AZ

"Türkiyə Əsəd rejiminin süqutundan sonra Suriyanın şimalında kürdlərlə döyüşür" - BBC News

"Türkiyə və ABŞ NATO üzrə müttəfiqlər kimi üzərlərinə bir-birini müdafiə etmək öhdəliyi götürüb, lakin kürdlərə dəstək məsələsində fərqli mövqedədir..."
 
Suriyalı üsyançılar Türkiyə və ABŞ-ın dəstəyi ilə Suriyanın Hələb şəhərinin şimal-şərqində yerləşən və kürdlərin nəzarətində olan Manbic şəhərinə nəzarəti ələ keçirib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "BBC News" nəşrinin rus xidməti məlumat yayıb.
 
"Özünümüdafiə xalq qüvvələri" kürd birləşmələri ilə Suriya üsyançıları arasında dekabrın 7-dən şiddətli döyüşlər gedir.
 
"Reuters" agentliyi Ankaradakı mənbələrə istinadən məlumat verib ki, suriyalı üsyançılar Türkiyənin dəstəyi ilə bazar ertəsi, dekabrın 9-da Manbic şəhərini nəzarətə götürüb.
 
Bu ərəfədə, dekabrın 8-də kürd birləşmələrinin nümayəndələri Manbicin itirilməsini inkar edib.
 
Suriyanın insan haqlarına riayət edilməsi monitorinq mərkəzi (ŞOHR) məlumat verib ki, Ankaranın dəstək verdiyi birləşmələr dekabrın 8-də şəhərin bir neçə məhəllələrini ələ keçirib. Döyüşlərin gedişində 26 nəfər həlak olub, daha 40 nəfər yaralanıb.
 
Türkiyə kürd birləşmələrini terrorçu təşkilat hesab edir, ona görə də onlara qarşı duran qüvvələrə, o cümlədən "Suriya Milli Ordusu"nun üsyançılarına dəstək verir. Kürdlər müstəqil dövlət yaratmağa çalışır, öz növbəsində ABŞ tərəfindən dəstəklənir və Vaşinqtonun İŞİD-lə mübarizəsində əsas tərəfdaşı olub.
 
ABŞ üçün kürdlər taktiki müttəfiqdir
 
Bazar günü, Bəşər Əsəd rejiminin süqutu bəlli olduqdan sonra, Türkiyə müdafiə naziri Yaşar Gülərlə onun ABŞ-dan olan həmkarı Lloyd Ostinlə telefon söhbəti baş tutub.
 
Nazirliklərin mətbuat xidmətləri məlumat verib ki, nazirlər Suriyada baş verən hadisələri müzakirə edib. Ostin vurğulayıb ki, ABŞ Suriyada müxtəlif müxalif qrupların bəyanatları və hərəkətlərini diqqətlə izləyir.
 
Ostin və Gülər belə bir fikir ifadə edib ki, Suriyada zorakılığın eskalasiyasının qarşısının alınması, habelə bu ölkədə olan ABŞ və onun müttəfiqlərinin qüvvələrinin təhlükəsizliyinin təmin edilməsi üçün fəaliyyətin əlaqələndirilməsi zəruridir. Vaşinqton həmçinin Türkiyənin ölkənin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayır.
 
Türkiyə və ABŞ NATO üzvü olaraq müttəfiqlər kimi üzərlərinə bir-birini müdafiə etmək öhdəliyi götürüb. Bəşər Əsəd rejiminin devriilməsi Vaşinqton və Ankarada alqışlanıb. Lakin ABŞ və Türkiyənin Suriyanın şimalında kürdlərə dəstək verilməsi məsələsində maraqları fərqlənir.
 
Kürdlər ABŞ-ın "İslam Dövləti" ilə mübarizəsində taktiki müttəfiqləri olub. 2016-cı ildə kürd birləşmələri Manbic şəhərini İŞİD-dən azad edib. Kürdlər ABŞ ilə əməkdaşlıq edərək əvvəlki illərdə şəhəri birgə müdafiə edib və patrul xidməti aparıb. ABŞ-ın 900 hərbçisi kürdlərə dəstək üçün Suriyaya göndərilib.
 
Hazırda kürdlər Suriyanın şimal-şərqində xeyli ərazilərə nəzarət edir. Ötən illərdə ABŞ hərbçiləri Türkiyə ilə birlikdə Manbic şəhəri ətrafında ərazidə patrul xidməti aparıb. Lakin Amerika hərbçilərinin bu bazar günləri Türkiyənin kürdlərin mövqelərinə zərbələri zamanı Manbicin yaxınlığında olması indiyədək bəlli deyil.
 
Türkiyə üçün kürdlər təhlükədir
 
Türkiyə kürd birləşmələrinin öz sərhədi yaxınlığında yerləşməsini təhlükə kimi qiymətləndirir. Ankara onilliklər ərzində özünün müstəqil dövlətini yaratmaq istəyən kürd separatçılarına qarşı mübarizə aparır.
 
Türkiyə Suriyada bir neçə üsyançı qruplara, o cümlədən ötən günlər Dəməşqə hücuma rəhbərlik edən "Həyat Təhrir əş-Şam" qruplaşmasına dəstək verib.
 
Ankara "Suriya Milli Ordusu" üsyançılarına dəstək verib. Belə dəstək Suriya ilə sərhəd boyunca kürd yaraqlılarından müdafiə olunmaq məqsədilə bufer zonasının yaradılması üçün zəruri olub.
Seçilən
45
moderator.az

1Mənbələr