AZ

Suriyada yeni hücum riski: İsrailin ərazi siyasəti və hərbi aktivliyi

Gecə boyu İsrail ordusu Suriyaya zərbələr endirib. İsrail rəsmilərini bildirib ki,biz (İsrail) narahatıq ki, Əsədin devrilməsi bizə qarşı hücumlar həyata keçirmək istəyən müxalifətə güc verəcək.
Qeyd edək ki, Suriyanın cənubundakı Qolan istiqamətindəki Hader, İsrail Müdafiə Qüvvələrinin əlinə keçib. Bu, İsrail qüvvələrinin Qolan sərhədindən kənarda ələ keçirdiyi ilk şəhərdir.
 
Bu barədə Moderator.az-a danışan politoloq Kazım Kazımov deyib ki, İsrail ordu Suriyada gedən proseslərdən narahatdır, çünki Suriya müxalifətinin  də  Əsəd rejimi qədər İsrailə münasibəti sərtdir:
 
“1967- ci ildən  bu yana Qolan təpələri üzərində İsrail və Suriya arasında münasibətlər düşmən səviyyəsindədir. Suriya müxalifətinin liderlərinin, xüsusən Golan təpələrinə dair sərt bəyanatları, İsrailin bu əraziləri işğal etdiyi və həmin torpaqları geri alacağına dair vurğuladıqları sözləri, vəziyyətin daha da gərginləşməsinə səbəb olub. İsrailin Suriyada yerləşən müxalif qruplarla bağlı narahatlıqları, xüsusilə dini təmayüllü qrupların artan təsiri ilə bağlıdır. İsrailin bu qrupların bölgədəki təhdidlərini dəf etmək məqsədilə, əraziyə müdaxiləsini gücləndirdiyi görünür.
İsrailin Suriyada həyata keçirdiyi hərbi fəaliyyətlər, yalnız müxalifətin deyil, həm də Livan və Qəzza cəbhələrindəki aktivliyin artması ilə əlaqəlidir. Bu vəziyyət, İsrailin yeni hücumlardan çəkinməsinə və Suriya ilə olan sərhədlərini qorumağa çalışmasına səbəb olur. Həmçinin, İsrailin Suriya ilə sərhəddəki tampon bölgələrə dair hədəflərini həyata keçirməsi, hərbi instinktlərlə alınmış bir qərar kimi dəyərləndirilir”.
 
Politoloq hesab edir ki,  Türkiyə və İsrail arasında Suriya ərazisinin bölünməsi və ya daha geniş ərazi iddialarının ortaya çıxması ehtimalı çox azdır:
 
 “Çünki, Suriyanın torpaq bütövlüyü, xüsusilə Türkiyə tərəfindən dəstəklənir. Türkiyə, Suriya münaqişələrində hər zaman ölkənin suverenliyini və torpaq bütövlüyünü müdafiə etmişdir. Türkiyə, həm də Suriyada öz maraqlarını qoruyarkən, Suriya ərazisinin bölgələrə ayrılmasına qarşıdır və bu məsələdə Suriyanın siyasi bütövlüyünü ön planda tutmaqdadır. İsrailin bu bölgədə daha geniş ərazi alacağına dair bir düşüncə də qeyri-real görünür. Çünki İsrail, hazırda yalnız Livan və Qəzza cəbhələrində aktiv müharibələr aparır və bu, onun Suriyada yeni ərazilər ələ keçirmək niyyətində olmadığını göstərir. İsrailin daha çox qoruma və müdafiə məqsədli əməliyyatlar həyata keçirməsi, onun hələ də bölgedəki digər münaqişələrlə məşğul olmasının bir nəticəsidir. İsrailin Suriyada həyata keçirdiyi əməliyyatlar, ərazi genişləndirməkdən çox, mövcud təhlükələri qarşısını almaq və müxalifətə qarşı effektiv müdafiə tədbirləri görmək məqsədini güdür”.
 
Mehin Mehmanqızı
 
Seçilən
50
50
moderator.az

10Mənbələr