Bu ilin yanvar-noyabr aylarında sahibkarların investisiya layihələrinə verilən güzəştli kreditlərin sayına görə 5 bank fərqlənib.
Sahibkarlığın İnkişafı Fondunun (SİF) məlumatına görə, hesabat dövründə "Bank Respublika" üzrə kreditlərin sayı 1520 vahid, "Rabitəbank" üzrə 1105 vahid, "AccessBank" üzrə 848 vahid, "Yelo Bank" üzrə 513 vahid və "Aqrarkredit" üzrə 296 vahid təşkil edib.
Sahibkarlara verilən güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarının siyahısına isə "Bank Respublika" (47,2 milyon manat), "Rabitəbank" (30 milyon manat), "AccessBank" (23,9 milyon manat), "Yelo Bank" (20,9 milyon manat) və "Kapital Bank" (19,6 milyon manat) daxildir.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Fond tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 5144 layihənin maliyyələşdirilməsinə 211,7 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 3861 yeni iş yerinin yaradılması nəzərdə tutulur.