AZ

Qan durulducu dərmanları ölüm riskini artıra bilər

  “Qan durulducu dərmanların nəzarətsiz istifadəsi ölüm riskini artıra bilər”.

News24.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bununla bağlı türkiyəli professor Özgür Mehtap açıqlama verib.

Professorun sözlərinə görə, qan durulducu dərmanların nəzarətsiz istifadəsi ciddi qanaxmalara səbəb ola və ölüm riskini artıra bilər: “Qan laxtalanması damar tıxanmasına (tromboz) səbəb olur. Bu da dünyada ölüm hallarının 25 faizinin əsas səbəbidir. Ürək damarlarında tıxanma infarkt, beyin damarlarında tıxanma isə insult yarada bilər. Ağciyər damarlarında tıxanma nəticəsində emboliya və tənəffüs çatışmazlığı meydana gəlir. Yüksək riskli insanlara profilaktik olaraq tətbiq edilən qan durulducu müalicələr trombozun qarşısını almaq məqsədi daşıyır. Lakin bu dərmanların həkim nəzarəti olmadan istifadəsi qanaxma riskini artıra bilər. Hansı şəxsə, hansı növ və müddətdə qan durulducu dərman istifadə olunacağına yalnız həkim qərar verməlidir. Özbaşına bu cür dərmanlardan istifadə etmək təhlükəlidir”.

Ö.Mehtap qan durulducu dərmanların fərqli təsir mexanizmlərinə malik olduğunu və hər bir xəstə üçün fərdi seçimin vacibliyini vurğulayıb: “Trombositlərin funksiyasını təsir edən və ya laxtalanma sisteminin ikinci hissəsinə təsir edən dərmanlar fərqli formada təsir edir və ciddi qanaxma təhlükəsi yarada bilər. Bir xəstə iki fərqli qan durulducu dərmanı birlikdə istifadə etdikdə ciddi beyin və böyrək qanaxması baş verə bilər. Bundan əlavə, həkimin xəbəri olmadan qan durulducu dərmanlardan istifadə gizli qanaxmalara və anemiyaya səbəb ola bilər”.

“Damar tıxanmasının qarşısını almaqda fiziki aktivlik mühüm rol oynayır. Hər gün ən azı 5-6 min addım atmaq və oturaq işlərdə çalışanların hər iki saatda bir neçə dəqiqə hərəkət etməsi qan dövranını yaxşılaşdırmağa kömək edir. Sağlam həyat tərzi əhəmiyyətlidir. Piylənmə, siqaret çəkmə və qeyri-sağlam qidalanma kimi risk faktorlarının aradan qaldırılması zəruridir. Bəzi insanların damar tıxanması riski daha yüksəkdir. Genetik pozğunluqları, ürək-damar xəstəlikləri və ya aritmiya problemi olanlar, ağır əməliyyat keçirənlər və uzun müddət xəstəxanada qalan xəstələr bu qrupa daxildirlər. Hamiləlikdə yüksək risk daşıyan qadınların da xüsusi diqqətə ehtiyacı var. Bu mövzuda insanların yalnız həkim nəzarəti altında qan durulducu dərmanlardan istifadə etmələrinin əhəmiyyətini bir daha xatırladıram”, - deyə Özgür Mehtap əlavə edib.  

Seçilən
23
1
referans.az

2Mənbələr