Londonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Xalq artisti Miri Yusifin konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə 400-dən çox qonaq iştirak edib.
Miri Yusif gecədə “Ağ Təyyarə”, “Tərk-i Həyat”, “Səndən bir dənədir”, “Sənə Qurban” və digər sevilən mahnılarını ifa edərək pərəstişkarlarına unudulmaz anlar yaşadıb. Onun ifası böyük alqışlarla qarşılanıb. Konsertdə Miri Yusifi DJ China müşayiət edib.
Tədbirin sonunda Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan xalqının gücü onun birliyində və həmrəyliyindədir. Prezident İlham Əliyevin rəhbərliyi altında hər il daha da güclənən Azərbaycanın uğurları Dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilib.
Səfir tədbirdə iştirak edən hər kəsi bayrağımızın daim zirvələrdə dalğalanması üçün həmrəylik nümayiş etdirməyə çağırıb.
Tədbir həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətini qeyd etmək, həm də Azərbaycan mədəniyyətini Londonda təbliğ etmək baxımından böyük uğurla yadda qalıb.