Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Azərbaycan Kuboku və İkinci Liqanın son oyunları ilə bağlı müxtəlif qərarlar qəbul olunub.
Arena.az sizi həmin qərarların siyahısı ilə tanış edir:
Azərbaycan Kuboku, 1/8 final
“Turan Tovuz” – “Sabah” oyunu bitdikdən sonra “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Tovuz komandası 500 manat cərimə edilib. “Turan Tovuz”un azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilib.
“Kəpəz” – “İmişli” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə komandası 700 manat cərimə edilib.
İkinci Liqa, 11-ci tur
“Dinamo” – “Hypers Quba” oyununda “Dinamo”nun 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib. “Hypers Quba”nın futbolçusu Rəhim Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Hypers Quba” komandası buna görə 100 manat cərimə ödəyəcək. “Hypers Quba”nın heyətində adı matçın protokolunda olmayan 17 nömrəli futbolçu Nail Təhməzli oyuna daxil olduğuna görə sözügedən komandasına texniki məğlubiyyət verilib. “Hypers Quba” komandası buna görə 400 manat cərimə edilib.
“Şəfa” – “Ağdaş” oyununun başlanma saatını “Ağdaş” komandası gecikdirdiyinə görə sözügedən klub 150 manat cərimə edilib.
“Kür-Araz” – “Şəki Siti” oyununda Şəki komandasının qapıçısının formasında qüsurlar olduğuna görə sözügedən klub 100 manat cərimə edilib.