Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndərin əziz xatirəsinə hörmət edərək bu Zəfərə, Qələbəyə hər zaman layiq olmalıyıq
«Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!” Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı.» Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin 10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Şuşadan xalqa müraciətində onu da əlavə etdi ki, bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq.
Azərbaycan hər zaman dövrün tələblərini özündə əks etdirən inkişaf modeli ilə diqqətdədir. Təbii ki, bu uğur düşünülmüş və gələcəyə hesablanmış siyasətin, böyük səylərin nəticəsidir. Azərbaycan 30 ildən sonra dünyanın diqqətini qalibiyyətinə, tarixi ədaləti bərpa edərək regionda və dünyada yeni reallıqlar yaratmasına yönəltdi. Dövlət başçısı İlham Əliyevin 2021-ci ildə Böyük Qayıdışın daha bir təntənəsi kimi dəyərləndirilən Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında söylədiyi fikirləri yada salmaq istərdik: «İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.»
Azərbaycan 30 il dünyadan ədalət gözləməklə yanaşı, bütün sahələrdə inkişafa, tərəqqiyə nail oldu. Tarixi Zəfərimiz Azərbaycanın müstəqilliyinin bərpasından ötən dövrün təhlilində və təqdimatında mühüm rol oynadı. Bu reallıq inkaredilməzdir ki, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən mühüm hadisələr baş verir. Azərbaycan 1991-ci ilin oktyabarında dövlət müstəqilliyini yenidən bərpa etsə də, ilk illərdə yaşanan durum yaddaşlardadır. Ölkədə ictimai-siyasi durumun gərginliyi, özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsi, torpaqlarımızın bir-birinin ardınca işğalı xalqın sabaha ümidini itirdi. Belə çətin məqamda dahi şəxsiyyət Heydər Əliyevin xalqın cağırışına səs verməsi, birlik, həmrəylik nümayiş etdirməsi bu ümidsizliyi aradan qaldırdı. Bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, Ulu Öndər Heydər Əliyev istər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında müstəqil və müasir dövlətin simvolu kimi qalır və qalacaq. O, Azərbaycanın yeni tarixində müstəqil dövlətin əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və inkişaf strategiyasının müəllifidir. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və Vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür. Bu fikir aforizmə çevrilib ki, Sovetlər Birliyi dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli Ümummilli Lider ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə siyasətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin əsasını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi ona nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. 1993-cü ilin 3 oktyabrında keçirilən prezident seçkilərində yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini təkrarlayan Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı: «Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram... Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.» Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində reallaşdırdığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın sözü ilə imzası arasında heç bir fərq yoxdur. Regionda və dünyada yeni reallıqlar yaradan Azərbaycan bölgədə dayanıqlı sülhün təmin edilməsi məqsədilə Ermənistana sülh təklifini edir, yeni əməkdaşlıq formatlarının yaradılması üçün bu mühüm addıma böyük ehtiyacın olduğu bildirilir. Azərbaycan hər zaman olduğu kimi, bu gün də dünyaya sülh, dostluq, əməkdaşlıq çağırışını edir.
Zəfərimiz Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurların məcmusu, gələcək hədəflərin təqdimatı oldu. 1993-cü ildən başlanan inkişaf, tərəqqi yolu müasir Azərbaycana möhtəşəm uğurlar qazandırır. Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran Ümummilli Lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. «Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir» söyləməklə dünya siviliyaziyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu. Demokratik cəmiyyətdə insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi. Bütün prioritetlərin əsasında isə qüdrətli respublikanın inkişaf perspektivləri - düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, çoxmillətli respublika olan Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün vətən olması və s kimi biri-birindən məsuliyyətli vəzifələr dayanırdı.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədə çoxdur. Ümummilli Liderin səyləri nəticəsində 1994-cü il sentyabr ayının 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişinin imzalanması bugünümüzə və gələcəyə hesablanmış addımlar sırasındandır. Belə ki, çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. Bu layihələr bölgədə sabitliyin, təhlükəsizliyin qarantına çevrilərək dövlətləri, xalqları bir araya gətirdi. İllər keçdikcə bu əməkdaşlığın coğrafiyasının genişləndiyinin şahidinə çevrildik. Bu gün Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasının əsasında da Ulu Öndərin hazırladığı neft strategiyası, ölkənin enerji siyasətinin uğurlu həlli dayanır. Artıq bu gün dünya Cənub Qaz Dəhlizinin perspektivlərindən danışır. Perspektivdə nəzərdə tutulan irimiqyaslı layihələrin və islahatların həyata keçirilməsi ilə Azərbaycan həm beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorudu, həm də etibarlı tərəfdaş imicinə yeni əlavələr etdi.
Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə biri-birindən çətin, o dövrdə həyati əhəmiyyətli məsələlərin həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin, insan hüquq və azadlıqlarının təminatı konsepsiyasını hazırladı, Milli Konstitusiya qəbul olundu. Dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə, soydaşlarımızın həmrəyliyi təmin edildi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu.
Neft strategiyasının tətbiqini sürətləndirməklə qeyri-neft sektorunu inkişaf etdirən, bazar iqtisadiyyatı yolu ilə irəliləmənin mexanizmlərinin təkmilləşdirilməsi üçün ölkəyə xarici investisiya axınının təməlini qoyan Ulu Öndər inanırdı ki, yaxın illərdə ən böyük arzusu olan Azərbaycanın dünya birliyində lider dövlət kimi tanınmasına nail olunacaq. Neft strategiyasının əsasını təşkil edən Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə, xarici ölkələrin tanınmış neft şirkətləri ilə birgə fəaliyyətə əsaslanan, neft və təbii qaz hasilatının artırılmasını təmin edən yeni yataqların kəşf olunub birgə işlənməsi istiqamətində görülən işlər miqyasına və geosiyasi əhəmiyyətinə görə yeni mərhələlər üzrə davam etdirilirdi.
