"Para Bank Olmayan Kredit Təşkilatı (BOKT)" Açıq Səhmdar Cəmiyyətinin (ASC) işçisi olmuş Kəyan Novruzov barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Valyuta.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Dekabrın 12-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Fərid Namazovun sədrliyi ilə keçiriləcək.
Kəyan Novruzov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.
Kəyan Novruzov bundan 2019-cu ildə də cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt ona Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Kəyan Novruzovun cinayət məsuliyyətinə cəlb olunmasına səbəb "Para BOKT"un rəhbərliyini hüquq-mühafizə orqanlarına şikayət etməsi olub.
Araşdırmalar zamanı məlum olub ki, Kəyan Novruzov "Para BOKT"un xeyli miqdarda vəsaitini mənimsəyib.