Suriya müxalifəti daha əvvəl ölkənin şimal-qərbində üsyançıların nəzarətində olan hissəsinə rəhbərlik etmiş Məhəmməd əl-Bəşiri keçid hökuməti qurmaq üçün təyin edib. Vətəninfo.az xəbər verir ki , bu barədə “The Brussels Times” Suriya telekanallarına istinadən xəbər verir.
Suriya mediası bildirib ki, Əl-Bəşir bu hökumətə keçidi həyata keçirmək və “ölkənin xaosa düşməsinin qarşısını almaq” üçün rəhbərlik edəcək.
Dekabrın 9-da Suriyanın baş naziri Məhəmməd əl-Cəlali hakimiyyətin müxalifətə verilməsinə razılıq verib. Reuters agentliyinin mənbəsi bildirib ki, müxalifətin əsas komandiri Əbu Məhəmməd əl-Culani (əsl adı Əhməd Hüseyn əl-Şara) keçid hökumətini müzakirə etmək üçün baş nazir Məhəmməd əl-Cəlali və vitse-prezident Feysal Miqdad ilə görüşüb. Cəlali deyib ki, hakimiyyətin ötürülməsi bir neçə gün çəkəcək.
Keçid hökumətinin başçısı Məhəmməd əl-Bəşir bundan əvvəl 2017-ci ildə Suriya vətəndaş müharibəsi zamanı “Həyat Təhrir əl-Şam” qruplaşması və digər müxalif qruplar tərəfindən yaradılmış “Suriya Qurtuluş Hökuməti”nə rəhbərlik edib. “Suriya Qurtuluş Hökuməti” ölkənin şimal-qərb bölgələrinin əksəriyyətinə nəzarət edir.
Dekabrın 8-də silahlı müxalifət paytaxt Dəməşqi ələ keçirib. Suriya prezidenti Bəşər Əsəd ölkəni tərk edib və nəşrlərin yazdığına görə, Rusiyadan sığınacaq alıb.
Suriyada insanlar normal həyata qayıtmağa çalışırlar. Reuters-in məlumatına görə, banklar dekabrın 10-da açılacaq. Neft Nazirliyi bütün işçilərini işə qayıtmağa çağıraraq, onların təhlükəsizliyini təmin etmək üçün mühafizənin həyata keçiriləcəyini bildirib.