AZ

İqlim sammitinin turizmə təsiri

Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Gülnar Mustafayeva COP29-da iştirak etmək üçün ölkəmizə gələn on minlərlə xarici vətəndaşın Azərbaycanın tarixi, mədəniyyəti, maddi və mədəni-milli irsi ilə, müasir infrastrukturla tanışlığına, onların respublikamızın ekoturizm və aqroturizm kimi yeni sahələrinin geniş potensiala malik olması haqqında məlumatlarının artırılmasına böyük töhfə verdiyini bildirib.

O vurğulayıb ki, respublikamızda belə bir geniş miqyasda mötəbər sammitin keçirilməsi Azərbaycanın turizm imkanlarının təbliğ edilməsinə və bu istiqamətdə müsbət imicin formalaşdırılmasına müsbət təsir göstərib.

Tədbir zamanı minlərlə xarici media nümayəndəsinin ölkəmizə gəlməsi, həmçinin konfransın dünya mediasının diqqətində saxlanılması Azərbaycanın biznes və işgüzar turizm potensialının tanıdılması üçün geniş imkanlar yaradıb. COP29 kimi tədbirlər beynəlxalq standartlara uyğun xidmətin təşkili üzrə turizm sənayesində, xüsusilə hotelçilik sahəsində təcrübənin formalaşmasına, turizm sənayesi ilə əlaqəli olan kiçik və orta sahibkarlığın inkişafına mühüm töhfələr verib.

G.Mustafayeva vurğulayıb ki, ümumilikdə, bir sıra beynəlxalq tədbirlər kimi, COP29-un ölkəmizdə keçirilməsi turizm sektorunda həm qısamüddətli, həm də uzunmüddətli müsbət təsirlərə malik olur. Belə nüfuzlu konfranslar xidmət keyfiyyətinin artırılması ilə birgə, göstərilən xidmətlərin sayının və çeşidliliyin çoxalmasını şərtləndirməklə turizmi sənayenin inkişafını da sürətləndirir.

Mətbuat katibi sonda bildirib ki, COP tarixində ilk dəfə turizmin COP29-un fəaliyyət gündəliyinə salınması, tematik turizm gününün keçirilməsi, bu mövzuda ilk nazirlər görüşünün təşkili, turizmin iqlim dəyişmələrində rolunu ifadə edən “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi”nin qəbul olunması kimi əhəmiyyətli məsələlər ölkə və qlobal turizm sənayesinin sürətli inkişafı baxımından təqdirəlayiq hadisələrdir.

Seçilən
48
xalqqazeti.az

1Mənbələr