AZ

Suriyadakı hadisələrin doğurduğu ƏKS-SƏDA VƏ REZONANS - TƏHLİL

Suriyadakı silahlı müxalifətin məhz prezident Bəşər Əsədin hakimiyyətinin sona çatdığını və “yeni Suriyanın” başladığını elan etməsi bütün dünyanın diqqətini cəlb edib. Xüsusən də, artıq Dəməşqə nəzarət etdikləri barədə Suriya müxalifətinin yaydığı məlumatlar, həmçinin ölkənin baş naziri Qazi Əl-Cəlalinin hakimiyyəti xalq tərəfindən seçiləcək yeni hökumətə verməyə hazır olduğuni deməsi barədə informasiyalar dünya gündəmini zəbt edib, əsk-səda, hətta rezonans doğurub və bu, heç də təsadüfi sayıla bilməz.

Dəməşqdə baş verənlər heç də sıradan bir hadisə deyil, ölkənin tarixinə yazılan hadisələrdəndir

Bəli, 8 dekabr tarixində silahlı müxalifətin televiziya və radio mərkəzini ələ keçirərək xalqa müraciət etməsi, prezident Bəşər Əsədi devirdiklərini və ölkəyə nəzarəti ələ keçirdiklərini bildirməsi heç də sıradan bir hadisə deyil. Bu, həmin ölkənin tarixinə yazılacaq hadisələrdəndir. Bunu ölkənin baş naziri özü də etiraf edir. Belə ki, Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali Əl-Ərəbiyyə telekanalı ilə söhbətində ölkənin tarixində yeni mərhələnin başladığını açıq şəkildə bildirib. Siyasətçinin sözlərinə görə, hökumət "Həyat Təhrir əş-Şam" terror qruplaşmasının nümayəndələri ilə əlaqə yaradıb və silahlıların liderləri ilə danışıqlar aparır. O, həmçinin əmin edib ki, xalqın seçdiyi istənilən Nazirlər Kabineti ilə əməkdaşlığa hazırdır.

"Bu ölkə qonşuları ilə və dünya ilə yaxşı münasibətlər quran normal ölkə ola bilər, lakin bu məsələ yeni rəhbərlikdən asılıdır", deyə baş nazir vurğulayıb. O, əlavə edib ki, müxalifət “heç kimə zərər verməyəcəyinə” söz verib. Əl-Cəlali həmçinin hökumətin əmlakına zərər verməməyə də çağırıb. Baş nazir prezident Bəşər Əsədin və Müdafiə Nazirliyinin rəhbəri Əli Abbasın harada olduğunu bilmədiyini etiraf edərək, Suriya lideri ilə sonuncu dəfə dekabrın 7-də axşam saatlarında danışdıqlarına da aydınlıq gətirib. Hazırda Dəməşqdəki beynəlxalq hava limanı belə öz fəaliyyətini dayandırıb və terminalın bütün işçiləri də təxliyə ediliblər. Bundan əvvəl, Əl-Cəzirə telekanalının qeyd etdiyi kimi, orada “xaos” var və hər halda məsələlərə, həmin ölkənin tarixinə yazılan hadisələrə aydınlıq gətirilməsinin tam zamanıdır.

Məlumatların nə dərəcədə doğru olduğu məlum deyil, amma yaxın zamanda hadisələrin əsl üzü ortaya çıxandan sonra mövqelər daha maraqlı olacaq

Yerli media paytaxtda çaxnaşma və hökumət əleyhinə etirazların səngimədiyini bildirib. Rayonların birində nümayişçilərin prezident Bəşər Əsədin atası, ölkənin keçmiş rəhbəri Hafiz Əsədin heykəlini yıxdıqları barədə məlumatlar da var və bu da hadisələrlə bağlı müəyyən təsəvvürlər, fikirlər və proqnozlar formalaşdırır. Əl-Cəzirə telekanalı Suriya hərbçilərinin Dəməşqin mərkəzini tərk etməyə başladıqlarını və səhər saatlarında, deyildiyi kimi, silahlı müxalifət dəstələrinin Dəməşqdəki Seydnaya həbsxanasına nəzarəti ələ keçirdiklərini bildirib. Telekanal əlavə edib ki, bütün məhbuslar artıq azad ediliblər. BMT-nin Dəməşq ofisinin əməkdaşlarının təxliyəsi barədə də məlumat var. Rusiyanın Dəməşqdəki səfirliyi dekabrın 7-də axşam saatlarında bildirib ki, hərbi əməliyyatların genişlənməsi fonunda diplomatik nümayəndəlik normal rejimdə fəaliyyətini davam etdirir. Amma hələ məlum deyil ki, nə vaxta qədər davam etdirə biləcək və hansı hadisələrlə qarşılaşmalı olacaq. Daha dəqiq desək, təkcə Rusiya deyil, istənilən ölkə üçün hadisələrin gedişatı olduqca maraqlıdır və bilirik ki, həmin gedişatdan asılı olaraq addımlar atıla bilər.