Dövlət siyasətinin əsas prioritetləri kimi böyük əhəmiyyətə malik, Avropa və dünya birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş sayılan Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində də Ulu Öndər tərəfindən qoyulan daxili və xarici siyasətin uğurlu həlli dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma, əməkdaşlıq siyasətini yeridən, Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur.
Bütün fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun, Ümummilli Liderin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində Azərbaycan ən ucqar dağ kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın iqtisadi inkişaf baxımından qüdrətli ölkə, Prezident İlham Əliyevin lider dövlət başçısı adlandırılmasının özü Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsidir.
Azərbaycan düzgün təmələ əsaslanan siyasətin nəticəsində yeni-yeni hədəflərə nail olmaq üçün səylər göstərir. Məhz bu uğurlar bu gün beynəlxalq aləmdə inkişafın Azərbaycan modelinin mövcudluğunu önə çəkir və öyrənilməsinin vacibliyini şərtləndirir. Təbii ki, bugünümüzü müstəqiliyimizin ilk illərində yaşanan durumla müqayisə etdikdə müqayisəsi mümkün olmayan reallıqların şahidi oluruq. O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur. Prezident İlham Əliyev bildirir: «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.»
Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əsasında da Ümummilli Liderin şah əsərinin daha da qüdrətlənməsi, güclənməsi dayanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın söylədiyi «Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir» fikirləri də dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsi olmaqla yanaşı, qarşıdakı illər üçün möhkəm bazanın yaradıldığının təsdiqidir.
Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycanın qarşısında biri-birindən əhəmiyyətli möhtəşəm vəzifələr dayanır. Xalqımız Heydər Əliyev siyasətinin davamlılığına dəstək olduğunu 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində yüksək fəallıq nümayiş etdirib, cənab İlham Əliyevə səs verməklə təsdiqlədi. Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır. Azərbaycanı hər gün təkmilləşməyə, yeniləşməyə hazır olan bir binaya bənzətsək, bünövrəsi o qədər möhkəm və etibarlıdır ki, onun üzərində inkişafın, tərəqqinin daha çox mərtəbələrinin ucaldılması imkanları var. Bu imkanlar Heydər Əliyevin şah əsəri olan Azərbaycanı daha əzəmətli, möhtəşəm edir. Dövlət başçısı bildirir: «Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, «xalq», «millət» anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir.»
Bugünümüzün reallıqlarından biri budur ki, Azərbaycan islahatçı ölkə kimi dünya birilyində özünə layiq yer tutub. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan ölkəmizin inkişaf modelinin cəlbedici olduğu xüsusi qeyd edilir. Prezident İlham Əliyevin böyük inam və qətiyyətlə söylədiyi kimi, bu gün Azərbaycan özünü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edir. Ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir. Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Xalq tərəfindən dövlətin siyasətinə verilən dəstək ölkəmizdə gözəl ab-hava yaratmaqla yanaşı, yeni-yeni hədəflərin gerçəkləşdirilməsini sürətləndirir.
Artıq hər zaman arzusunda olduğumuz hədəfimiz də reallığa çevrilib. Dörd il bundan öncə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsi dünyaya səs saldı. 30 ilin işğalına 44 gündə son qoymaq rəşadətli ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu. Azərbaycan Silahlı Qüvvələrinin bu illər ərzində maddi-texniki bazası daha da möhkəmləndi, döyüş qabiliyyəti gücləndirildi. Gənclərimizdə vətənpərvərlik hissləri daha da artırıldı. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, tarixi Zəfərimizdə torpaq, Vətən sevgisi əsas faktor olub. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində bu gün qalib ölkənin qalib vətəndaşlarıyıq. İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır, bərpa-quruculuq işləri geniş vüsət alıb. Artıq 2030-cu ilə qədərki dövrü əhatə edən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» icra edilir. Bu sənədlə yanaşı, iqtisadi rayonların yeni bölgüsü həyata keçirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Dörd ildir Böyük Qayıdışın təntənəsi kimi dəyərləndirilən mühüm hadisələri yaşayır, yüksək əhval-ruhiyyə ilə quruculuq işlərinin uğurla başa çatacağını, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarını gözləyirik. Yeni mərhələ məhz bu qayıdışın tam şəkildə həyata keçirilməsindən sonra başlanacaq. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimizdən üç il sonra, ötən ilin sentyabar ayında bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaldaraq bir daha təsdiqlədi ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq. Hazırda sakinlərinə qovuşan şəhərlərimiz sırasında Xocalı şəhərinin də adı var. Ümumilikdə 5 şəhər və 4 kənd sakinlərinə qovuşaraq yeni həyata başlayıblar.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu sevinci bizlərə yaşadan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirlər. Artıq müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir, qürurludur. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən səsləndirdiyi «Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”» fikirləri ilə bir daha müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummillli Lider Heydər Əliyevin ona olan etimadını, inamını bütün istiqamətlərdə doğrultduğunu, ən əsası Qarabağ münaqişəsinin həlli ilə bağlı vəsiyyətini yerinə yetirməsindən qürurlandığını ifadə etdi. Həmin müraciətdə bu fikirlər də öz əksini tapdı ki, dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Nə qədər gözəl sözlər deyilir, nə qədər böyük dəstək göstərilir: «Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq!»
Artıq Azərbaycan yeni dövrə qədəm qoyub. Yeni dövrün mühüm hadisələrindən biri müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident və parlament seçkilərinin keçirilməsi oldu. Cənab İlham Əliyev prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimindəki çıxışında belə bir əminliyi ifadə etdi ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır: «Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!»
Yeganə Əliyeva, «İki sahil»