İnqilab edən ərəblər hələ də baharın gəlişini gözləyir.
Kod adı “Ərəb baharı” olan inqilabların dirəniş nöqtəsi Suriya oldu. Tunis, Liviya, Misir, Yəməndən sonra növbəti inqilab Suriyada olmalıydı. İran və Rusiyanın dəstəyi ilə Bəşər Əsəd hakimiyyəti ömrünü 11 il uzada bildi. Amma nəticə yenə də bu dırnaqarası inqilabların ssenarisini cızanların istədiyi kimi oldu. Bəs bu kod adı altında baş verən inqilabların mənşəyi və mənbəyi hardan qaynaqlanır. Bu barədə deyəcəyəm, bir az səbr edin. Əvvəlcə bu inqilablar Yaxın və Orta Şərqə demokratiya gətirdimi sualına cavab verək. Əvvəlcədən onu deyim ki, xalq inqilab etdi, diktatorlar məhv edildi, yeni dövr başladı, ərəblər ağ günə çıxdı kimi fikirlər populist fikirlərdir. Tunis və Misir istisna olmaqla inqilab baş verən bütün ərəb ölkələrində xaos, münaqişə, terror, etnik və məzhəb savaşları hələ də davam edir. “Ərəb baharı” çərçivəsində Tunisdə siyasi böhran olsa da, yenə digərləri ilə müqayisədə durum daha yaxşıdır. Liviya, Yəmən indisə Suriya demək olar ki, parçalanmış durumda, məzhəb və terror qrupları arasında bölünmüş vəziyyətdədir. Misirə gəldikdə, bu ölkədə hərbi çevriliş oldu və ordu hakimiyyətə əl qoymaqla sabitlik yarada bildi. Suriyada isə yeni mərhələ başlayır. Əsəd rejiminin devrilməsi hələ bu ölkədə sabitliyin bərqərar olması anlamına gəlmir. Əsəd rejiminin devrilməsində əsas rolu “Heyət Tahrir eş-Şam” oynadı. Ancaq Suriyada fərqli silahlı qruplar var. İŞİD, PKK/YPD, türkmənlər, druzlar hətta ermənilərə bağlı silahlı qüvvələr mövcuddur ki, fürsətdən istifadə edib nəzarət etdikləri əraziləri genişləndirməyə çalışırlar. Bu isə Suriyada növbəti qanlı savaşın başlanmasına rəvac verəcək. Ən problemli məqam isə ondadır ki, adını çəkdiyim silahlı qrupların hərəsi fərqli-fərqli qüvvələrə, ABŞ, Avropa, İran, Rusiya, Türkiyə, İsrailin bölgədəki maraqlarına xidmət edir. Təssüf ki, bu maraqlar uzaqlaşaraq heç də vahid Suriya dövlətinin yaradılmasına xidmət etmir. Böyük güclər Suriyada pay sahibi olmağa çalışırlar. Yəni Suriyada ABŞ və İsrailin maraqları Rusiya və İranın, o cümlədən Türkiyənin maraqları ilə tərs mütənasibdir. Bu baxımdan böyük güclərin həyata keçirdiyi “Ərəb baharı” əməliyyatının qanlı davamı hələ olacaq. İndisə suala qayıdaq. Ərəblərə demokratiya gətiririk deyib, kod adı “Ərəb baharı” olan bu inqilabların ssenari müəllifləri kimlərdir. Azad olmaq üçün inqilab edən ərəblər, yoxsa böyük güclər. Bu suala cavab vermək üçün illəri geri saysaq, ABŞ-nin prezidenti olmuş, oğul Corc Buşun, ABŞ prezidentinin köməkçisi Dik Çeyninin və keçmiş dövlət katibi Kondoleza Raysın bu inqilablarla bağlı fikirləri diqqəti cəlb edir. "Ərəb baharı"nın Böyük Yaxın Şərq layihəsinin tərkib hissəsi olması ideyası çoxdan mövcuddur. Layihənin rəsmi olaraq elan edilən ana məqsədi azad olmayan ölkələrə guya demokratiya gətirmək idi. ABŞ prezidenti Corc Buş bu layihənin əhəmiyyətini Yaxın və Orta Şərq ölkələrində var olan yoxsulluqla, qadın və insan haqlarının pozulması ilə izah edirdi. Layihənin memarlarından olan ABŞ prezidentinin keçmiş köməkçisi Dik Çeyninin sözlərinə görə, Böyük Orta və Yaxın Şərq layihəsinin ana fikrinin bütün bölgəyə demokratiyanı yayaraq, regionu inkişaf etdirmək və sülhü qaranti altına almaqdan ibarətdir. ABŞ-ın keçmiş dövlət katibi Kondoleza Rays isə layihəni "Mərakeşdən Çin sərhədinə qədər 22 ölkənin siyasi və iqtisadi coğrafiyasının dəyişdirilməsi" kimi səciyyələndirmişdi . Bu baxımdan, "ərəb bahar"ının daha çox xaricdən idarə edilən proses olduğunu demək olar. Hadisələrin başlandığı andan etibarən bir çox region dövlətlərinin və qlobal güclərin prosesə öz maraqları çərçivəsindən yanaşması özünü büruzə verdi. Üsyançıların xaricdən siyasi, iqtisadi, informasiya və hərbi vasitələrlə dəstəklənməsi, hakimiyyət çevrilişindən sonra xarici dövlətlərin və onlara məxsus şirkətlərin ölkələrin neft-qaz yataqlarını yenidən bölüşdürməsi bunu təsdiq edir. Xarici dövlətlərin tələskənliyi ilə daxili şəraitin demokratiyaya tam hazır olmaması arasındakı uyğunsuzluq inqilabın baş verdiyi ölkələrdə bugünkü siyasi-ictimai gərginlik, iqtisadi böhran və asılılıq, radikallıq, terrorizm şəklində özünü göstərdi. Bunun səbələrindən biri isə qərb dövlətlərinin müxalifətçilərə yardımından bəzən daha təhlükəli qüvvələr də yararlandı. İŞİD, “Əl-Qaidə", PKK kimi terrorçu qüvvələrin bölgədə at oynatması, real gücə çevrilməsi ərəb ölkələrindəki inqilablardan sonra nəinki demokratiya sual altına düşdü, hətta milli dövlətçiliyin özünə təhlükə yarandı. Hələlik isə "ərəb baharı"ndan əsasən, bölgədə təsirini artırmağa çalışan qərb dövlətləri, daha çox gəlir qazanmaq istəyən transmilli şirkətlər, öz "baharını" yaşamaq istəyən terror və radikal dini qüvvələr yararlanıb. Ərəblər isə hələ də baharın gəlişini gözləyir.
Şöhrət El-Dəniz
visiontv.az