Yayılan informasiyalar təsdiq edir ki, dekabrın 8-də Suriyada hakimiyyəti ələ keçirən qüvvələr mərkəzi Əməvi meydanında görünüblər və hətta bəzi yerli sakinlər də onlara qoşulublar. Məlumatlara görə, Dəməşqin bəzi bölgələrində yollar bağlanıb, əksər mağazalar da həmçinin bağlıdır. Suriyanın rabitə və texnologiya naziri İyad Məhəmməd əl-Xatib ölkənin internetində heç bir fasilə olmadığını bildirib. O, həmçinin “Həyat Təhrir əl-Şam” qrupunun nümayəndəsinin sonrakı işləri müzakirə etmək üçün onunla əlaqə saxladığını və internetə “24 saat çıxış”ın təmin edilməsi üçün tədbirlər görüldüyünü də açıqlayıb. Sözsüz ki, bu məlumatların, informasiyaların nə dərəcədə həqiqətə uyğun olduğu, doğru olub-olmadığı hələ məlum deyil, amma yəqin ki, yaxın zamanda hadisələrin "əsl üzü" ortaya çıxacaq və indan sonrakı mövqelər daha maraqlı olacaq.

Qonşu ölkənin, İsrailin münasibəti, daha dəqiq desək, reaksiyası tamamilə fərqli olub

Diqqətə çatdıraq ki, noyabrın 28-də “Həyat Təhrir əl-Şam”a məxsus qruplaşmalar gərginliyin azaldılması razılaşmasını pozaraq Hələb və İdlibə zərbələr endiriblər. Minlərlə əcnəbi döyüşçünün dəstəklədiyi terrorçular bir neçə istiqamətdən hərbi mövqelərə və əhalinin məskunlaşdığı ərazilərə hücum ediblər. Ordu da hücuma cavab verib. Suriya ordusu Hələbin qərbində silahlı müxalifət üçün təchizat xətlərinə və İdlibdəki terror qruplaşmalarına hücum edib. Artıq noyabrın 30-da Suriyanın ikinci ən böyük şəhəri Hələb və ətrafı beynəlxalq hava limanı və Kuveyris hərbi aerodromu qruplaşmanın nəzarətinə keçib. Dekabrın 8-nə keçən gecə ölkənin mühüm logistika mərkəzi olan Homs şəhərinin ələ keçirildiyi məlum olub. Bu qəsəbənin süqutu ilə silahlı müxalifət Suriyanın qərb sahilyanı rayonlarına hücum ehtimalını açıb və bir neçə saat sonra hökumət əleyhinə olan qoşunlar Dəməşqə daxil olublar. Bütün bu hadisələrə dünyanın digər dövlətlərinin münasibətindən məhz qonşu ölkənin, İsrailin münasibəti, daha dəqiq desək, reaksiyası tamamilə fərqli olub. Ən azından qonşu ölkə olaraq hadisələrə daha ciddi şəkildə yanaşılıb, əks halda İsrail tərəfindən ehtiyat tədbirləri görülməzdi.

Həqiqətən də İsrail hadisələrə biganə qalmayıb və dərhal Suriya sərhədinə tanklar göndərib. Dekabrın 8-də səhər saatlarında İsrail Müdafiə Qüvvələri öz qoşunlarını onu Suriyadan ayıran bufer zonaya yollayıb. Təbii ki, bütün bunlar yəhudi dövlətini qorumaq üçün edilib. Bunu rəsmi dövlət saytları belə açıq şəkildə qeyd edirlər. “Suriyada son hadisələrin, o cümlədən silahlı qrupların bufer zonaya daxil olmasının yaratdığı vəziyyətə görə, İsrail ordusu bufer zonasına və İsrailin müdafiəsi üçün vacib olan digər yerlərə də qüvvələr yerləşdirib”, deyə mediada aydın şəkildə infirmasiya yayılıb. Bununla belə vurğulanır ki, İsrail qonşu dövlətin daxili işlərinə qarışmaq fikrində deyil. Bəli, qarışmaq fikrində deyil, amma özünü qorumaq niyyətinin olmamasını da iddia etmək olmaz. Ən azından israillilər özlərini, öz sərhədlərini qorumaq üçün hazır vəziyyətdə olmalı olduqlarını bilirlər və buna görə də “hazırlıq” görülüb. Yəni, açış şəkildə görünür ki, Suriyadakı hadisələr ən çox qonşu ölkədə, İsraildə əks-səda və hətta rezonans doğurub və dərhal tədbir görülməsini də məhz bu əks-səda, bu rezonans labüd edib.

