AZ

Kosmik səyahətdə inqilabi kəşf: Marsa səfər planları

Alimlər Marsa səfəri mümkün etmək üçün lazerlərdən istifadə olunan inqilabi bir üsul kəşf ediblər.  

Valyuta.Az "NTV"ə istinadən xəbər verir ki, bu texnologiya, bitkilərin və bakteriyaların fotosintez yolu ilə işığı kimyəvi enerjiyə çevirməsindən ilhamlanaraq Yer üzündə də təmiz enerji istehsalında tətbiq oluna bilər.  

Plana əsasən, alimlər bəzi fotosintezedici bakteriyaların işığı yönləndirən sistemlər yenidən istifadə edərək günəş işığından alınan enerjini artırmağı və bu enerjini lazer şüalarına çevirərək kosmosa ötürməyi nəzərdə tuturlar.  

Bununla yanaşı, lazerlərin kövrək süni komponentlər əvəzinə orqanik materiallardan hazırlanması sayəsində onların kosmosda effektiv şəkildə yenidən istehsalı mümkün olacaq. Bu isə lazerlərin işlək vəziyyətdə qalması üçün Yerdən ehtiyat hissələrin göndərilməsinə ehtiyac olmayacağı anlamına gəlir.  

“APACE” adlanan layihə hələ laboratoriya şəraitində işlənir və sonra kosmosda tətbiqi üçün uyğunluğu sınaqdan keçiriləcək.  

Heriot-Vatt Universitetinin Fotonik və Kvant Elmləri İnstitutundan professor Erik Qauger (Erik Gauger) bu texnologiyanın inqilabi potensialını belə izah edir:  

“Adi günəş işığı bir lazeri birbaşa işlətmək üçün adətən çox zəifdir, lakin bu xüsusi bakteriyalar mürəkkəb işıq toplama strukturları sayəsində günəş işığını toplamaqda və yönəltməkdə son dərəcə təsirlidir.”  

Professor Qaugerin fikrincə, bu bakteriyalar günəş enerjisini artırmaq qabiliyyətinə malikdir.  

Sistem, zəif işıq şəraitində yaşamaq üçün təkamül etmiş və təbiətin ən səmərəli günəş işığı toplayıcıları olan bakteriyalardən istifadə edəcək. Alimlər bu strukturları həm təbii, həm də süni versiyalar kimi inkişaf etdirərək yeni lazer materialları yaradacaqlar.  

İlk sınaqların keçirilməsi

Alimlər ilk prototiplərini üç il ərzində sınaqdan keçirməyə hazır olmağı gözləyirlər.  

Bu texnologiya təkcə Mars missiyalarını asanlaşdırmaqla qalmayacaq, həm də Yer üzündə təmiz və naqilsiz enerji həlləri təqdim edə bilər.  

Professor Qauger əlavə edir:  

“Yeni texnologiyamız kosmos stansiyalarında qurulub istifadə oluna bilərsə, yerli enerji istehsalına yardımçı olacaq və hətta infraqırmızı lazer şüaları vasitəsilə peyklərə və ya Yerə enerji ötürülməsi üsulu təqdim edə bilər.”  

Alimlər hər bir işıq fotonunu ələ keçirmək üçün təkamül etmiş bakteriyaları araşdırmaqla işə başlayacaqlar. Daha sonra bu komponentlər daha böyük sistemlərdə sınaqdan keçirilmək üçün yeni lazer materialı növünə çevriləcək.  

Kosmos agentliklərinin Mars həyəcanı  

Bu kəşf, kosmos agentliklərinin və özəl şirkətlərin Mars tədqiqatlarını gücləndirdiyi bir dövrdə ortaya çıxıb.  

“SpaceX” dünyanın ən güclü raketi olan “Starship” ilə gələcək Mars missiyaları üçün imkanlarını inkişaf etdirməyə davam edərkən altıncı sınaq uçuşuna hazırlaşır.  

Bu kosmos aparatı həm "NASA"nın Ay missiyalarında, həm də “SpaceX” rəhbəri İlon Maskın (Elon Musk) Marsı kolonizasiya etmək vizionunda mühüm rol oynayacaq.  

Çin də kosmos tədqiqatlarını davam etdirir və 2031-ci ilə qədər “Tianven-3” missiyası ilə Marsdan torpaq nümunələri gətirməyi planlaşdırır.  

Bakteriyalara əsaslanan lazer texnologiyası, bu iddialı Mars missiyaları üçün davamlı enerji həlli təqdim edərək kosmos tədqiqatının ən böyük çətinliklərindən birinə cavab ola bilər.  

Rəhim

Seçilən
16
3
valyuta.az

4Mənbələr