AZ

Makron Paşinyanı Trampa “dürtüşdürür”...

Image

Mətləb Salahov: “Fransa Paşinyanı Qərbin bölgədəki təxribat planları və anti-Putin siyasəti üçün “vacib” siyasi fiqur kimi təqdim edir”


 Fransa prezidenti Emmanuel Makron yenə öz ermənipərəst ampluasındadır. Var gücü ilə Ermənistanı Azərbaycanla normal münasibətlər qurmaqdan və sülh sazişi imzalamaqdan çəkindirən Yelisey Sarayının hazırkı uğursuz sahibi ciddi cəhdlə özünü Qərbin Cənubi Qafqazdakı əsas koordinatoru, siyasi maşaya çevirdiyi Ermənistanın baş naziri Nikol Paşinyanı da Qərbin bölgədəki ən murdar təxribat aləti kimi, həm də Vladimir Putin əleyhdarı olan birisi kimi təqdim etməyə çalışır. E.Makron son Paris görüşündə yekəqulaq N.Paşinyanı D.Trampa təmtəraqla təqdim etməklə guya onun bölgədə Rusiya əleyhinə sabit mövqeyi olan qərbpərəst siyasətçi imicini formalaşdırmağa çalışır. Hazırda Gürcüstanda istədiyini ala bilməyən Qərb dairələri üçün bu bəlkə də cazibədar görünür. Amma N.Paşinyanın başdan ayağa FİASKO olduğunu ən çox elə Qərbdəkilər yaxşı bilir.
Jurnalist-ekspert Mətləb Salahov "baki-xeber"-ə açıqlamasında bildirib ki, bütün prezidentlik fəaliyyəti dövründə açıq-aydın rəsmi Parisin dövlət siyasətini anti – Türkiyə və anti-Azərbaycan siyasətinə alət edən bu şəxs, yenidən ABŞ prezidenti seçilən Donald Trampa da “mərcək atıb”.
"Parisdə D.Trampın Ukrayna prezidenti Vladimir Zelenski və Gürcüstan prezidenti xanım Salome Zurabişvili ilə görüşünü təşkil edən E.Makron, Cənubi Qafqazdakı siyasi maşasını da yaddan çıxarmayıb. Diqqət edin: bu adam Fransanı boyundan böyük missiyaya sürükləməkdə və bölgəmizdə həm Ermənistan üçün, həm də Qərbin təxribat planları üçün əsas fiqur kimi sırımağa çalışır. Çünki regiondakı prosesləri dəyişmək, qüvvələr balansına “əl gəzdirmək” Fransanın başından böyük işdir.
  Yəni az-çox siyasətlə maraqlanan hər kəs gözəl bilir ki, enerji potensialı baxımından zəngin olan və Rusiya üçün ən həssas mövqe sayılan bu mühüm bölgədə Fransanın təkbaşına hegemonluq etməsi gülünc iddia olardı. Təkcə COVİD-19 zamanı Vladimir Putinin Kremldə həmin bu E.Makronu dairəvi stolun lap o başında otuzdurması, onu aşağılaması həm Fransanın bölgədəki yerini, həm də Rusiya liderinin E.Makronun şəxsən özünə olan münasibətini gün kimi ortaya çıxardı. Axı ABŞ, İngiltərə, Almaniya, qurum olaraq Avropa İttifaqının özü son dərəcədə strateji bölgə sayılan Cənubi Qafqazda Fransanın “at oynatmasına” ömründə razı olmazlar. Axı Qərbdəkilərin də hərəsinin gizlicə öz ayrıca məqsədləri var bölgə barədə. 

Belə görünür ki, E.Makron Ermənistanla bağlı daha təhlükəli planlar üzərində işləyir və qarşıdakı müddətdə Ağ Evin sahibi olacaq D.Trampı da bu prosesə razı salmaq üçün çırpınır. Bu gün rəsmi Paris E.Makronun məkrli siyasəti nəticəsində bölgədə erməni terrorunun “xaç atası” kimi çıxış edir. Fransa hazırda erməni terrorizminin ilham mənbəyi, faktiki müdafiəçisi və təlimatçısıdır. Paris terrorçu Ermənistana təbii müttəfiqi kimi yanaşmaqda, onu geosiyasi oyunlarında əsas alətlərindən biri hesab etməkdədir. Makronun Paşinyanı “dostum” adlandırması, onun və Errmənistanın yanında yer alacaqlarını söyləməsi faktı bu gerçəyi sübut edir. Diqqət edin, Fransa prezidentinin son çıxışları göstərir ki, Rusiyanı neokolonist adlandıran Yelisey sarayı, Ermənistanla əməkdaşlıq fonunda qlobal terror şəbəkəsi formalaşdırmaqda, bu şəbəkənin fəaliyyətini koordinasiya etməkdədir. Başqa sözlə desək, bu gün bütün Cənubi Qafqaz erməni terrorizmi ilə yanaşı, həm də terrora siyasi himayədarlıq edən “Makron sindromu” ilə üz-üzə qalıb.

Ermənistanı anti-Rusiya siyasətinə sürükləyən Fransa, rəsmi İrəvana gələcək üçün ən böyük pisliyi edir. Çünki Fransanın İrəvana dəstəyi Ermənistan tərəfindən sevinc və ümidlə qarşılansa da, bu dəstək erməni toplumuna uğurdan daha çox problem və faciə gətirəcək. Çünki İrəvanın birmənalı şəkildə Fransanın kölgəsinə sığınması, onu bölgəyə gətirməsi ilk növbədə Rusiya-Ermənistan münasibətlərində bərpası mümkün olmayan çatlar yaradacaq. Cənubi Qafqaz məsələsinə hər zaman həssas yanaşan Rusiyanın baş verənlərdən sonra Ermənistanı cəzalandırmaq istiqamətində həm iqtisadi, həm də siyasi baxımdan ciddi addımlar atması ehtimalı hazırkı situasiyada böyükdür. Bütün dünyada siyasətlə məşğul olan hər kəsə, elə Parisdəkilərə də əla məlumdur ki, N.Paşinyanı öz təxribat oyunlarında maşaya çevirmək tarixən Rusiyanın dəstəyi ilə var olan Ermənistan üçün qorxunc nəticə deməkdir.Amma görünən odur ki, bütün bu sadaladıqlarımız E.Makronu iyrənc siyasətindən çəkindirəsi deyil. Ona Ermənistanın taleyi deyil, öz maraqlarını yeritmək vacibdir. Görünür biz yaxın vaxtlarda bölgədə Fransa prezidentinin simasında daha ciddi təxribat cəhdlərini müşahidə edəcəyik. Çünki N.Paşinyanı Parisə aparıb D.Trampa “dürtüşdürmək” o deməkdir ki, E.Makronun simasında Qərbdəkilər bölgədə yeni xoşagəlməz hərəkətlərə start verəcəklər.”

Namiq Quliyev  






Seçilən
23
1
baki-xeber.com

2Mənbələr