AZ

Yeni baş məşqçinin zərərli gümanı - Bu, ona yaxşı nəsə VƏD ETMİR!

Cavid Hüseynovun "Səbail"də işləri yaxşı getmir.

Bayıl təmsilçisi onun rəhbərliyi altında meydana çıxdığı hər iki Premyer Liqa görüşündə də məğlub olub.

Əvəzində Ölkə Kubokunda mərhələ adlamaq xoş hal kimi görünə bilər. Amma Birinci Liqanın autsayderi ilə matçda da "Səbail" gələcəyə müsbət işartı verə bilmədi.

Düzdü, bu üç matça görə yeni baş məşqçinin fəaliyyətini qiymətləndirmək tezdir.

Nəzərə alaq ki, rəqiblərdən biri son çempion "Qarabağ", digər isə medalçılara əsas namizəd göstərilən "Sabah" olub.

Amma bunu mütləq deməliyik ki, Paytaxt təmsilçisinin oyununda hansısa müsbət elementləri sezə bilmirik. Əksinə sanki komanda daha da geri gedir.

Qarşıdakı turlar bunu daha aydın sezə biləcəyik.

Lakin xüsusi diqqət çəkən bir məqam haqqında danışmasaq olmaz. Belə ki, Hüseynov dönə-dönə qış fasiləsini gözlədiyinin mesajını verir.

Güclənməyin labüd olduğunu qeyd edir. Bəlkə də güman edir ki, qışda güclənməklə istənilən geriliyi aradan qaldıra bilər.

Təbii ki, istənilən məşqçi kollektivinin daha da güclü olmasını istər.

Ələlxüsus da yeni gələnlər dəyişiklik üçün əldən-ayaqdan gedir. Nəzərə alaq ki, rəhbərlik də onun bu tələbi qarşısında "yaşıl işıq" yandırıb.

Amma transfer pəncərəsini gözləmək, heyət yetərsizliyinə təslim olmaq ruhunda qalmaq zərərli ola bilər.

Qış fasiləsinə kimi qarşıda hələ 3 matç var.

"Araz Naxçıvan", "Zirə" və "Şamaxı" ilə oyunlar. "Səbail" bu görüşlərdə xal toplamağa məhkumdur.

Xüsusilə "Şamaxı"ya qarşı görüş həlledici ola bilər. Bərabərlik belə məğlubiyyətə bərabər sayılacaq.

Artıq "Kəpəz" də turnir cədvəlində "Səbail"i qabaqladı.

Məncə, mövcud vəziyyətdə qış fasiləsinə köklənməkdən çox, yuxarıdakı matçlara fokuslanmaq daha vacibdir.

Qışa qədər indiki vəziyyətdən irəliyə doğru sıçrayış olmasa, qışdan sonra müdaxilə imkanları da daralacaq.

XANOĞLAN İMANOV

Seçilən
45
sportinfo.az

1Mənbələr