AZ

Türkiyənin növbəti hədəfi hara olacaq? - Rəqqanın strateji əhəmiyyəti

Türkiyə və ona bağlı Suriya Milli Ordusunun Münbiçdə apardığı əməliyyat uğurla başa çatdı. Faktiki olaraq, Fərat çayının qərb sahillərindən Aralıq dənizinə qədər coğrafiyada terror PKK/YPG-nin rəhbərliyi altında dövlət quruculuğu ideyası da suya düşdü. Bəzi mülahizələrə görə, Türkiyənin növbəti hədəfi Münbiçin qonşuluğunda yerləşən Əyn əl-Ərəb (Kobani) olacaq.

Siyasi şərhçi Heydər Oğuz isə bu mülahizələrlə razılaşmır.

O, Musavat.com-a verdiyi açıqlamada bildirib ki, 54 min əhalisi olan Kobani həm kiçik ərazidir, həm də sakinlərinin böyük əksəriyyəti (90%-i) kürdlərdir:

oğuz-3.jpg

“Türkiyə işğaldan azad etdiyi bölgələrin əhalisinin mövqeyini mütləq nəzərə alır. Onun böyük itkilər vermədən uğurlu əməliyyatlar keçirməsinin sirri də bundadır. Məhz bu səbəbdən də mən növbəti hərbi əməliyyatların Əyn əl-Ərəbdə deyil, onun cənubunda yerləşən Rəqqa əyalətində keçiriləcəyini düşünürəm”.

Heydər Oğuz Rəqqa əyalətinin Türkiyə üçün strateji əhəmiyyətinə bu cür aydınlıq gətirdi:

“Rəqqa eyni adlı əyalətin paytaxtı və ən böyük şəhəridir. Hələbdən 160 km şərqdə yerləşir. 2004-cü ilin rəsmi siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 220,488 nəfərdir. Yəni təkcə əyalət mərkəzi belə Əyn əl-Ərəbdən 4 dəfə böyükdür”.

Onun Türkiyə üçün digər strateji əhəmiyyəti Türk və islam tarixi və mədəniyyəti baxımından oynağı rol olduğunu düşünən Heydər Oğuz fikrini bu cür əsaslandırdı:

“639-cu ildə müsəlmanlar tərəfindən ələ keçirilməmişdən əvvəl xristianların hakim olduğu bu şəhər Kallinikos adlanırdı. Müsəlmanların fəthindən sonra Rəqqa özünün altın çağını yaşayıb. Xüsusilə də Abbasi xəlifəsi Harun Rəşid zamanında. 796-809-cu illər arasında onun hakimiyyəti dövründə Abbasi xilafətinin paytaxtı olub. Şəhər o dövrdə mühüm mədəniyyət və elm mərkəzinə çevrilmişdi. Osmanlı dövründə sancaq (əyalət mərkəzi) olan Rəqqa, hazırda İraq sərhədlərində qalan Mosul kimi şəhərləri də əhatə edirdi və bir vali tərəfindən idarə olunurdu. Rəqqa bəylərbəyiliyinin mərkəzi sayılırdı.

Bundan əlavə, Rəqqa əyaləti Bəydili və Avşar tayfalarının sürgün yeriydi. Buraya sürgün edilən türk tayfalarının məskunlaşması ilə son illərə qədər Türk yurdu olaraq bilinirdi. Həmin tayfaların bu diyara yerləşdirilməsinin əsas səbəbi isə Fərat çayı üzərində yerləşən Rəqqanın bərəkətli torpaqlarından yararlanmaq deyildi. Bayaq da qeyd etdiyim kimi, bu tayfalar ora cəzalandırılmaq üçün ora yerləşdirilmişdilər və məqsəd Qüdsü səlib yürüşlərindən qorumaq idi. Məhz bu səbəbdən də Rəqqa orta əsrlərdən indiyədək geosiyasi və teoloji savaşların poliqonuna çevrilmişdir.

Rəqqanın bu etnik xarakteri 10 il əvvəl pozulmağa başladı. Suriyada vətəndaş müharibəsi başlayanda müxaliflərin əlinə keçdi. 2014-2017-ci illərdə isə İŞİD terror təşkilatı onu alıb özünün paytaxtı etdi. Daha sonra isə ABŞ-ın bombardımanı altında darmadağın edilərək PKK-ya təhvil verildi. Beləcə, başda ABŞ olmaqla imperialist qüvvələr Rəqqanın türk yurdu xarakterini zorla dəyişməyə cəhd göstərdilər. Fikrimcə, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun “Özgürlük Şəfəqi” əməliyyatı çərçivəsində növbəti hədəfi Rəqqanı 500 illik ənənəvi xarakterinə qaytarmaq olacaq.

