Bir çox "Wall Street" kredit təşkilatına görə, "Çin Xalq Bank"ı ("PBOC") növbəti il ərzində iqtisadi artımı dəstəkləmək və deflyasiyanın* qarşısını almaq məqsədilə son on ilin ən böyük faiz endirimlərini həyata keçirəcək.
Valyuta.Az xəbər verir ki, "Goldman Sachs Group Inc." və "Morgan Stanley", 2025-ci ildə Çin Xalq Bankasının siyasət faizində 40 baza bəndlik endirim edəcəyini proqnozlaşdırır. Bu, 2015-ci ildən bəri bir təqvim ilində ən böyük faiz endirimi olacaq və yeddi günlük tərs repo faizini 1,1%-ə qədər azaldacaq.
"Çin Xalq Bankı"nın rəhbəri Pan Qonqşenq (Pan Gongsheng), artan iqtisadi çətinliklər fonunda ölkənin iqtisadiyyatını canlandırmaq üçün daha geniş miqyasda tədbirlər görməyə hazır olduğunu bəyan edib.
Çin bu əsrdə ən uzun deflyasiya dövrünü yaşayır və bu, "PBOC"nin faiz endirimlərinə baxmayaraq, borclanmanın real xərclərini yüksək səviyyədə saxlayır. Donald Trampın (Donald Trump) yenidən ABŞ prezidentliyinə qayıtması isə ikinci bir ticarət müharibəsi təhdidi yaradır və vəziyyəti daha da ağırlaşdırır.
"Goldman Sachs"ın Çində baş iqtisadçısı Hui Şan (Hui Shan) bildirib: "Maliyyə stimulu gələn il tələbi artırmaq üçün böyük bir yükü daşımalı olacaq. Zəif daxili tələb və ABŞ tariflərinin artması risklərini balanslaşdırmaq üçün pul siyasətində yumşalma da daxil olmaqla, əhəmiyyətli makroiqtisadi tədbirlər görülməlidir."
İqtisadçılar hökuməti borclanmanı və xərcləri artırmağa, həmçinin daşınmaz əmlak sektorundakı uzunmüddətli problemləri stabilləşdirmək üçün əlavə tədbirlər görməyə çağırır.
Faiz endirimi proqnozları, Çində aşağı faiz mühitinin uzunmüddətli ola biləcəyinə işarə edir. Bu tendensiya son vaxtlar istiqraz bazarlarında diqqət mərkəzindədir. Bu həftə 10 illik dövlət istiqrazlarının gəlirliliyi ilk dəfə olaraq 2%-in altına düşüb, 30 illik gəlirlilik isə Yaponiyanın səviyyəsindən də aşağı olub.
Faiz dərəcələrini azaltmaqla yanaşı, "PBOC"nin banklardan tələb olunan ehtiyat məbləğini də azaltması gözlənilir. "Deutsche Bank AG"nin iqtisadçıları daxil olmaqla bəzi mütəxəssislər, likvidliyi artırmaq üçün qarşıdakı il ərzində ehtiyat nisbətində 100 baza bəndlik azalmalar proqnozlaşdırır.
ABŞ tarifləri Çin ixracatçılarının məhsullarına xaricdə alıcı tapmaqda çətinlik çəkməsinə və bununla da daxili bazarda daha çox satışa məcbur olmasına səbəb ola bilər. Bu, ölkədəki deflyasiya problemlərini daha da dərinləşdirə bilər.
Çin iqtisadiyyatının ən geniş qiymət göstəricisi olan ÜDM deflyatoru**, 2023-cü ilin əvvəlindən bəri sıfırdan aşağı səviyyədədir. Bu isə inflyasiya ilə tənzimlənmiş borclanma xərclərini yüksək saxlayır.
"PBOC" tərəfindən nəzərdə tutulan faiz endirimləri, mövcud borcların maliyyələşdirilməsini asanlaşdıraraq istehlakçılar, şirkətlər və yerli idarələr üzərindəki yükü yüngülləşdirmək məqsədi daşıyır.
İZAHAT:
* Deflyasiya - (lat. deflatio — şişirmə) yerli valyutanın alıcılıq qabiliyyətinin artması
** ÜDM deflyatoru - ölkə daxilində istehsal olunan bütün son istehlak məhsullarının qiymətindəki dəyişikliyi əks etdirən göstərici
Rəhim