Suriyada baş verənlərə beynəlxalq reaksiya

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz növbəsində Suriyadakı hadisələrə biganə yanaşmayıb. Tramp Suriyadakı vəziyyəti pisləyib. Bununla belə Ağ Evin yeni sahibi bildirib ki, ABŞ Suriyadakı vəziyyətə qətiyyən qarışmamalıdır. “Suriyada qarışıqlıqdır, lakin o, bizim dostumuz deyil və ona görə də ABŞ-ın bununla heç bir əlaqəsi olmamalıdır”, deyə Respublikaçı özünün “Truth” sosial şəbəkəsində qeyd edib. Bir sözlə, Amerikanın yeni seçilmiş prezidenti məlum hadisələrə nə biganə qalmayıb, nə də qarışmaq fikrində olmayıb və hətta ölkəsinin də bu məsələlərə qətiyyən qarışmayacağını elə indidən açıq şəkildə bəyan edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Şon Savett də bildirib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Suriyadakı vəziyyətin inkişafını diqqətlə izləyir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan isə bildirib ki, Pentaqon İŞİD terrorçularının güclənməsi təhlükəsi nöqteyi-nəzərindən Suriyada vəziyyətin inkişafından narahatdır. Deməli, belə çıxır ki, qarışmasa da belə Suriyada baş verənlərə görə dünyanın ABŞ kimi böyük bir ölkəsi bərk ehtiyat edir. Hətta qonşu ölkə olmasa da belə ehtiyat edilir. İsrail kimi bufer zonaya görə son dərəcə narahatlıq keçirməsə də, ABŞ hansısa məqamları nəzərə alaraq, rahat ola bilmir. Elə buna görə də Amerikanın yeni prezidenti müşahidəçi kimi baxa bilmir və öz mövqeyini də nəinki gizlətmir, hətta aydın şəkildə də bildirir.

Təkcə ABŞ yox, dünyanın digər ölkələri də Suriyadakı olaylarla bağlı reaksiya veriblər. Çünki hadisələrə biganə qala bilməyiblər. Məsələn, Böyük Britaniya, Fransa və Almaniya Suriyada münaqişə tərəflərini deeskalasiyaya çağırıb. Deməli, Avropa ölkələri belə mövqe sərgiləyiblər. Bu isə onu deməyə əsas verir ki, avropalılar üçün də Suriyadakı hadislər heç də maraqsız deyilmiş. Əksinə, hadisələrin Avropada izlənildiyi qənaətinə gəlməkdə haqlıyıq. Bunu isə təsadüfi hesab etmək olmaz, çünki hansısa rakursda görünür Suriya hadisələri avropalılar üçün sıradan bir hadisə sayılmırmış. Hər halda, yaxın zamanda hər bir dövlətin mövqeyi və maraqları aydın şəkildə ortada olacaq və bu da həmin hadisələrin doğurduğu əks-sədanı, hətta rezonansı belə tam çılpaqlığı ilə ortaya qoyacaq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov özü belə Suriyada döyüşləri dayandırmağın və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin həyata keçirilməsinin təcili olduğunu deyib. O, silahlı müxalifətin Suriyada torpaqları ələ keçirməsinə icazə verilməsinin qəbuledilməz olduğuna diqqət çəkib. Bir sözlə, Rusiyada da hadisələrin əks-sadası özünü göstərib. Hətta buna bir rezonans da deyə bilərik, çünki digər siyasətçilərdən, məhz öz həmkarlarından fərqli olaraq, Rusiya XİN rəhbəri daha kəskin şəkildə fikir bildirib. Yəqin ki, Lavrov kimi təcrübəli bir siyasətçinin belə bir kəskin mövqe sərgiləməsi təsadüfi ola bilməzdi və hər halda, yaxın zamanda bunun da pərdə arxasında nələrin olduğu özünü göstərəcək.

Qısa şəkildə desək, Suriyadakı hadisələr demək olar ki, dünyanın əksər ölkəsində diqqətə səbəb olub. Dünyanın əksər ölkəsi də, həmin ölkələrin liderləri də buna öz “münasibətlərini” bildiriblər. Düşünmürük ki, həmin münasibət elə-belə bildirilsin və əminik ki, Suriyadakı məlum hadisələri bir çox ölkələrin liderləri hansısa formada, özü də fərqli şəkildə qəbul edib. Bununla belə görünən odur ki, avropalılar da, amerikalılar da olanlara görə çox ciddi şəkildə təsirləniblər və bu da dünyanın əksər nöqtələrində əks-səda, rezonans doğurduğu anlamına gəlir.

Müəllif: İnam Hacıyev
Seçilən
47
50
sia.az

10Mənbələr