AZ

"Suriyada hər şey yeni başlayır" - Andrey Kortunov

Yazını böyüt
Yazını kiçilt

Bəşər Əsəd rejiminin gözlənilmədən süqutu təkcə Suriyada deyil, həm də regional və qlobal güc balansında yeni dövrün başlanğıcını göstərir.

Hafta.az-ın yazdığına görə, politoloq Andrey Kortunov bu dramatik inkişafı 2021-ci ildə Əfqanıstanda yaşanan hadisələrlə müqayisə edərək Suriyanın gələcəyini formalaşdıracaq dinamikanı araşdırıb.

Əfqanıstanda Əşrəf Qani hökumətinin 2021-ci ildə süqutu milli ordunun rəhbərlikə etimadsızlıq səsverməsi ilə baş verib. Eynilə Suriyada milli hərbi strukturun rejimə dəstəyini geri çəkməsi Bəşər Əsədin sürətlə hakimiyyətdən düşməsinə səbəb olub.

Lakin Kortunovun fikrincə, oxşarlıqlar bununla bitir. Əfqanıstanda “Taliban” qısa müddətdə Kabilə nəzarəti ələ keçirərək beynəlxalq səviyyədə tanınma istiqamətində addımlar atdı. Lakin Əsəddən sonra Suriyada siyasi və ictimai birliyə nail olmaq xeyli çətin görünür. Çünki ölkədə sünni-şiə, kürd-türkmən, dünyəvi-islamçı kimi dərin etnik və ideoloji parçalanmalar mövcuddur. Bu bölgülər Əsəddən sonrakı dövrdə davamlı nizamın qurulmasını çətinləşdirir.

Suriyanın sabitləşdirilməsində qonşu ölkələrin rolu məhdud görünür. İsrail Colan təpələrinin təhlükəsizliyini və bufer zonalarının yaradılmasını prioritet hesab etsə də, Suriyanın daxili sabitliyinə birbaşa qarışmır.

Türkiyə İdlibdəki ekstremist qruplar üzərində təsirini artırmaqda çətinlik çəkir və sərhədlərində radikal elementlərin artmasından narahatdır.

İran və İraq Suriya böhranında bitərəf arbitr rolunu oynamaqdan uzaqdır. Bu vəziyyət Suriyanın Somaliyə bənzər uzunmüddətli xaosda qalma riskini artırır.

Bəşər Əsədin devrilməsi Moskvanın bölgədəki mövqeyini zəiflətsə də, Rusiyanın hələ də nüfuzlu aktyor olmaq potensialı var. Kortunovun təhlilinə görə: “Rusiyanın Suriyaya yatırdığı 20 milyard dolları keçən investisiyalar enerji, infrastruktur və müdafiə sektorlarında cəmləşib”.

Moskva Suriyanın aparıcı ticarət tərəfdaşlarından biri olaraq qalır. Suriyada sovet dövründən qalan rus simpatiyası hələ də güclüdür. Bu amillər Moskvanın Əsəddən sonrakı dövrdə Suriyadakı mövcudluğunu davam etdirməsi üçün güclü səbəblər yaradır.

Vaşinqtonda gözlənilən rəhbər dəyişikliyi ABŞ-ın Suriyadakı gələcək siyasəti ilə bağlı qeyri-müəyyənliklər yaradır. Amerika strategiyasının aydın olmaması ərəb liderləri Moskva ilə dialoqu inkişaf etdirməyə sövq edə bilər.

Bəşər Əsəddən sonrakı Suriya həm yerli, həm də beynəlxalq aktyorların yeni tarazlıq axtardığı bir dövrə qədəm qoyur. Ölkədəki dərin etnik, məzhəb və siyasi fərqliliklər sabitliyi çətinləşdirir. Regional səlahiyyətlər öz prioritetlərinə yönəlib.

Moskva iqtisadi və diplomatik üstünlükləri ilə Suriyada fəal oyunçu olmağa davam edə bilər. Lakin ölkənin gələcəyi bütün bu aktyorların əməkdaşlıq edib-etməməsindən asılıdır. Suriya üçün siyasi oyun yeni başlayır.

Seçilən
24
hafta.az

1Mənbələr