AZ

Dövlət qeydiyyat nişanları aydın şəkildə görünməli və bilinməlidir -RƏY

Dövlət qeydiyyat nişanlarını təmiz saxlamayan sürücülər cərimələnəcək.
"Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, qanunvericiliyə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır:
"Son günlər müşahidə olunan yağmurlu hava şəraiti ilə əlaqədar avtomobillərin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdır. Təəssüf ki, bəzən yağmurlu hava şəraitindən sui-istifadə edərək avtomobilinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməyən, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirən sürücülərə rast gəlinir ki, bu da xoşagəlməz nəticələrə səbəb olur".

Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, avtomobil idarə olunarkən onun dövlət qeydiyyat nişanları təmiz vəziyyətdə olmalıdır:

“Günün qaranlıq saatlarında isə işıqlandırılmalıdır. Bu yol hərəkəti haqqında qanunda da təsbit olunub və İnzibati Xətalar Məcəlləsində də var. Yəni yeni qərar deyil. İndi məsələnin aktuallaşması artıq payız, qış mövsümü ilə əlaqəlidir. Məlumdur ki, bu mövsümdə yağışlı və palçıqlı havalar çox olur. Sürücülər üçün bir daha xatırlatma edilir ki, yadda saxlasınlar və dövlət qeydiyyat nişanlarını təmiz saxlasınlar. Dövlət qeydiyyat nişanları Yol Patrul Xidmətinin əməkdaşları və xüsusi qurğular üçün aydın şəkildə görünməli və bilinməlidir”.

Nəqliyyat eksperti İlqar Hüseynli isə bildirdi ki, dövlət qeydiyyat nişanları oxunan şəkildə olmalıdır:

“Birincisi bilirik ki, müxtəlif formada az və yüngül dərəcəli xəsarətlərə gətirib çıxaran qəzalar olur. Bəzən bu qəzaların hansı sürücü tərəfindən, hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək üçün qeydiyyat nişanı bilinməlidir. Əgər nömrə oxunaqsız vəziyyətdədirsə, bunu müəyyən etmək çətin olur. Eyni zamanda, Dövlət Yol Polisinin əməkdaşları tərəfindən baş verən cinayətlərin inzibati xətaların və qəza hallarının fiksasiya olunması, tanınması məsələlərində problem yaradır. İkincisi isə estetik olaraq nəqliyyat vasitəsinin görünüşündə xoşagəlməz vəziyyət yaranır. Həmçinin nəqliyyat vasitəsinin qeydiyyat nişanının üzərində olan toz, torpaq, çirkli, palçıqlı, zibillər şəhərdə hərəkət edərkən şəhərə tökülərək ekoloji cəhətdən problemlər yaradır. Yəni bütün bunların hamısı birbaşa qanunla tənzimlənən məsələdir. Qanun deyir ki, qışın hansı havasında olursan ol maşın sürərkən dövlət qeydiyyat nişanı görünən şəkildə olmalıdır”.
Seçilən
36
sherg.az

1Mənbələr