AZ

Suriyada Yeni Mərhələ: Türkiyənin geosiyasi hədəfləri və Əsəd rejiminin sonu

15 mart 2011-ci ildə başlamış etiraz aksiyası az sonra silahlı üsyana, daha sonra isə vətəndaş müharibəsinə çevrildi. Bu tarixdən 13 il 9 ay sonra Dəməşqdəki rəsmi hökumət süqut etdi və beləliklə, 61 illik Əsəd hakimiyyəti başa çatdı. Hazırda müxalif silahlı birləşmələrin paytaxta daxil olmasından öncə Dəməşqdən havaya qalxan sonuncu təyyarə - İl-76-nın qəzaya uğraması və Bəşər Əsədin həlak olması ilə bağlı dünya mediasında informasiyalar yayılır. Daha sonra məlum oldu ki, Bəşər Əsəd sağdır və Rusiya ona sığınacaq verib. 
 
Türkiyə ötən əsrin 80-90-cı illərdən etibarən pkk terror təşkilatına hamilik edən rəsmi Dəməşqlə "haqq-hesabını" yekunlaşdırsa da rəsmi Ankaranın hələlik Suriyada yekun hədəfinə çatdığını demək olmaz. Çünki ABŞ-ın açıq, Rusiya və İranın isə dolayısı ilə dəstək verdiyi pkk-nın Suriya qanadı hələ də ölkənin şimal sərhəddinin önəmli bir qismi də daxil olmaqla ümumi ərazinin 1/4-nə qədər hissəsinə nəzarə edir. Əsəd hökuməti süqut ərəfəsində bir sıra yeni əraziləri də terrorçu pyd-yə təhvil verib. ABŞ ötən 13 il ərzində terrorçu dəstələri birləşdirib təlim keçərək və onları hər cür hərbi texnika ilə təmin edərək nizami orduya çevirib. Ona görə hazırda Suriyanın şimalının yarıdan çox hissəsinə pyd-nin nəzarət etməsi Türkiyə üçün ekzistensial problemdir. 
 
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun 5 gün öncə Tel-Rifatı terrorçulardan təmizləməsindən sonra pyd-nin komandiri Mazlum Abdinin problemi dialoqla çözmək çağırışına rəsmi Ankaranın ciddi yanaşması inandırıcı deyil. Güman ki, Tel-Rifatla başlayan hazırki mərhələ Kamışlı, Malikiyyə və ondan da şərqdə İraq sərhəddinədək ərazinin terrorçulardan təmizlənməsinə qədər davam edəcək. 
 
Hazırki geosiyasi mənzərə Türkiyənin Suriyada təsir dairəsini artırdığını, tezliklə qaçqın problemini həll etməyə başlayacağını və R.T.Ərdoğan iqtidarının növbəti seçkilərə daha güclü şəkildə gedəcəyini göstərir. Türkiyənin regionda və dünyada mövqelərinin güclənməsi, iqtisadi və hərbi imkanlarının artması sevindiricidir. Çünki güclü Türkiyə həm də güclü Azərbaycan deməkdir.
 
Elməddin Behbud
Seçilən
36
moderator.az

1Mənbələr