AZ

“Kreativ Media - Bakı” məzmun və “Yaşıl həmrəylik və dayanıqlı inkişaf mediada” ideya müsabiqələrinin qalibləri mükafatlandırılıb

Medianın İnkişafı Agentliyi və “AzerGold” QSC-nin birgə təşkilatçılığı ilə oktyabrın 1-dən 20-dək elan edilən “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova qeyd edib ki, çağdaş medianın tələblərinə cavab verən, gənc, dinamik, istedadlı və bacarıqlı jurnalistlərin hazırlanması olduqca vacibdir və “MEDİAlab” layihəsi çərçivəsində təşkil olunan “Kreativ Media - Bakı” məzmun müsabiqəsi bu istiqamətdəki mühüm təşəbbüslərdəndir.

Qeyd olunub ki, müsabiqə müddəti ərzində Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova və Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyevanın iştirakı ilə "Kreativ Media - Bakı" məzmun müsabiqəsinin finalçıları ilə mentorluq görüşü keçirilib. Görüş zamanı mentorlar gənclərin hazırladıqları onlayn qəzet və süjet materiallarını təhlil edib, öz tövsiyələrini veriblər.

“AzerGold” QSC-nin müşaviri Leyla Sadıxova qlobal ətraf mühit məsələlərinin və dayanıqlı inkişafın artıq dünyada yeni məzmun kəsb etdiyini qeyd edib. O, “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin mövzularının müasir dövrün çağırışları ilə uzlaşdığını bildirib, gənclərin hazırladıqları reportajlarda iqlim dəyişmələrinə qarşı mübarizədə yeni yanaşmaların əks etdirilməsini və gənclərin yaradıcı yanaşmalarını xüsusilə təqdir edib.

Sonda müsabiqənin qalibləri təltif olunub.

Tədbir çərçivəsində, həmçinin jurnalistika və kommunikasiya ixtisasında təhsil alan, bu sahəyə marağı olan gənclər üçün “Yaşıl həmrəylik və dayanıqlı inkişaf mediada” ideya müsabiqəsi keçirilib.

Tədbirdə Gənclər siyasəti və gənclərlə iş sahəsində xüsusi fərqlənməyə görə 2024‑cü il Gənclər üçün Prezident mükafatçısı, Gənclər və İdman Nazirliyinin Beynəlxalq Əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova tərəfindən “Yaşıl həmrəylik və dayanıqlı inkişaf mediada” ideya müsabiqəsi çərçivəsində davamlı tərəqqinin əsas prinsipləri və məqsədləri haqqında geniş məlumatlandırma sessiyası keçirilib, sözügedən müsabiqənin hazırlıq prosesi və istiqamətlərinə dair informasiya verilib. Daha sonra iştirakçılar 30 dəqiqə ərzində “Ekoloji təşəbbüslər: “Yaşıl düşüncə”” və “Sıfır Emissiya: Sağlam gələcək” mövzuları üzrə təqdimat hazırlayıblar. Tədbir çərçivəsində qaliblər müəyyənləşdirilərək mükafatlandırılıblar. Bildirilib ki, bu cür layihələr gənclərin müvafiq sahədəki bilik və bacarıqlarını inkişaf etdirməyə xidmət edərək, onların innovativ təşəbbüsləri irəli sürmələri üçün böyük imkan yaradır.

1/10
Seçilən
94
1
media.gov.az

2Mənbələr