AZ

Dövlət idarəçiliyində islahatlar- köhnə və yeni qurumların işi necə əlaqələndirilir...

Image

Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Ötən illərdə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmışdır. 

Dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Azərbaycanda mülki cəmiyyətin qurulması, təhlükəsizlik problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib.

Ölkənin və dövlətin dinamik inkişafı təkamül yolu ilə davam etdirilməlidir

Hər bir liderin dövlət idarəçiliyində qazandığı uğur və nailiyyətləri şərtləndirən başlıca amillərdən biri ciddi təmələ söykənən siyasi varislik ənənələrinin qorunmasıdır. Söhbət ölkənin və dövlətin dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsi xəttinin etibarlı şəkildə qorunmasından gedir. Ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək peşəkar lider, layiqli davamçı yetişdirib. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini bu ənənələr çərçivəsində qurur. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda, bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir.

İşğaldan azad edilən rayonlarda və Naxçıvanda Prezident xüsusi nümayəndələr təyin edib 

Azərbaycanda dövlət quruculuğu sahəhəsində görülən işlərdən biri də rayonlara Prezidentin xüsusi nümayəndəlrinin təyin edilməsidir. 2021-ci ilin fevralında “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”ni təsdiq edib. Fərmanın ikinci bəndində deyilir ki, “mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər”. Prezident Əliyev hələ bir müddət əvvəl  bildirib ki, yeni idarəetmə üsulu  gələcəkdə   ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir: “Yəni bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək”. Bundan öncəki çıxışları zamanı da dövlət başçısı mövcud regional idarəetmə modelinin sovetlər dövründən qaldığını, zamanın tələblərinə cavab vermədiyini bəyan edib. İşğaldan azad edilən rayonlarda və Naxçıvanda Prezident xüsusi nümayəndələr təyin edib. Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Yerli icra hakimiyyətlərinin başçılarını prezident təyin edir və vəzifədən azad edir və onların səlahiyyətlərinin çərçivələrini müəyyən edir. Lakin xüsusi nümayəndəliklər prezidentin konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndində nəzərdə tutulmuş diksresion səlahiyyətlərinə görə təsis edilib. Bu baxımdan prezidentin belə səlahiyyəti var və prezident konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsasən, müvəqqəti məqsədlərlə belə qurum təsis edə bilər. 

Xüsusi nümayəndəliklər gələcəkdə regionların inkişafına müsbət təsir göstərə bilər 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı bildirir ki, Prezident Əliyevin bununla bağlı verdiyi fərman artıq bir sıra rayonlarda tətbiq olunur: “Ancaq tam həyata keçirilmədiyinə görə, bu, bütün ölkəni əhatə etmir. Məsələ ondadır ki, əvvəlki dövrdə mövcud olan icra hakimiyyəti strukturları müasir dövrün tələblərinə cavab vermir. Ona görə də islahatlar çərçivəsində bunların dəyişilməsi gündəmdədir və müzakirə obyektidir. Nəyə görə? Çünki uzun müddətdir Azərbaycan Respublikası prezidenti dəfələrlə bildirib ki, regionlara sərmayə cəlb olunmalıdır. Sərmayə cəlb olunmaqla yeni iş yerləri açılmalıdır. Ancaq prezidentin bu tapşırıqlarına icra strukturları çox yarıtmaz həyata keçiriblər və demək olar ki, regionlara investisiya cəlb edilmir. Bunun da başlıca səbəbi icra hakimiyyətlərinin sözügedən məsələyə ürəkdən yanaşmaması ilə əlaqədardır. Həmçinin biləvasitə bu qurumlar tərəfindən yaradılan bürokratik əngəllərdir. Prezidentin fərmanında göstərilən xüsusi nümayəndəliklər isə, regional idarəçiliklər olacaq. Yəni bəzi ölkələrdə olan əyalət rəhbərliyi səviyyəsində olacaq. Bir neçə rayonu və yaxud da iqtisadi rayonu birləşdirən böyük bir idarə sistemi olacaq. Bu da gələcəkdə regionların inkişafına müsbət təsir göstərə bilər. Ancaq burada bir məqamı da qeyd etmək lazımdır ki, gələn ilin yanvarın sonlarında bələdiyyə seçkiləri keçiriləcək. İndiyə qədər mövcud olan bələdiyyələr səlahiyyətsiz və fəaliyyətsiz qurumlar idi. Ona görə də insanların bələdiyyələrə inamı yoxdur. Türkiyə və digər dövlətlərdəki kimi nüfuzlu bələdiyyələr Azərbaycanda yoxdur. Bunun əsas səbəbi icra hakimiyyətləridir. Ona görə də Prezidentin xüsusi nümayəndəliklərinin işi ilə yeni yeni seçiləcək və daha çox səlahiyyətoi olan bələdiyyələrin birgə işləməsi regionların inkişafına müsbət təsir edə bilər”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
51
baki-xeber.com

1Mənbələr