AZ

Ərəbistanda aləmi bir-birinə qatan türkiyəli hakimə ÇL-də oyun verildi

Türkiyəli hakimlər tək ölkə daxilində yox, ölkə xaricində də narazılıq yaratmaqda davam edirlər.

Məlum olduğu kimi Türkiyənin hazırda ən yaxşı hakimi sayılan Xəlil Umut Meler noyabrın 30-da Səudiyyə Ərəbistanı çempionatının 12-ci turu çərçivəsində keçirilən ''Əl-Şabab'' - ''Əl-Hilal'' oyununu idarə etmişdi. Hər iki komandanın azlıqda qaldığı qarşılaşmada Jorje Jezuşun çalışdırdığı ''Əl-Hilal'' Vitor Pereyranın çalışdırdığı ''Əl-Şabab''ı 2:1 hesabı ilə məğlub etmişdi. Melerin idarəçiliyi xüsusilə meydan sahibləri tərəfindən çox ciddi narazılıqla qarşılanmış, Pereyra da türkiyəli hakimi tənqid etmişdi.

''Əl-Şabab'' rəhbərliyi məsələni bir qədər də irəli daşıyaraq bu günlərdə Melerdən yerli federasiyaya şikayət etdi. Bu arada Səudiyyə Ərəbistanı Hakimlər Komitəsinin sədri Manuel Navarro son açıqlaması ilə diqqət çəkib. O, Melerin bir daha ölkə çempionatına dəvət olunmayacağını bildirib: ''Xəlil Umut Meler son qarşılaşmada nəticəyə təsir edən səhvlərə yol verdi. Bu üzdən onu bir daha çempionat oyunlarına dəvət etməyi planlaşdırmırıq''. Səudiyyə Ərəbistanı mətbuatında da bu məsələyə geniş yer verilib. Bir yazıda qeyd olunub ki, türklər özləri hakimlərindən narazıdılar və Türkiyə çempionatına əcnəbi hakim dəvət etmək istəyirlər. Ona görə də türkiyəli hakimin çağırılması düzgün deyil.

Maraqlıdı ki, bu qalmaqalın fonunda Xəlil Umut Meler yenə Çempionlar Liqasında önəmli bir oyuna təyinat alıb. 38 yaşlı ədalət təmsilçisi bu gün Helzenkirhendə keçiriləcək ''Şaxtyor'' - ''Bavariya'' matçını idarə edəcək. Meler 4 mövsümdü, ÇL matçlarına təyinat alır və bu, onun bu turnirdə idarə edəcəyi 13-cü qarşılaşma olacaq.

ƏLİ

Seçilən
30
football-plus.az

1Mənbələr