Münbiçdən sonra Rəqqanın PKK-nın caynağından xilas edilməsi zərurətinin bir başqa səbəbi onun coğrafi mövqeyi ilə bağlıdır. Məlumdur ki, Türkiyənin və ona bağlı Suriya Milli Ordusunun müxtəlif vaxtlarda keçirdiyi hərbi əməliyyatlar nəticəsində Fərat çayının qərb sahillərindən Aralıq dənizinə qədər uzanan bölgələr PKK ünsürlərindən təmizlənib. Fəratın şərq sahillərində isə yalnız bir bölgə - Tel-Abyad rayonu “Barış Pınarı” əməliyyatı nəticəsində Türkiyəyə bağlı qüvvələrin nəzarətinə keçib. Tel-Abyadla Münbiç arasında Kobani var. Fikrimcə, bayaq qeyd etdiyim səbəblərdən dolayı, SMO Kobaniyə toxunmayacaq və onun ətrafındakı bölgələri işğaldan azad edəcək. Nəticədə Suriya etniklərinin vətəndaş müharibəsindən əvvəlki məskunlaşma sistemi bərpa olunacaq.

Məlumdur ki, ABD-nin yardımları ilə sadəcə Fəratın şərqindəki 4 milyon insanın torpaqları əllərindən alınaraq PKK/YPG qüvvələrinə hədiyyə edilib. Vətəndaş müharibəsindən əvvəl isə bu bölgənin ərazilərin böyük hissəsində Şərabiyyə tayfası (Rəsulayn rayonu), Zübeyd tayfası (Rəsulayn rayonu), Şəmmar qəbiləsi (Yarubiyə rayonu) kimi ərəb əşirətləri və Hələb türkmənləri məskunlaşmışdılar. Bəşər Əsədin atası Hafiz Əsədin zamanında bu coğrafiya 6 fərqli inzibati bölgəyə ayrılmış və hər bölgə bir əşirətin nəzarəti altında idi. Adına kanton deyilən bu inzibati bölgələr şahmatvari nizama salınmış və onlar arasında əlaqələr kəsilmişdi. Eyni siyasət Suriyanın mərkəzində müxtəlif məzhəblər üçün də tətbiq olunurdu. Məsələn, Həma və Homsun sünni kəndləri ətrafında şiə yaşayış məntəqələri salınmışdı. Bu şahmatvari inzibati bölgünün bir məqsədi vardı - Suriyanın ərazi bütövlüyünü qorumaq. Zənnimcə, bu gün də Suriyanın ərazi bütövlüyünü qorumaq üçün eyni siyasətin həyata keçirilməsi vacibdir. Əks halda müxtəlif etnik və məzhəbi qruplar arasında bütövləşmək təmin olunmaz və Suriya yenidən separatizmin qurbanına çevrilə bilər.

Digər tərəfdən hazırda imperialist qüvvələrin yardımları ilə Suriyanın üçdə birinə nəzarət edən Suriya Demokratik Güclərinin xarakteri də yürüdüləcək bu siyasətin uğurlu alınmasına zəmanət verir. Bilindiyi kimi, ABŞ-ın himayəsi ilə yaradılan bu silahlı dəstə əsasən PKK/YPG-nin nəzarətində olsa da, onun tərkibində müxtəlif etnik qruplar yer alır. Kürd separatçıları ilə yanaşı türkmənlərin, ermənilərin, suryanilərin və ərəb əşirətlərinin nümayəndələrinin də xidmət etdiyi bu orduda vahid komandanlıq yoxdur. Regionun sərvətlərinin və torpaqlarının ədalətli bölünmədiyini, komandanlığın və güclü silahların yalnız kürd separatçılara verildiyini düşünən ərəb əşirətləri zaman-zaman üsyan edib PKK-çılarla döyüşürlər. Fikrimcə, ədalətli bölgü olmadan bu ziddiyyətin qarşısını almaq mümkün olmayacaq. Hətta Bərzaniyə bağlı bir çox kürd qrupları belə, SDG-dəki bu durumdan xeyli narazıdırlar və öz narazılıqlarını gizlətmirlər.

Zənnimcə, bütün bu amillər Şimali Suriyanın yenidən əvvəlki xarakterinə döndərmək yolunda Türkiyənin xeyrinədır və bu zamanadək PKK/YPG-ni dəstəkləyərək bölgədə mövqeyini gücləndirməyə çalışan ABŞ da Ankaranın ədalətli seçiminə yox deməz. Əks halda Şimali Suriyada getdikcə artan gərginlik bir gün mütləq sosial partlayışa yol açar və ABŞ da Əfqanıstanda olduğu kimi başını götürüb bölgədən qaçar”.

Heydər Oğuzun fikrincə, Türkiyə Kobaninin və bəzi kürd separatçilarına bağlı bölgələrin ətrafını işğaldan azad etməklə, PKK-nın əlində olan ərazilərdə də anlayış dəyişikliyinə imza ata bilər: “Kürd əhali də separatçı nəzəriyyələrin onlara fayda verməyəcəyini və bölgənin digər etnikləri ilə bütmək bilməyən savaşları tətikləyəcəyini düşünüb PKK/YPG-dən dəstəyini çəkər və Bərzaninin mənimsədiyi birgə yaşayış ideyalarına pənah aparar”.



E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr