AZ

"Rusiya Əsədə siyasi sığınacaq verərək Suriyada proseslərdən kənarda qalmadığını göstərir"

“Suriyada bir epoxa bitdi. Əsəd sülaləsi hakimiyyətdən devrildi və yeni bir dönəm başlayır”.
Bu fikirləri  Moderator.az-a açıqlamasında politoloq Oqtay Qasımov Suriyada baş verənləri şərh edərkən deyib.
 
 
Onun sözlərinə görə, Suriyadakı  proseslərin dinc yolla həll olunmasını istərdik:
 
 “Amma Suriyada olduqca böyük güclərin maraqları var və hər biri öz maraqlarını Suriya üzərindən təmin etmək istəyir. O zaman gələcəklə bağlı proqnozlar çox da optimist olmağa əsas vermir və artıq rejim devriləndən sonra bölgədəki güclərin davranışlarında bunu  görməkdəyik. Bu günə qədər Suriyada beş əsas gücün təsirinin olduğunu görməkdəyik. Amerika Birləşmiş Ştatları əsas güclərdən biridir ki,  hazırda özünün dəstəklədiyi terror təşkilatı PKK- nın vasitəsilə Suriyanın ərazilərinin təxminən üçdə birinə nəzarət etməkdədir və Amerika məhz PKK/YPG-nin formalaşdırılması və onu dəstəkləmək üçün bu günə qədər rəsmi olaraq 20 milyarda qədər, qeyr- rəmi olarq 60 milyard dollara qədər vəsait xərclədiyi qeyd edilib və özünün ən yaxın müttəfiqi Türkiyəyə satmadığı silahları bu terror təşkilatına hədiyyə edir və məhz Amerika Birləşmiş Ştatlarının Suriyadakı hərbi bazaları Suriyanın neft ərazilərinin 90 faizini, qazla zəngin olan ərazilərinin 50 faizini nəzarət altında saxlamaqdadır. Baydenin açıqlamasından sonra o qənaətə bir daha gəlmək olar ki, Amerika Suriyada proseslərin yalnız onun diktəsi ilə davam etməsində maraqlıdır. Amerika prezidenti bildirdi ki, onlar Suriyadan çıxmayacaqlar və  ənənəvi tərəfdaşları ilə münasibətləri davam etdirəcəklər. Bu o deməkdir ki, artıq Suriya məsələsində Amerika və  Türkiyə arasında müəyyən ziddiyyətlər qalacaq. Türkiyə və ABŞ arasında ziddiyyətlər məhz PKK/YPG terror təşkilatı ilə bağlı olacaq. Çünki Türkiyə bu terror təşkilatını özü üçün təhlükə hesab ki, məhz onun vasitəsilə Türkiyə sərhədində Amerika bir dövlət qurmaqla, Türkiyəni təzyiq altında saxlamağa çalışır”.
 
Politoloq qeyd edib ki, Suriyada əsas qüvvələrdən biri də İsraildir:
 
