10 dekabr dünyada İnsan Hüquqları Günü kimi qeyd edilir. Bu gün, insan ləyaqəti, bərabərlik və ədaləti qoruyan fundamental prinsipləri yada salmaq və qlobal miqyasda əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Builki mövzu "Hüquqlarımız, Gələcəyimiz. Elə İndi" devizi altında təşkil olunur.
QHT.az xəbər verir ki, BMT-nin Azərbaycan nümayəndəliyindən bildirilib ki, bu şüar insan hüquqlarının, xüsusilə də cəmiyyətin ən həssas qruplarının hüquqlarının qorunmasının vacibliyinə diqqət çəkir. Şüarın əsas qayəsi hər kəsin hüquq və azadlıqlarının təmin olunması ilə daha parlaq gələcək qurulmasına töhfə verməkdir.
İnsan Hüquqları Günü, 1948-ci ildə qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ildönümünə təsadüf edir. Bu sənəd hər bir insanın hüquqlarını müdafiə edən qlobal standartdır. Bu günü qeyd etməklə, dünya ictimaiyyəti, hüquqların təmin olunmasında həmrəylik göstərərək daha bərabər və ədalətli cəmiyyətlərin qurulmasına çağırır.
Cəmiyyətin hər bir fərdi, xüsusilə də gənclər və həssas qruplar bu məsələdə fəal iştirak etməli və insan hüquqlarının qorunmasına dəstək olmalıdır. İstər dövlət qurumları, istərsə də qeyri-hökumət təşkilatları bu sahədə öz töhfələrini verməyə davam edir. İnsan Hüquqları Günü çərçivəsində ölkə daxilində müxtəlif tədbir və layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu təşəbbüslər hüquqların qorunması və hüquqi biliklərin artırılması istiqamətində mühüm addımlar atmağa xidmət edir.
Pərvanə Fərhadqızı