AZ

Azərbaycan parlamentinin tarixi onun gələcək inkişafının təməlidir – İlyas Umaxanov

Bakı, TurkicWorld

Azərbaycan parlamentinin tarixi onun gələcək inkişafının əsasıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini İlyas Umaxanov Azərbaycanın Milli Məclisində (parlament) keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Rusiyalı parlamentari ölkənin inkişafı üçün ən vacib amilin milli tarixi bilmək, ilk parlamentin və demokratik respublikanın yaradılmasının başlanğıcında duran insanların xatirəsinə hörmət olduğunu vurğulayıb.

O qeyd edib ki, bu insanlar şübhəsiz ki, Azərbaycan xalqı qarşısında xidmətlərinə görə xatırlanmağa və hörmətə layiqdirlər.

İ.Umaxanov bildirib ki, bugünkü beynəlxalq konfrans məhz bu vəzifəni - görkəmli şəxslərin xatirəsinə hörmət ifadəsini və keçmişdə görülmüş işlərin Azərbaycan xalqının və parlamentinin xeyrinə olacağını anlamağı dəqiq əks etdirir.

O əlavə edib ki, bu, Azərbaycanın və onun xalqının həmişə inkişaf etməsi, burada sülh və rifahın hökm sürməsi üçün parlamentin gələcəkdə də inkişaf etməsinə imkan yaradacaq.

Qeyd edək ki, konfransın gündəliyində parlamentlərin müasir qlobal proseslərdəki rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının təqdim etdiyi imkanlar və parlament müzakirələrindən doğan fikir mübadiləsinin qlobal çağırışların həllinə töhfəsi ilə bağlı müzakirələr yer alır.

Konfrans çərçivəsində "Azərbaycan və Türkiyə parlamentlərinin ictimai diplomatiya nümunələri" mövzusunda dəyirmi masa təşkil ediləcək.

Həmçinin, tədbir iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri və həmin ərazilərdə aparılan tikinti və bərpa işləri ilə tanışlığı da nəzərdə tutulub.

Seçilən
14
1
turkic.world

2Mənbələr