"Dünya Bankı"nın İcra Direktorları Şurası Türkiyədə elektrikli dəmir yolu nəqliyyatını genişləndirmək səylərini dəstəkləmək üçün 660 milyon dollarlıq maliyyəni təsdiqləyib. Bununla yanaşı, ictimai səhiyyə sahəsində təcili vəziyyətlərə hazırlıq və onların idarə olunmasını yaxşılaşdırmaq məqsədilə 250 milyon dollarlıq maliyyə ayrılıb.
4 şəhəri əhatə edən elektrikli dəmir yolu layihəsi
Valyuta.Az-ın "NTV"ə istinadən verdiyi xəbərə əsasən "Dünya Bankı"nın açıqlamasında bildirilib ki, "Şərqi Türkiyə Orta Dəhliz Dəmir Yolu İnkişaf Layihəsi" mövcud dəmir yolu şəbəkəsinin ən qədim hissələrindən birinin genişləndirilməsi və modernləşdirilməsinə kömək edəcək.
Layihə çərçivəsində Sivasın Divriği rayonundan Qarsa qədər olan 660 kilometrlik dəmir yolu tamamilə elektriklə işləyən və müasir bir xətt şəklində yenidən qurulacaq.
Sivas, Ərzincan, Ərzurum və Qars şəhərlərini əhatə edən bu layihə, dəmir yolu boyunca yaşayan təxminən 600 min insanın rifahına müsbət təsir göstərəcək. Layihə eyni zamanda yerli şirkətlərə və kənd təsərrüfatı müəssisələrinə əhəmiyyətli dəstək verəcək.
2030-cu ildə layihə tam həyata keçirildikdən sonra hər il 72 min 332 ton karbon emissiyasının qarşısı alınacaq. Bu rəqəm 2060-cı ilə qədər 245 min 835 tona çatacaq.
İctimai səhiyyə üçün ayrılan 250 milyon dollar
Bundan əlavə, Türkiyədə ictimai səhiyyə sahəsində fövqəladə hallar hazırlıq və onların idarə olunmasını yaxşılaşdırmaq üçün 250 milyon dollarlıq maliyyə dəstəyi təsdiqlənib.
"Türkiyə İctimai Səhiyyə Fövqəladə Hallara Hazırlıq Layihəsi" çərçivəsində peyvənd istehsalının genişləndirilməsi və ölkənin ictimai səhiyyə üzrə fövqəladə halları aşkar etmək və onlara sürətli cavab vermək potensialının gücləndirilməsi nəzərdə tutulub.
Layihə həm avadanlıqların alınması və texniki yardım vasitəsilə peyvənd istehsalına dəstək verəcək, həm də infeksion xəstəliklər, iqlim dəyişikliyi və təbii fəlakətlər nəticəsində yaranan sağlamlıq problemlərinə qarşı hazırlığı artırmağı nəzərdə tutur.
Rəhim