“Fiorentina”nın italiyalı mərkəz hücumçusu Moyze Kin İtaliya A Seriyasında noyabr ayının ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası rəsmi saytı vasitəsilə məlumat yayıb.
Moyze noyabr ayında A Seriyası çərçivəsində keçirdikləri 3 oyunda bütövlükdə 5 qol vurub. Florensiya təmsilçisi isə həmin oyunlardan maksimum nəticə ilə ayrılıb. Belə ki, noyabrın 3-də “Torino” səfərinə yollanan “Fiorentina” məhz Kinin vurduğu yeganə qol sayəsində 3 xal qazanıb – 1:0. Ötən ayın 11-də baş tutan “Verona” ilə ev oyununda (3:1) isə italiyalı forvard het-trik edib. Noyabrın 24-də keçirilmiş “Komo” ilə səfər oyununda (2:0) da Kin bir qol vurub.
Xatırladaq ki, Moyze Kin İtaliyanın digər klubu “Yuventus”un yetirməsidir. O, peşəkar karyerasına da məhz bu komandada başlayıb. Turinlilər 2017/18 mövsümündə “Verona”ya icarəyə verdikləri gənc forvardı 2019-cu ildə “Everton”a satıblar. 2023-cü ilin yayında isə Turin klubu Premyer Liqa təmsilçisinə 30 milyon avro ödəməklə Kini yenidən heyətinə qatıb. Hücumçu “Fiorentina”ya bu ilin yayında “Yuventus”dan 13 milyon avro müqabilində keçib. O, Florensiya təmsilçisinin heyətində 16 oyuna çıxıb, 13 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
İtaliyalı hücumçu karyerası ərzində “Yuventus”, PSJ, “Everton” və “Verona”nın da uğurları üçün çalışıb. 2018-ci ildən İtaliya yığmasına da dəvət alan hücumçu, millidə 19 oyun keçirib, 5 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Moyze Kin karyerasında ikinci dəfə A Seriyasında ayın ən yaxşı oyunçusu seçilir. O, daha öncə 2022-ci ilin noyabr ayında çempionatın ən yaxşısı elan edilmişdi. Həmin vaxt hücumçu “Yuventus”un formasında buna nail olmuşdu.