“İsrailin Əsəd rejimi üzərində çox böyük təsir imkanları olmasa da, müəyyən əlaqələrin olduğu ilə bağlı şübhələr vardı ki, bu da artıq gün üzünə çıxmaqdadır. Artıq İsrail ordusu  Qolan təpələrini faktiki olaraq işğala başlayıb. 1967-ci ildə İsrail tərəfindən Qolan təpələrinin bir hissəsi işğal olunmuşdu və bu gün də bu ərazilər  işğal altında qalmaqdadır və hazırkı yaranmış şəraitdən istifadə edən İsrail bu təpələrin tamamını öz  nəzarətində saxlamağa qərar verib və bunu da özünün təhlükəsizliyi ilə bağlı olan məsələ kimi təqdim etməyə çalışır. 
Rusiya və  İran da son dövrə qədər Əsəd rejimi üzərində ən böyük təsir imkanı olan güclər idi.  
Faktiki olaraq İran bu an etibarı ilə oyundan kənarda qalmış kimi görünür. Rusiyanın bölgədə iki hərbi bazası qalmaqdadır və təbii ki, Rusiya Əsədə siyasi sığınacaq verməklə proseslərdən heç də kənarda qalmadığını göstərməyə çalışır.
Bu qüvvələrin içində Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasında maraqlıdır.
 Türkiyə Suriyada  elə bir dövlət quruluşunun  yaranmasında maraqlıdır ki, burada hər bir vətəndaşın, etnik və  dini qrupların haqları və hüquqları təmin olunsun. Təbii ki, Türkiyənin də marağı ondan ibarətdir ki, Suriya ərazisində terror təşkilatlarının yer olmasın və bu terror təşkilatları Türkiyə üçün təhdid yaratmasın. Bu baxımdan Suriyanın gələcəyi ilə bağlı məsələlər haqqında indidən  dəqiq proqnoz vermək çətindir. Bu Suriyada olan güclərin davranışından, kimin necə bu proseslərə müdaxilə etməsindən  və öz məqsədləri üçün istifadə etməsindən asılı olacaqdır. Suriyada hazırda qarışıq bir durum hökm sürməkdədir.
İndiki dövrdə Suriyada  keçid hökuməti yaranmalı və 18  ay müddətində konstitusiya qəbul olunmalı, seçkilər keçirilməlidir”.
 
Politoloq hesab edir ki, Türkiyə tərəfi İsrailin  Suriya ərazilərinə qoşun yeritməsindən razı deyil və imkanı daxilində bu məsələlərin qarşısını almağa çalışacaq:
 
 “Nəzərə alsaq ki, hazırda  əsas güc sahiblərindən biri də Türkiyənin dəstəklədiyi Azad Suriya ordusudur və onlar məhz PKK/YPG-ə  qarşı döyüşərək strateji əhəmiyyətli olan əraziləri bu terror təşkilatından təmizləyərək Türkiyə sərhədlərini daha təhlükəsiz hala gətirməyə çalışırlar. Türkiyənin əsas marağı öz ərazisində 13 ilə yaxındır sığınacaq tapmış, üç milyona yaxın suriyalının təhlükəsiz qayıdışını təmin etməkdir. Əlbəttə ki, Türkiyə və İsrail arasında bu məsələlərlə bağlı münasibətlər nə qədər gərgin olsa da, yəqin ki, müəyyən müzakirələr aparılır. Türkiyə  Amerika Birləşmiş Ştatlarını bir çox məsələlərlə bağlı xəbərdarlıq edəcək. O ki qaldı Suriyanın Türkiyə və İsrail arasında bölünə biləcəyi ehtimalı, bu çox aşağı faizli bir ehtimaldır. Amma bütün hallarda Türkiyə Suriyanın ərazi bütövlüyünün tam şəkildə qorunmasından yanadı və buna da  cəhd edəcək.
Xarici medianın məlumatına görə, ABŞ Suriyada İŞİD-in 75-dən çox obyektinə zərbələr endirib.
Mən hesab edirəm ki, bu, Amerika Birləşmiş Ştatlarının növbəti oyunudur.  ABŞ bölgədə qalmaq üçün müxtəlif yollara əl atır. Bayden bölgədə qalmaq üçün uydurma  İŞİD bəhanəsini önə sürərək özünün davranışlarına bəraət qazandırmaq istəyir. Əslində, bu terror təşkilatının yaradıcısının Amerika olduğunu hər kəs  çox yaxşı bilir. Lazım olanda bu cür təşkilatlar məhv edilir, lazım olanda isə  yenidən “dirildilir”. Bu baxımdan mən bunu Amerikanın  növbəti mavi manipulyasiyası kimi dəyərləndirirəm”.
 
Mehin Mehmanqızı
 
Seçilən
49
50
moderator.az

10Mənbələr