AZ

Vüsal İsgəndərli oynadı, Renat Dadaşovla Həsən Nəzərov…

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 15-ci turu çərçivəsində baş tutan “Ankaragücü” ilə oyunun iştirakçısı olub.

Hansı ki, Ankara təmsilçisində də digər azərbaycanlı futbolçular – Renat Dadaşov və Həsən Nəzərov forma geyinirlər.

“Boluspor” doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

İsgəndərli bu oyunun 89-cu dəqiqəsində, hesab 2:2 olarkən meydana buraxılıb. Komandası 90+3-cü dəqiqədə buraxdığı qolla məğlub olub. Həsən ilə zədəli olan Renat isə Boludakı qarşılaşmanın iştirak ərizəsində yer almayıblar.

Bu, Bolu təmsilçisinin cari mövsümdəki 6-cı məğlubiyyətidir. Futbolçumuzun komandası digər oyunlarında 3 heç-heçə və 6 qələbə görüb.

“Ankaragücü” isə cari mövsümdə 7-ci qələbəsini rəsmiləşdirib. Azərbaycanlı futbolçuların komandası qalan görüşlərdə 2 qələbə qazanıb, 6 məğlubiyyətə üzülüb.

Bu nəticələrdən sonra Ankara təmsilçisi 23 xalla 6-cı, Bolu klubu isə 21 xalla 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 19 matça çıxıb, hələ məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 9 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 3 oyun keçirib.

Seçilən
31
arena.az

1Mənbələr