AZ

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyətə çağırış etdi

Image

Ermənistan tərəfindən doğma yurdlarından zorla çıxarılmış çoxsaylı azərbaycanlıları özündə birləşdirən və onların qayıdış hüququ uğrunda mübarizə aparan Qərbi Azərbaycan İcması olaraq, biz 10 Dekabr Ümumdünya İnsan Hüquqları Gününə xüsusi önəm verdiyimizi vurğulamaq istəyirik.

Bu barədə Qərbi Azərbaycan İcmasının 10 Dekabr Ümumdünya İnsan Hüquqları Günü münasibətilə yaydığı bəyanatda deyilib.

"İnsan hüquqlarının universal əsaslarını təşkil edən və bizim qayıdış hüququmuzun da mənşəyi olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi münasibətilə təsis edilmiş Ümumdünya İnsan Hüquqları Günü bizim haqq işimiz üçün mühüm istinad nöqtələrindən biridir.

Bu mühüm gündə Ermənistanın Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar etməklə, insan hüquqlarını kobud şəkildə pozmağa davam etməsindən dərin narahatlığımızı bir daha ifadə edirik.

Həmçinin, bəzi xarici ölkələrin etnik və dini ayrı-seçkilik siyasəti nəticəsində bütövlükdə Azərbaycan xalqının böyük ədalətsizliklə üzləşməsindən ciddi narahatlığımızı bildiririk. Əlavə narahatedici hal ondan ibarətdir ki, bu ölkələr Azərbaycanfob, ayrı-seçkilik siyasətlərini insan hüquqları adı altında pərdələməyə çalışırlar. İnsan hüquqlarına ən böyük zərbəni məhz bu cür ikiüzlü siyasətlər vurur. Biz mahiyyətcə irqçi olan bu yanaşmaları qətiyyətlə pisləyir, bu cür hərəkətləri ifşa etmək üçün gələcəkdə də səylərimizi əsirgəməyəcəyimizi bildiririk.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin Ermənistanın 30 illik işğalına son qoymasını və bununla da yüz minlərlə keçmiş məcburi köçkünün hüquqlarının bərpasını alqışlayırıq. Həmçinin, qeyd etməliyik ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların dinc şəkildə qayıdış hüququnun təmin edilməsisahəsində göstərdiyi səylər, o cümlədən, İcmamız tərəfindən 5-6 dekabr 2024-cü il tarixlərində keçirilmiş qayıdış hüququna dair ikinci beynəlxalq konfransa göndərdiyi tarixi müraciəti bizim qayıdış hüququmuza və bütövlükdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin icrasına böyük töhfədir.

Biz beynəlxalq ictimaiyyəti Qərbi azərbaycanlıların qayıdışı sahəsində davam edən səyləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə xidmət edən mühüm töhfə kimi alqışlamağa və dəstəkləməyə çağırırıq",- deyə bəyanatda bildirilib.

ZÜMRÜD





Seçilən
23
25
baki-xeber.com

10Mənbələr