AZ

"Suriyada baş verən hadisələr Türkiyəyə ümid işığı oldu", H.Fidan

Xarici işlər naziri Hakan Fidan gələcəkdə müxtəlif etnik və dini qrupların sülh içində yaşadığı, əhatəli idarəçilik anlayışına malik Suriyanı istədiklərini söyləyib.

Xarici İşlər Nazirliyinin hər il təşkil etdiyi 15-ci Səfirlər Konfransı işə başlayıb.

Konfrans paytaxt Ankarada “Türkiyənin Diplomatik Hərəkətləri və Qlobal Düşüncələri” mövzusu ilə keçirilir.

Konfransda Türkiyənin 146 səfirliyi və 13 daimi nümayəndəliyində çalışan səfirlərlə yanaşı, Xarici İşlər Nazirliyinin mərkəzi təşkilatında çalışan bir çox səfir və yüksək səviyyəli rəsmilər iştirak edir.

Dekabrın 13-dək davam edəcək konfrans çərçivəsində regional və tematik qiymətləndirmə sessiyalarında Türkiyənin xarici siyasətini yaxından maraqlandıran regional və qlobal məsələlərlə bağlı hərtərəfli məsləhətləşmələr aparılacaq.

Xarici işlər naziri Hakan Fidan konfransın açılış nitqi ilə çıxış edib.

H.Fidan Suriyada baş verən hadisələrin Türkiyəyə ümid işığı verdiyini bildirib:

“Biz prosesin başından bəri hər zaman eyni fikri ifadə edirdik. Suriyada sülh və sabitlik yalnız beynəlxalq konsensusla əldə olunacaq. Mövcud rejim öz xalqı ilə barışmağa çalışmırdı, buna səy göstərmirdi”.

Türkiyənin xarici işlər naziri müxtəlif etnik qrupların bir yerdə yaşadığı Suriyanı xəyal etdiklərini qeyd edib.

Qeyd edək ki, noyabrın 27-də Suriyada hakimiyyət qüvvələri ilə müxalif silahlı qruplar arasında toqquşmalar şiddətlənib.

Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplara kütlələrin dəstəyi ilə hökumət qüvvələri burada və bir çox bölgədə nəzarəti tamamilə itirərək süqut edib.

Dünən ölkədə Baas Partiyasının 61 illik hakimiyyəti sona çatdığı bir vaxtda Bəşər Əsəd paytaxtdan qaçıb.



Seçilən
66
1
trt.net.tr

2Mənbələr