Bakı, TurkicWorld
Uzun müddət terror təşkilatı PKK/YPG-nin nəzarətində olan Suriyanın Mənbiç bölgəsi azad olunub.
TurkicWorld xəbər verir ki, Suriya Milli Ordusu (SMO) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Fərat çayının qərbində yerləşən və ən böyük terror yuvalarından biri hesab edilən bölgə tamamilə təhlükəsizləşdirilib.
Əməliyyat zamanı SMO qüvvələri Mənbicin qərbində yerləşən Ureyme qəsəbəsi və şimalındakı Um Dadat kəndini azad edərək, rayona şimal və qərb istiqamətindən daxil olub. Hazırda ərazidə mina və partlayıcı maddələrə qarşı genişmiqyaslı axtarış və təmizləmə işləri aparılır.
Mənbic 2016-cı ildə PKK/YPG-nin nəzarətinə keçib və Fərat çayının qərbindəki ən böyük terror dəhlizi rolunu oynayır. Bu bölgə, terror təşkilatının Suriyanın şərqindən Aralıq dənizinə qədər uzanmaq niyyətində olduğu dəhlizdə mərkəzi mövqe tutur.
Türkiyə isə 2016-cı ildə başladığı "Fərat Qalxanı" əməliyyatı ilə bu planlara əhəmiyyətli zərbə vurmuş və bölgənin terror təşkilatlarının nəzarətindən çıxarılması istiqamətində mühüm addımlar atıb.
Suriya Müvəqqəti Hökumətinin sədri Əbdürrəhman Mustafa Mənbicin azad edilməsini Suriya xalqı üçün mühüm qələbə kimi dəyərləndirib və bu əməliyyatların məqsədinin bölgə xalqının azadlığı və təhlükəsizliyinin təmin edilməsi olduğunu bildirib.
Qeyd edək ki, Dekabrın 1-də başlayan əməliyyat çərçivəsində daha əvvəl Tel Rıfat da terrorçulardan azad edilmişdi.