AZ

Aİ liderləri dekabrın 19-da Suriyadakı vəziyyəti müzakirə edəcək

Avropa İttifaqının dövlət və hökumət başçıları dekabrın 19-da keçiriləcək ilin son sammitində Suriyada Bəşər Əsəd hakimiyyətinin bitməsindən sonra yaranmış vəziyyəti müzakirə edəcəklər...

“Report” xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antoniu Koşta “X” sosial şəbəkəsində bildirib.

Suriya Avropa Şurasının dekabrın 19-da keçiriləcək sammitində müzakirə mövzusu olacaq”, - o yazıb.

Koşta vəziyyəti qiymətləndirmək üçün Yaxın Şərqdəki liderlərlə bu mövzuda sıx əlaqə saxladığını bildirib.

“İnsan hüquqlarına hörmət və azlıqların müdafiəsi, eləcə də ölkənin ərazi bütövlüyü Aİ üçün əsasdır”, - o əlavə edib.

Xatırladaq ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Dekabrın 8-də isə onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər.

Suriya Prezidenti Bəşər Əsəd elə həmin gün ölkəni tərk edib. Bir müddət onun təyyarəsini açıq mənbələr vasitəsilə izləmək mümkün olmayıb, hətta bəzi mənbələr onun təyyarəsinin qəzaya uğradığını ehtimal edib. Lakin sonradan Rusiyanın TASS agentliyi Kremldəki mənbəyə istinadən onun ailə üzvləri ilə birlikdə Moskvaya gəldiyini, Rusiyanın onlara sığınacaq verdiyini bildirib.

Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa dekabrın 8-də “TRT Haber” telekanalına açıqlamasında keçid hakimiyyətinin formalaşdığını elan edib.

Poliqon.info

Seçilən
58
50
poliqon.info

10Mənbələr