Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) prezidenti Firuz Bağlıkaya bildirib ki, həm rəqabət mühiti, həm də rublun ucuzlaşması nəzərə alınmaqla rusiyalı qonaqları Türkiyəyə cəlb edəcək qiymət siyasətinə diqqət yetirilməlidir.
"Cebheinfo.az" xəbər verir ki, Bağlıkaya açıqlamada Rusiya rublunun ucuzlaşması və ABŞ-nin "Qazprombank"a qarşı sanksiyalara "Union Pay" kartını əlavə etməsinin rus turistlərin Türkiyəyə səyahətinə təsirlərini dəyərləndirib.
Uzun illərdir ki, Rusiya vətəndaşlarının xarici səfərləri üçün Türkiyənin ən vacib istiqamət olduğunu deyən Bağlıkaya bildirib ki, “Ancaq 2025-ci il yaxınlaşdıqca yeni beynəlxalq sanksiyalar, iqtisadi çətinliklər və siyasi gərginliklər, eləcə də Rusiyaya qarşı davam edən sanksiyalar, Rusiyadan Türkiyəyə turist axınına mənfi təsir göstərə bilər".
Rusiya-Ukrayna müharibəsi ilə birlikdə qüvvəyə minən aviasiya sahəsində sanksiyaların 2 ildən sonra aviasiya sektorundakı problemləri daha da qabarıq göstərdiyini bildirən Bağlıkaya, ehtiyat hissələrinin tədarükündə yaşanan çətinliklərin "Boeing" və "Airbus" təyyarələrinin əlavə hissə tədarükündə çətinliklır yaratdığını, təyyarə donanmasının istismar qabiliyyətini azaltmaqla yanaşı rus turistlərin xaricə səyahətini mənfi təsir edə biləcək bir faktor halına gəldiyini vurğulayıb.
Bağlıkaya, "Başqa bir problem ABŞ rəhbərliyinin Rusiyanın beynəlxalq maliyyə sistemindən istifadə etməsinin qarşısını almaq üçün "Qazprombank"a qarşı tətbiq etdiyi sanksiyalar və bu çərçivədə "Union Pay" kartının bloklanmasıdır.
Bu vəziyyət Rusiya vətəndaşlarının Türkiyədəki tətilləri zamanı ödənişlər və maliyyə əməliyyatlarında problem yaşamasına səbəb olur" deyib.
Bundan əlavə, rublun son zamanlar dəyər itirdiyini vurğulayan Bağlıkaya, Rusiya vətəndaşlarının alıcılıq qabiliyyətinin azalmasının 2025-ci ildə Rusiyadan Türkiyəyə gələn ziyarətçilərin sayına mənfi təsir edə biləcək amillər arasında olduğunu qeyd edib.
Suriya məsələsinin Türkiyə ilə Rusiya arasındakı turizm hərəkətlərinə mənfi təsir göstərə biləcək məsələlər arasında olduğunu qeyd edən Bağlıkaya, “Ancaq bu mövzuda bizim ən böyük təminatımız Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin dialoqlarının hər zaman diqqətdə saxlanan yanaşmasıdır.
İki ölkə arasında müsbət əlaqələri dəstəkləyən bu dialoqun turizm hərəkətlərində də ola biləcək axsamaların qarşısını alacağına inanırıq" deyib.