“Bizi ağır oyun gözlədiyini bilirdik. Süni meydanda oynayırdıq. Komandamızı daha ağır matça kökləyirdik”.
İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının XVI turunun “Səbail”lə səfər matçından sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb: “Matça istədiyimiz kimi başlaya bilmədik. Getdikcə ritmə uyğunlaşmağa çalışdıq. Komandamı təbrik edirəm. Artırmaq üçün potensialımız var. Qarşıdakı matçlarda daha da məzmunlu oynayacağığımıza ümid edirəm. Qarşıda təkcə "Sabah" və "Qarabağ"la oyunlar deyil, çempionatın 3-cü və 4-cü dövrələri də var. Uğura çatmaq üçün daha yaxşısını etməliyik”.
Baxşıyev komandasının uğurunun sirri barədə danışıb: “Qəbələ”də çalışanda Asif Məmmədovun 38 yaşı var idi. Lakin meydanda gənclərlə eyni yükü alırdı. Futbolda yaş anlayışı keçmişdə qalıb. Təcrübəli oyunçularımız var. Bütün futbolçular istəklidir. Prinsipimdə gəncdir, yaşlıdır, əcnəbi və ya legionerdir yoxdur. Hər kəslə işləməyə çalışırıq. Onlar da qarşılıq verirlər. Elə futbolçular var ki, nəticələrə acdılar. Oyundan-oyuna düzgün yanaşırlar. Yaxşı kollektiv formalaşıb. Sevindirici odur ki, futbolçularım iddialıdır. Sırf "Qarabağ"la mübarizə aparaq deyə prinsipimiz yoxdur. "Sabah" da iddialıdır. Yüksək yerlər uğrunda mübarizə aparırlar. Mən indiki durumda çempionluğu düşünmürəm. Qış fasiləsinə iki oyun qalıb. O iki oyunu düşünmək məcburiyyətindəyik”.
Baş məşqçi qış planlarına da toxunub: “Ölkə daxilində hazırlıq keçəcəyik. Vaxt çox olmadığından Bakıda qalacağıq. Transferə gəlincə, danışıqlara başlamamışıq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” səfər görüşündə iki cavabsız qolla qələbə qazanıb.
İdman.biz