AZ

Suriya: Xaosdan qurtuluş dünyaya necə təsir edəcək? - POLİTOLOQ DANIŞDI

Suriyada Bəşər Əsəd rejiminin devrilməsi son onillikdə beynəlxalq siyasətin ən mürəkkəb və müzakirə olunan mövzularından biri oldu.

Bakıvaxtı.az xəbər verir ki, “Ərəb baharı” dalğası ilə başlayan xalq hərəkatları Suriyada əvvəlcə dinc etirazlarla özünü göstərdi, lakin bu proses tezliklə silahlı münaqişəyə çevrildi. Rejim əleyhdarlarının dəyişiklik çağırışları Əsəd hökumətinin amansız cavab tədbirləri və regionda müxtəlif maraqların toqquşması Suriyanı geniş miqyaslı və uzunmüddətli bir müharibənin mərkəzinə çevirdi. Bu gün vəziyyət tamamilə dəyişib.

Bəs Əsəd rejiminin devrilməsi bu prosesin daxili və beynəlxalq aspektlərini, eləcə də mümkün nəticələrini hansı istiqamətə yönəldir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Qədir Aslan bildirib ki, Suriya münaqişəsi Əsəd rejiminin devrilməsi ilə yeni bir mərhələyə qədəm qoydu:

"Uzun illər avtoritar idarəetmə və qanlı vətəndaş müharibəsindən sonra rejimin çöküşü həm ölkə daxilində, həm də beynəlxalq arenada dərin təsirlər yaradıb. Bu dəyişiklik regionun siyasi dinamikasını, humanitar vəziyyətini və qlobal güc balansını kökündən dəyişdirib".

Müsahibimizin sözlərinə görə, Əsəd rejiminin devrilməsi ilə Suriya daxilindəki siyasi vakuum müxtəlif qrupların hakimiyyət uğrunda mübarizəsinə səbəb olub. Onun sözlərinə görə, müxalif qüvvələr rejimdən sonra ölkənin gələcəyini formalaşdırmaq üçün bir araya gəlməyə çalışsalar da, aralarındakı ideoloji və strateji fərqlər münaqişələrin davam etməsinə gətirib çıxarıb:

"Yeni bir hökumət qurmaq və demokratiyanın əsaslarını yaratmaq cəhdləri çoxsaylı daxili və xarici maneələrlə üzləşib".

Politoloqun fikrincə, Əsəd rejiminin devrilməsi regionda güc balansını dəyişdirəcək:

"İran və Rusiya kimi rejimi dəstəkləyən ölkələrin mövqeyi zəifləyir, Türkiyə, Körfəz ölkələri və Qərb dövlətləri öz maraqlarını irəli çəkmək üçün daha çox imkan qazanıblar. Lakin bu proses, eyni zamanda, müxtəlif regional aktorlar arasında yeni münaqişə ocaqlarının yaranmasına şərait yaradıb. Beynəlxalq səviyyədə isə rejimin devrilməsi qlobal güclərin rolunu yenidən müzakirəyə çıxarıb".

ABŞ və Avropa dövlətlərinin Suriya siyasəti yenidən nəzərdən keçirdiyini qeyd edən Qədir Aslan diqqətə çatdırıb ki, Rusiya kimi böyük dövlətlər bu dəyişikliklərə uyğunlaşmağa çalışacaq:

"Bu vəziyyət həm də gələcəkdə başqa avtoritar rejimlərin devrilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin yanaşmasını formalaşdıracaq".

Türkiyə və İsrail arasındakı münasibətlərlə bağlı sualımıza cavab olaraq mütəxəssis bildirib ki, iki ölkə arasında müəyyən yaxınlaşma müşahidə edilə bilər:

"Türkiyə və İsrail arasındakı münasibətlərə Suriya münaqişəsi və Əsəd rejiminin devrilməsi prizmasından baxdıqda demək olar ki, bu iki ölkə arasında yaxınlaşma ehtimalını gücləndirən bir sıra regional və strateji faktorlar ön plana çıxır. Əsəd rejiminin devrilməsi ilə bölgədə yeni siyasi və təhlükəsizlik reallıqları yaranıb ki, bu da Türkiyə və İsrailin maraqlarını müəyyən mənada yaxınlaşdırır".

Qədir Aslan: Əsəd rejiminin devrilməsi regionda güc balansını dəyişdirəcək

Son olaraq Qədir Aslan qeyd edib ki, baş verənlərin fonunda Rusiyanın Suriya ərazisindən sıxışdırılıb çıxarılması yalnız Yaxın Şərq deyil, həm də Qafqaz regionunda güc balansına əhəmiyyətli təsir göstərə bilər:

"Bu prosesin Türkiyə aspektindən qiymətləndirilməsi bir neçə strateji və geosiyasi faktoru önə çıxarır. Suriyada hərbi və siyasi mövqeyini itirən Rusiya artıq resurslarını və diqqətini Qafqazdakı mövqelərini qorumağa yönəltməli olacaq. Türkiyə isə bu vəziyyətdən istifadə edərək, regionda nüfuzunu artırmaq üçün daha əlverişli mühit əldə edə bilər. Azərbaycanın əsas strateji müttəfiqi kimi Türkiyə xüsusilə Cənubi Qafqazda daha güclü rol oynamaq şansı əldə edir".

Mütəxəssisin fikrindən bu qənaətə gəlmək olar ki, Əsəd rejiminin devrilməsi Suriya daxilində olduğu qədər, regional və beynəlxalq səviyyədə də böyük təsir yaratmış, yeni geosiyasi reallıqların formalaşmasına səbəb olmuşdur. Bu prosesin nəticələri yalnız Suriyanın gələcəyini deyil, həm də Yaxın Şərq və digər regionlardakı güc balanslarını dəyişdirəcək. Əsəd rejiminin çöküşü ilə bağlı baş verən dəyişikliklərə müxtəlif aspektlərdən yanaşmaq mümkündür.

Əli Hüseynov

Seçilən
58
bakivaxti.az

1Mənbələr