə köçürmələrin ümumi məbləği proqnoza görə 12 milyard 781 milyon manat təşkil etməlidir. Son 3 rübün açıqlanan nəticələri onu göstərir ki, həqiqətən də Fond büdcə qarşısında öhdəliyini problemsiz şəkildə həyata keçirir, yəni ortalama hər ay büdcəyə 1 mlrd 65 mln manat vəsait köçürülür. Bu isə dollarla 626,5 mln deməkdir.

Yəni noyabrda Fond əslində tələb olduğundan daha az valyuta satıb.

İndiki vəziyyətdə dolların satış həcminin artımı 2015-ci ildə Mərkəzi Bankın ehtiyatlarından manatın kursunun qorunması üçün edilən müdaxilələr anlamı ilə fərqli mahiyyət daşıyır. Bu baxımdan da makroiqtisadi göstəricilərin dayanıqlığı, iqtisadi artımın proqnozlara uyğun olması, ticarət dövriyyəsində müsbət saldonun olması, ölkənin valyuta ehtiyatlarının azalmağa deyil, artıma meylli olması onu göstərir ki, hansısa narahatlıq üçün əsas yoxdur. Çünki öz yolumuzla inamla addımlamaqda davam edirik.  

Bizim.Media

phrase_var_article.chosen
82
50
bizim.media

10phrase_var_article.sources