Mövsümün sürpriz komandası “Araz-Naxçıvan”ın növbəti rəqibi “Səbail”dir.
15 oyundan topladığı 36 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Naxçıvan təmsilçisi “ASCO Arena”da autsayderin qonağı olacaq.
“Səbail”in özünə doğma olan süni örtükdə oynadığını və son matçlarda qələbə üzünə həsrət qaldığını nəzərə alsaq, matçın qonaqlar üçün asan keçməyəcəyi gün kimi aydındır.
“Araz-Naxçıvan”ın və Premyer Liqanın ən sərrast futbolçusu Felipe Santos (8 qol) Sportinfo.az-a açıqlamasında məlum qarşılaşma ilə bağlı danışıb:
“Hər iki komanda üçün çətin olacaq. “Səbail” öz meydanında inamlı təsir bağışlayır.
Xalları da “ASCO Arena”da qazanıblar. Üstəlik, yeni baş məşqçiləri var, futbolçular özlərini sübut etməyə çalışırlar
. “Səbail”in sonuncu pillədə yer alması bizi aldatmamalıdır. Güclü komanda olduqlarını deməliyəm.
İstənilən halda, hər oyunda olduğu kimi, bu dəfə də məqsədimiz 3 xal qazanmaqdır”.
Dekabrın 7-də “ASCO Arena”da baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.
HƏBİB